Siyasi lüğət - İYNƏ - YUMOR

- İP-İncik Partnyor
- AXCP-Azadkənd Xalq Cəbhəsi Partiyası
- Müsavat-Müsyo Vatt (Yəni Sem dayının partiyası)
(Allah Məmməd Nazimoğuna rəhmət eləsin)
-ASDP-Arazın Sinif Dostları Partiyası

"Söhbət səndən gedirsə..."

Tədbirlərin birində Vladimir Jirinovski pianino çalan Telman İsmayılova yaxınlaşıb deyir:
- Telman, "do"dan sonra nə gəlir?
Telman qımışır:
- Əgər söhbət musiqidən, notlardan gedirsə "re", yox, əgər səndən gedirsə "nuz".

Yanlışlıq

Ötən sayımızda İctimai Palata ilə  bağlı yazıda səhvə yol verilib. "Müsavat başqanı İsa Qəmbər İctimai Palataya daxil olan partiyaların sədrlərini  topladı" cümləsi AXCP-yə meylli korrektorun xətası üzündən belə verilib: "Müsavat başqanı İsa Qəmbər İctimai Palataya daxil olan partiyaların sədrlərini tovladı" kimi verilib.

Düzəliş

Son nömrəmizdə Ermənistan prezidenti Serj Sərkisyanın İrəvanda xalqla görüşdə söylədiyi fikirlərdə səhv gedib. Oxuculardan xahiş olunur ki, "Serj Sərkisyan xalqa müraciətlə dedi: "Mən sizi düdüklüyə çağırıram"" cümləsini belə oxusunlar: "Serj Sərkisyan xalqa müraciətlə dedi: "Mən sizi müdrikliyə çağırıram".

"Hayatını kayb edib"

Türkiyədə təhsil almış keçmiş məzunlardan biri tanışı ilə söhbət edir:
-Bilirsən, kurs yoldaşımız Fatihin nişanlısı ölüb.
- Hardan bildin?
-  Facebookda dostları yazır ki, hayatını kayb etdi. Onun "həyat"ı Nərmin idi. Görünür. Nərmin ölüb. Nərmini kayb edib.

Facebook deyimləri və zərb məsəlləri

-Toyda xanım kimi geyinib, xanım-xatın hərəkət edən bəzi qızlar, toyun sonunda gül atma mərasimində kornerdən top gözləyən ingilis futbolçularına oxşayırlar.
-Hər "Neynirsən" sualıma "Heç" deyə cavab verən bir dostum var. İllərdir neylədiyindən xəbərim yoxdur.
- Nənəmə deyirəm, ay nənə, sənə gələn mənə gəlsin. Deyir, a bala, elə demə. Daha bilmir ki, pensiyasını nəzərdə tuturam.
- Yuxuda gördüm ki, 5-6 nəfər məni döyür.Tez oyandım. İndi dostlarımı yığıb gedirəm yatmağa.
- Yalnız bizdə filə baxıb deyirlər eşşək boydadı.
- Yol polisinin saatlarla əziyyət çəkib saxlaya bilmədiyi aftoşu qızlar 30 saniyəyə saxlayır.

"Adın nədir?"

Nurəddin Məmmədlinin orta məktəbdə müəllim işlədiyi vaxtlardır. Bir gün Nurəddin pəltək bir uşaqdan soruşur:
- Oğlum, sən nə şirinsən, sənin adın nədir? Ya da dur, sən ilk hərfini de, əmi özü tapsın...
- Y-dır əmi..
- Yusif?
- Yox.
- Yasin?
- Yox.
- Yadulla,....
- Yadigar?
- Yox ee!..
-Nədir bəs adın, oğlum?
- Yamazan.

"Tərgitmişəm"

Toydan çıxan, kefi kök ata siqareti oğluna uzadıb diyir:
- Oğul, götür, çək, artıq böyümüsən...
- Yox, ata olmaz!
- Niyə?
- İki həftədi çəkmirəm,  güclə tərgitmişəm.

"Ağlına pis fikirlər gətirmə"

Müğənni Təranə anasına deyir:
-Ana, ərim evə gəlməyib, yəqin sevgilisi var e...
Ana təmkinlə:
- Az, kiri, ağlına pis fikirlər gətirmə, bəlkə maşın vurub.

Yeniyetmə yaradıcılığından

-Özünə hörmət edən ağcaqanad gecə vaxtı köməksiz olan bir insana hücum eləməz!

"Beş-on manat verin, bizi o siyahıya salmasınlar"

Mənzil İstismar İdarəsində söhbət.
- Rəis, bizim idarəni rüşvətxorlar siyahısına salıblar.
Rəis təmkinlə:
- Bizdə rüşvət-zad yoxdu, səhv eləyiblər. ...Dedim axı, beş-on manat verin, bizi o siyahıya salmasınlar.

Narkomanın təsəllisi

Narkotik aludəçisi alkaşa replika atır.
- Alə, içib yerdə sürünməkdənsə, çəkib göydə uçaram.

"O qədər də bahalı demədim"

Tanınmış aktyor Müdhət Aydının tələbə vaxtlarıdır. Bir gün sevgilisinə hədiyyə alan Murik  deyir:
- Əzizim, sənə bahalı hədiyyə almışam...
Müdhəti yaxşı tanıyan qız kefsiz halda:
- Əşi, sənin adlığın nə olacaq e? Yəqin 7-8 manatlıq bir şeydi.
Müdhət söz altda qalmır:
- Yox ta! O qədər də bahalı demədim axı...

"Sulamışam, tük çıxsın, qırxacam"

Ağdamın Quzanlı kəndi. Nəsimi Məmmədlinin yeniyetmə vaxtlarıdır. Bir gün Nəsimi  dəllək (bərbər) Rasimi dolamaq üçün onun salonuna  gəlib deyir:
- Mənim saqqalımı qırx!
Rasim kişi görür ki, uşaq bunu dolayır. Gedib bir tərəfdə oturur. Nəsimi soruşur:
- Sənə demədim, saqqalımı qırx!
Rasim deyir:
- Bala, üzünü suladım, gözləyirəm tük çıxsın. Çıxan kimi qırxacam.

"İçkini tərgitmişəm..."

Robert Köçəryanın alkaş vaxtlarıdır. Bir gün Robik restorana girib qarsona sifariş verir:
- İki şiş kabab, 3 badə araq.
Qarson təəccüblə:
- Bəs niyə üç badə?
- İkisini qardaşımın yerinə içəcəcm.
Ertəsi gün Robik eyni yeməyi və 2 badə araq sifariş edir.
Qarson təəccüblə:
- İki niyə?
Robik dilxor halda:
- Mən içkini tərgitmişəm...

"Gözlədim ki, üç nəfər də gəlsin"

Aşıq Zülfiyyə evə gec gəlmiş oğluna:
- Evə niyə gec gəldin, övladım?
Oğlan:
- Liftin girişində elan yazılmışdı: "Liftə dörd nəfərdən artıq minmək olmaz".
- Hə, nə olsun? Minib gələrdin də.
- Gözlədim ki, üç nəfər də gəlsin.

Ağız ədəbiyyatı

Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.

Mən aşiqəm Kazanda,
Həştərxanda, Kazanda.
Nəfsinə gücü çatmır,
Gözü qalır qazanda.
     (Ramazan ayında Zahid Oruc haqqında yaranıb)


Mən aşiqəm Tiflisə
İrəvana, Tiflisə.
İşrətə gedə bilmir
Yoluxubdu Sifilisə.
(Bako Saakyan haqqında Moskvada yaranıb)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31