Durdurmasan Bəyturanı… - İYNƏ - YUMOR

İki partiyanın mühafizi, Türk Millətçi Partiyasının genel başqanı və Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturanın qəfildən Gürcüstan paytaxtı Tiflisdə görüntülənməsi Rusiyada təlaş izlənilir. "İynə"yə sızan bilgiyə görə, Moskva ətrafında toplanan rus dərin dövləti bu faktdan hiddətlənib və Kremli təcili tədbirlər görməyə çağırıb. Generallar Kremlə sərt mesaj göndəriblər: "Bəyturanın Tiflisdə görüntülənməsi təsadüf deyil. Vüqar ABŞ-Türkiyə-Britaniya üçlüyünə daxil olan fiqurdur. Böyük ehtimalla, Gürcüstandakı türkləri devrilmiş prezident Mixail Saakaşvilinin ətrafında birləşdirməyə gəlib. Qəti addımlar atmasanız, Bəyturan İvanişvilini və onun prezidentini devirəcəck". Məktub bu sözlərlə bitir:   Durdurmasan Bəyturanı,

Quracaq bir gün Turanı!

Müsahibə

KXCP sədri Mirmahmud Mirəlioğlu ilə ekslüziv müsahibə.

- Ağa, İsa Qəmbər başqanlıqdan getsə nə olar?

- Arif Hacılı başqan olar.

- Əli Kərimli AXCP-dən getsə, nə olar?

- AXCP olmaz.

- Araz Əlizadə ASDP-dən getsə, nə olar?

- ASDP partiya olar.

- Xəzər haqqında nə deyə bilərsiniz?

- Dəniz, yoxsa müavinim Xəzər?

- Müavininiz.

- Ancaq xoş sözlər.

- Dünyanın işləri necə olacaq?

-  Dünyanın işləri nətəhər yazılıbsa, elə də olasıdır. Qəzavü-qədərdən qaçış yoxdu!

Ağız ədəbiyyatı

Siyasətçilər, deputatlar və digər tanınmışlar haqqında yaranmış şihafi xalq ədədbiyyatı nümunələri

Əzizinəm gəmidə

Yüküm gəlir gəmidə.

Pirləri təbliğ edir

Nə deyim mən Həmidə?

(Həmid Herisçi barədə ateistlər klubunda yaranıb)

Mən aşiq Qarabağda

Şuşada, Qarabağda

Gedə bilmirəm yağı,

Yurd salıb Qarabağda.

(Kəleybərdə yaranıb)

Mən aşiqəm Turana

Ulu yurda-Turana,

Hər ay Anadoludan

Pay gəlir Bəyturana.

(Masallıda Vüqar Bəyturan haqqıdan yaranıb)

"Axırda da bir eşşək tapılır"

Bir gün Aşot arvadına deyir:

-Siz qadınlar heyvanlara minnətdar olmalısız.

Arvad:

-Niyə, a kişi?

- Necə yəni niyə? Hər gün ilan dərisindən ayaqqabı, timsah dərisindən çanta, tülkü dərisindən şuba alırsız. Axırda da bir eşşək tapılır və bunların pulunu verir.

30 illik qazanc yerini batırdı

Ermənistan. Tanınmış həkimlərdən biri öz işini oğluna tapşırır. Oğlu səhər işdən evə sevinclə qayıdaraq deyir:

-Ata, məni təbrik elə, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir  gündə müalicə elədim. Təbib əsəbləşib oğlunun başına bir qapaz vurur:

- Ay qanmaz, neyləmisən? Mən 30 ildi ailəmi o xəstənin hesabına saxlayırdım e.

"Görünür, taksi ilə gedəcəm"

Rusiya liberal demokratların lideri Vladimir Jirinovski evdən çıxanda xanımı deyir:

- Ay kişi, pul ver, marşrutla işə gedəcəm.

Volodya 20 rubl çıxarır və deyir:

- Al bunu, xırda yoxdu. Arvad guya təəssüflə:

- Hmm, deməli taksiylə getmək zorunda qalacam.

"Üşüməyə hazrıraşıram"

Qobuda yaşayan jurnalist Kamil Həmzəolundan soruşurlar:

- Kamil, qışa nə hazırlamısan?

Kamil əsəbi halda:

- Nə hazırlayacam, yaxşıca üşüyüb titrəmək.

"Birinci texnikanı vurmaq lazımdır"

Birinci Qarabağ müharibəsi. Ağdərə istiqaməti. Bizimkilər olan səngər. Erməninin eşşək üstündə səngəri keçdiyini görən bölük komandiri tağım komandiri Üzeyir Cəfərliyə komanda verir:

- Düşməni vur!

Üzeyir atəş açıb eşşəyi vurur.

Komandir əsəbləşir:

  • Eşşəyi niyə vurusan? Erməni qaçdı axı...

Üzeyir işinə haqq qazandırır:

 - Komandir, məncə birinci texnikanı vurmaq lazımdır.

"Evdə də dovşanım var axı"

Xalq artisti Məleykə Əsədovanın qızının oxuduğu sinif. Müəllim qızdan soruşur:

-Ağıllı bala, bax, mən sənə iki dovşan verirəm, anan da birini alır. Neçə dovşanın olur?

Qız cəld dillənir:

- Dörd dovşanım olur.

- Elə niyə? Düz say.

Qız:

 - İkisini sən verirsən, birini anam alır, bu elədi 3, evdə də dovşanım var axı.

"Elə bilirdin romantikəm"

Yeni evlənmiş cütlük söhbət edir. Qız narazı halda:

-Bilsəm kasıbsan, sənə ərə gəlməzdim.

Oğlan:

- Bə nə idi? Yoxsa, sənə "tək varlığım sənsən" deyəndə elə biliridin, romantikəm?

Statuslardan seçmələr

Ünlü yazarlardan seçmə statuslar. Həmkar dostlarımız adətən statusları bu ruhda yazırlar.

İlqar Rəsul:

- Çıx qəlbimdən. Ora sənin üçün yataqxana zad deyil!

 

Məşədi Cəfər:

 

- Hamımız Yer kürəsində kirayəşənik. İntəhası, işıq havayıdır.

- Sən gələn yollara gül düzərdim ha, amma qorxuram ki, sən çatmamış xadiməçilər süpürüb atacaqlar.

-

Xaqani Səfəroğlu:

- Rembo, Vandam, Cimi...Sovet məktəblilərinin kumiri olan kişilər. Ömrümüz bu adamlara bənzəməklə keçdi.

- 80-ci illər. "Prapitka"lı, dəri gödəkçəli ümidli gənclik. Qabaqda maraqlı illər. O qədər uzaq olmayan 90-lar gözümün önündən kino lenti kimi  keçir...

Cəfər Mənsimi:

- Bu gün daha bir uğur qazandım. Marşrutda ayağa durub bir kişiyə yer verdim. Başımı sığallayıb bir konfet verdi, dedi: Sən böyük şəxsiyyət olacaqsan". Çox sevincliyəm. Gələcəyə ümidim artdı.

Kamil Həmzəoğlu:

- Qobu yolu bərbad gündədir. Bu barədə bir həftə ərzində iki dəfə status yazmışam. Amma hələ də əlaqədar təşkilatlardan, Nazirlər Kabinetindən, Bakı şəhər İcra hakimiyyətindən xəbər yoxdu. Başa düşmürəm, mən boyda jurnalistin statusun oxuyub nəticə çıxarmırlarsa, bu qurumlar saxlamağa nə ehtiyac var?

Vüsal Tağıbəylii:

- Yeniyetmə yaradıcılığından:

Biologiya dərsində müəllim dedi ki, balıqlar niyə danışmır? Dedim, alə, sənin başını suya soxsam, danışa bilərsən?

 

Fəlakət Daşqınov:

- Bu gün Şamaxıdan gəlirdim. Məndən 40 metr kənarda qəza oldu. "Jiquli" "Kamaz"a çırpıldı-çaqq! Əla! Əla! "Kamaz" aşdı-şaaarp! Əla! Əla! Sürücü qorxudan çığırırdı: ay mamaa!! Əla! Əla!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31