“Piyada sənin müəllimindi” - İYNƏ - YUMOR

Türk Millətçi Partiyasının bərkgedən vaxtlarıdır. Bir gün  Samir Adıgözəlli cavan bir oğlanı gətirib Vüqar Bəyturana təqdim e dir:

-Mənim tələbəmdi. Perspektivli bir gəncdi. Millətçidi, onu partiyaya üzv edək. İstərsən bir sual-cavab elə.

Bəyturan gənci sual-cavab edir:

- Atsız deyəndə ağlına ilk gələn nədir? (Başbuğ böyük milliyyətçi şair Nihal Atsızı nəzərdə tutur)

Gənc gözlərini döyərək:

- Atsız deyəndə ilk ağlıma gələn atı olmayan, piyadadır.

Bəyturan qəzəblənir:

- Piyada sənin müəllimindi! Dur, get bala. Səndən millətçi çıxmaz.

Başbuğdan yeni sözlər

Böyük Millət Partiyasının genel başqanı, nəhəng ictimai-siyasi xadim Samir Adıgözəllidən yeni sözlər.

Böyük öndər hesab edir ki, Arxangelsk, qədim türkcə "arxamca gəl", Kamçatka, "Gəmi çatdı", Çelovek "Çələbəy" deməkdir. Samir bəyin yeni mənalandırmalarına görə, Dzaqoyev soyadı da millidir. "Duza qoy" sözündəndir. 

İlqar Rəsuldan yeni sözoynatmalar

1. Ürəkdən yazılan yeganə mətn kardioqrammdı

2. Müsahib: 
- Bu uşaq söhbətlərini yığışdırın də... 
İlqar Rəsul: 
- Sizinlə ayrı nə söhbət eləmək olar ki?..

Facebook lətifələri

"Heç olmasa ütülə, geyin"

Nəvə evdə çılpaq gəzir. Nənə deyir:
- Bu nədi?
Nəvə deyir:
- Gecə paltarıdı.
Ertəsi gün nəvə də başlayır evdə çılpaq gəzməyə
Baba:
- Bu nədi?
Nənə:
- Gecə paltarı.
Baba:
- Heç olmasa ütülə, geyin da.

Duran adam

Azərbaycanın duran adamı kim olsa yaxşıdı?

Kim olacaq, Əhməd Oruc. Seçkinin bir addımlığında durdu.

"Sənin bir qəpiklik qiymətin yoxdu"

Robert Köçəryan arvadı ilə taksiyə minir. Taksi sürücüsünə deyir:

- İrəvandan Kalininoya neçəyə apararsan?

Sürücü:

- 100 drama.

Robik:

- Bəs, məni tək neçəyə apararsan?

- Elə həmin qiymətə-100 drama.   

Robik arvada baxıb irişir:

- Görürsən, arvad, sənin bir qəpiklik qiymətin yoxdu.

"Bəs çörək pulu qalmasın?"

İkinci Dünya müharibəsi, Polşa cəbhəsi. Rus komandir azərbaycanlı, gürcü və erməni əsgərləri çağırıb deyir:

- Hər düşmən əsgərinə 300 manat verəcəm. Gedin, gətirin.

Gürcü gedir, 20 əsgər gətirir, pulunu alır. Erməni gedir, 50 əsgər gətirir, pulunu alır.  Azərbaycanlı Mamed bir tabor-500 alman gətirir. Komandir görür ki, əsgər çoxdur, pulu da az. Bazarlığa başlayır:

-Mamed, gəl, 250-dən ver da... 

Mamed əsəbi halda:

- Qaqa canı, yeri yoxdur. 240-da elə özüm almışam. Bəs çörək pulu qalmasın? Aldım qoz, satdım qoz?

Facebook aforizmləri

- Verdiyin "xoşbəxtlik" boğazımda qaldı, bəlkə də ona görə "kürəyimdən vurdun"...

- İstəyirsən dəniz səviyyəsindən 4 min kilometr yüksəklikdə ol, adamın öz səviyyəsi başqa şeydi.

- Məşqçi neynir etsin, güc qol vurana düşür.  

Ya mitinqə, ya piketə...

Elman Türkoğluna dedilər, səni müxalifət liderləri çağırır. Dedi:

- Ya mitinqdə bayraq tutmağa, ya da piketə qışqırmağa çağırırlar.

"Tikanları gözünə girsin"

Jurnalist Xətai Əzizovun gənc çağlarıdır. Bir gün o, sevgilisinə məktub yazır: "Baharın ən gözəl anında açan çiçəklər var haaa...Rəngbərəng çiçəkləri ilə eşqi, yarpaqlarıyla sevgini anladan...Bax, o güllərin tikanları gözünə girsin"!

Qadın, kişi fərqi

Oğlanlar gözəl qadınları sevərlər, qadınlar isə yalnız sevdikləri kişinin gözəl olduğunu düşünərlər...

Yanlışlıq

Ötən sayımızda Ana Vətən Partiyası ilə bağlı yazıda səhvə yol verilib. "Millət vəkili, partiya sədri Fəzail Ağamalı seçki kampaniyasına başlamış Zahid Oruca xeyir-dua verdi, çağırış etdi" cümləsi işə piyan gəlmiş korrektorun xətası üzündən belə gedib: "Millət vəkili, partiya sədri Fəzail Ağamalı seçki kampaniyasına başlamış Zahid Oruca xeyir-dua vermədi, qarğış etdi".

"Bir gündə bu qədər iş görmüsən, ta ayrı neyləyəcəksən?"

Müğənni Əli Mirəliyev köhnə sovet maqnitofonunda Nİyaməddin Musayevin "Neynim" mahnısına qulaq asır. Müğənni oxuyur:

-Görüşdük biz, bir gündə

 Sevişdik biz, bir gündə

Ayrıldıq biz, bir gündə...  

Neynim, canım, neynim

Gözüm neynim, mən neynim?

 

Əli Mirəliyev qəzəblə deyir:

- Lənət şeytana! Qardaş, bir gündə bu qədər iş görmüsən, ta ayrı neyləyəcəksən?

Bezdirici suallar

Xalq artisti Məleykə Əsədovanın qızı anasından soruşur:

-  Ana portağal mandarinin anasıdı?

- Yox ikisi ayrı ayrı meyvələrdir.

- Bəs niyə bir-birlərinə oxşayırlar? Dadları da eynidi axı?

- Of, get başımdan! Sular kəsilib, onsuz da əsəbiyəm...

Qız soruşur:

- Suları bıçaqlamı kəsirlər?

- Xeyr, söz gəlişi elə deyilir...

- Söz hardan gəlir ki?

- Zəhləmi tökdün ha!

- Zəhlə hardan tökülür ki?

- Beynimi xarab elədin..

- Beyin xarab olanda, təzələmək olur?

- Bu gün sənə nə olub? Heç gözüm su içmir...

- Göz hardan su içir ki?

- A bala, dilin quruluşu elədir da. Mən neyləyim indi, hər sözə bir qulp qoşursan..

- Ana, dilini çıxar baxım, görüm. Quruluşu necədir...

Ana balaya bir şillə ilişdirib deyir:

- İtil başımdan, gözüm səni görməsin!

Qız ağlaya-ağlaya:

- Mən sənin başında deyiləm ki itilim. İtil, yanımdan de da.      

Noxud falı 

Namizədlər üçün

Hafiz Hacıyev- Bu seçki sizin üçün maraqsız olacaq. Noxudların düzülüşü göstərir ki, Araz Əlizadə sizdən aktivdi və önə keçəcək.     

Fərəc Quliyev- Noxudların düzülüşü göstərir ki, Çində, Orta Asiyada, Güneydə yaxşı hörmətiniz var. Amma təəssüf ki, onların səsi sayılmır.

Zahid Oruc- Fəzail Ağamalı əleyhinizə təbliğat aparacaq. Onun deputat olduğu bölgədən səs gözləməyin.

Hərənin öz marağı 

"Ağdamın "Qarabağ" klubu Quzanlıda, yoxsa Bakıda oynasın" müzakirələrinin getdiyi vaxtlardı. Hərənin ağzından bir avaz gəlir. Aqil Abbas  deyir ki, "Qarabağ" Quzanlıya getsin. Facebook əhli deyir ki, getməsin. Hücumçu Vüqar Nadirov deyir:

- Qaqa canı, düzdü Quzanlıdakı stadion yararsızdı, palçıqdı. Amma təkçə Hikmətin kafesində verilən lüləkababa görə, Quzanlıya getməyə dəyər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31