Əhməd Oruc tərəfdarları niyə qızdı? - İYNƏ - YUMOR
6 Sentyabr 2013 17:26 YumorƏhməd Oruc haqqında yayılmış bolşevik geyimli "Sən inək saxlayırsanmı" yazılı şəkil-plakat Qərb bölgəsində böyük narazılığa səbəb olub. Gələn qaynar xəbərlərə görə, milyonlarla orucsevər gələn həftədən aksiya keçirəcək, plakatı foto-montaj edib çoxaldanların cəzalandırılmasını tələb edəcəklər. Orucsevərlərin Bakıya yürüşü də planlaşdırılır. Gələn xəbərlərdən aydın olur ki, Əhməd Orucun elektoratı dəmir yolu, hava yolu və şosse yolunu nəzarətdə saxlayacaq, nəqliyyatın hərəkətinə mane olacaqlar. Orucsevərlərin daşa atan sapand, "raqatka" ilə silahlandığı gələn həyəcanlı xəbərlər sırasındadır.
Qaynar xəbərlər
-Dünən Kürdəxanıda təzə gəlin qaynar çayı qaynananın üstünə dağıdıb. Son aldğımız isti xəbərə görə, gəlinin qulağının dibi şillədən istilənib.
- Daha bir qaynar xəbər media ilə bağlıdır. Gələn aydan qaynar.com saytı fəaliyyətə başlayacaq. Saytda ancaq isti xəbərlərə yer veriləcək. Hətta hava haqqında xəbərlərdə belə ancaq isti hava haqqında məlumat veriləcək. Soyuq, yağışlı havadan danışılmayacaq.
Şok xəbərlər
- Ötən gün Bakı sirkin də maraqlı hadisə yaşanıb. Gədəbəydən sirkə baxmağa gəlmiş Əlövsət kişi ağ ayını görəndə şoka düşüb.
- Samuxlu Şakir kişi isə 29 yaşlı oğlu Zakirin Rusiyadan 40 yaşlı "xala" ilə dönməsindən şoka düşüb.
"Soyuq duş effektli" xəbərlər
- Aldığımız xəbərə görə, islamçıların Ədalət Partiyasının sədri İlyas İsmayılovu namizəd seçmələri ənənəvi müxalifətdə soyuq duş effekti yaradıb.
- Sülhəddin Əkbərin Açıq Cəmiyyət Partiyasını parçalayaraq özünə Doğru Yol Partiyası qurması xəbəri isə sabiq spiker Rəsul müəllimə şok effekti ilə təsir edib.
Yanlışlıq
Ötən sayımızda "İynə"nin köşə yazarı, şair Əhmədalı Qayalar haqqında yazıda səhvə yol verilib. "Gənc yazarlar arasında düşmənim yoxdur" cümləsi korrektorun xətası üzündən belə verilib: "Gənc yazarlar arasında düşmənim çoxdur".
Əfsanə geri dönür
"İynə"nin mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, türk millətçilərinin mənəvi atası, böyük siyasətçi, ictimai-siyasi xadim, iki partiyanın mühafizi, alovlu vətənpərvər, əqidəli ülküçü Vüqar Bəyturan siyasətə dönür! Bu sevindirici xəbəri milliyyətçi düşərgədən almışıq. Məlumatda bildirilir ki, Bəyturan köməkçilərindən birinin "Bəy, nə zaman dönürsən e, elektorat cavab gözləyir" sualına qımışaraq, "gedin, hazırlaşın, gəlirik," cavabını verib. Ehtimal edilir ki, Bəyturan prezident seçkilərindən həmən sonra siyasətə dönəcək. "Əfsanə dönür" xəbəri türk dünyasında, türk ellərində böyüş coşğu ilə qarşılanıb. Uyğurustanda yaxın günlərdə "Gəl, Vüqar, bizi bu bəladan qurtar" şüarı ilə böyük aksiya keçiriləcək. Masallının Kolatan kəndində manıs İsrail Məmmədovun "Sən gələndə sular axır, çağlayır, Sən gələndə günəş doğur təzədən" mahnısı hitə çevrilib. Güneydən gələn məlumatda deyilir ki, Bəyturanın dönüşündən qorxuya düşmüş molla rejimi Urmiya gölünə su axıtmağa hazırlaşır.
Milli Qurtuluş Partiyasında çevriliş
Aldğımız məlumata görə, çevrilişi Bəyturan tərəfdarları hazırlayır. Onların hədəfi Məhəmməd Hatəmi Tantəkini liderlikdən uzaqlaşdırmaq, bu posta Vüqar Bəyturanı gətirməkdir. Sədr vəzifəsi isə bir müddət boş qalacaq. Bəzi məlumatlara görə, Bəyturan sədr postuna mətbuatda çalışan dostlarından birini gətirmək istəyir.
"Layk eləməsəm..."
Gənc şair Cəlil Cavanşir facebook şəbəkəsindəki səhifəsində belə bir statsu paylaşır: "Yeni kitabım hazırdı. Nəşr etdirmək istəyirəm. Kömək etmək istəyən yazsın". Publisist Ceyhun Musaoğlu yazır: "Mən kömək edəcəm. Hökmən edəcəm. Lazımdı".
Şaiq inboxa yazır ki, abi, necə kömək edəcəksən. Ceyhun özünü itirimir:
- Mən reklama kömək edərəm. Çap elə, facebookda paylaş, layk eləməsm, adam deyiləm!
"Bankda tanışım var"
Rey Kərimoğlu metroda Ramil Osmanlını görür. Söhbət edirlər. Ayrılanda Rey soruşur ki, bankda tanışın var? Ramil deyir ki, hə, o qədər var ki...
Bir gün Rey Ramilin ofisinə gəlib deyir:
- Gedək, mənə kredit alaq.
- Hardan?
- Bankdan da. Dedin axı, tanışın var...
Ramil gülür:
- Rəhmətliyin oğlu, 5 ildi 3-4 banka borcum var, hər həftə birinə girirəm, faiz verməyə. Artıq o banklarda məni üzdən çox adam tanıyır. O mənada demişəm də.
"Sən atana etməsəydin..."
Atam mənə dedi ki, mənə etdiyini övladından görəcəksən...Mən də dedim ki, sən atana etməsəydin, məndən görməzdin.
Facebook gülməcələri
Azərbaycanda qıza elçi gələndə...
Qız israrla "yox" deyirsə, deməli sevdiyi başqa oğlan var... Qız heç nə demirsə, deməli elçi gələn oğlandan xoşu gəlib. Qız o dəqiqə "hə" deyirsə, deməli evdə qalıb.
Molla dostluq atdı
Dünən status yazdım ki, ölmək istəyirəm. Bu gün iki molla dostluq atdı...
"Sən gedib çıxa bilməyəcəksən"
Kənddən gəlmiş, Bakını tanımayan tələbə jurnalist Badamdardan Yasamala gedən "5" saylı avtobusda Xətai Əzizovdan soruşur:
- Əmi, bu avtobusla "İnşaatçılar"a gedib cıxa biləcəm?
Yorğun Xətai cəld:
- Yox bala, düş!
Oğlan düşür. Xətai oğlanın yerində oturub deyir:
- Hə bala, sən gedib çıxa bilməyəcəksən "İnşaatçılar"a, amma mən gedib çıxacam.
Çoxbilmiş "pis" uşaq
Rayonlarda keçirdiyi görüşlərin birində Müsavat başqanı İsa Qəmbəri məktəb şagirdlərilə görüşə gətirirlər. Başqan sinfə girir. Və uşaqlardan gələcəkdə kim olacaqlarını soruşur. Biri həkim, biri müəllim, biri prokuror deyir. Uşaqlardan biri "İsa Qəmbər olacam" deyir. Başqan sevinclə soruşur:
- Niyə, mənim balam?
Oğlan bic-bic sözə başlayır:
- Bu ölkədə ən asan iş İsa Qəmbər olmaqdır. İşi yox, gücü yox. 20 ildir qəzetlərdən düşmür, pulu, maşını, kabineti...