“İynə” - YUMOR

Yurda bağlı

2000-ci ildi. AXCP-də parçalanma təzə başa çatıb. "İslahatçı", "Yurd", "klassiklər"  söhbətlərinin təzə vaxtlarıdır. Bir gün Xaliq Bahadır gəlir ki, Əli bəy, səninlə bağlı yubiley yazısı yazmışam-Əli Kərimli-35.

Əli bəy deyir:
- Oxu, görüm nə yazmısan.
Xaliq oxuyur:
- "Vətənini sevən, Yurda bağlı bir insandı..."
Əli Kərimli müdaxilə edir:
- Saxla, saxla! "Yurda bağlı" sözünü çıxar. Məmləkətə bağlı elə. Elə biləcəklər ki, hələ də yurdçuyam.

Müdrik kəlamlar

- Dost var, İran var.
- İki qoçun başı, bir körfəzdə qaynamaz.
- Yanlış da bir naxışdı-yanlış İlqar Mikayıloğludu.

"Bizlərdə  donuz əti haramdı"

Yurddaş Partiyasının sədri Mayis Səfərlinin Rusiyada yaşayan vaxtlarıdır. Bir gün ictimai nəqliyyatla işə gedən Mayis erməni qadınla yanaşı dayanır. Gecəni yaxşı yatmamış Mayis əsnəyir. Erməni qadın dilxor halda:
- Yavaş, ay müsəlman! Az qaldı məni yeyəsən...
Mayis cəld dillənir:
- Bizlərdə  donuz əti haramdı, narahat olma.

"Qayınanama oxşayırdı"

Kişi gecə yatağından qalxaraq qışqırır.
-Sənə nə olub, əzizim?- arvadı qorxaraq soruşur.
-Arvad, yuxuma İnkir-minkir girmişdi!
-Kimə oxşayırdı?
-Qayınanama!

"100 nəfər aldadılıb"

Elman Türkoğlu kasıb vaxtlarında qəzet satmağa başlayır. Qəzetləri satmaq üçün min cür yalan danışan Elman "Torqovı"ya yollanır:
- Ay camaat, qəzet alın! 99 nəfər aldadılıb...
Bir nəfər qəzet alır. Elman yenı qışqırır:
- Ay camaat, qəzet alın! 100 nəfər aldadılıb.

"Səni qonaq çağırmaq istəyirdim"

Təzəcə qrant almış kefi kök Leyla Yunus Arzu Abdullayevaya telefon açır:
- Bu axşam bekarsan?
- Yox, ay bajı. Bekar deyiləm.
Leyla cəld dillənir:
- Mən də səni qonaq çağırmaq istəyirdim.

"Qaranlıq olur, oxuya bilmirəm"

Yaşar Türkazərdən soruşurlar:
- Yaşar bəy, eşitdim gözətçi işləyirsən?
- Hə, təzə düzəlmişəm.
- Harda?
- Vallah, işə gecə gedirəm. Heç bilmirəm, haradı, obyektin adı nədir. Qaranlıq olur, oxuya bilmirəm.

"Adamın anasını belə ağladarlar"

AzTV-nin aparıcısı Nəsimi Nəbizadə Avropa çempionatının yarımfinal oyununa baxır. İtaliya Almaniyanı 2:1 hesabı ilə udur. Oyun başa çatır, tribunada Almaniyanın federal kansleri Angela Merkeli göstərirlər. Merkel ağlayır. Nəsimi ləzzətlə qımışır:
- Hə, Almaniya, adamın anasını belə ağladarlar e...

Dədə Tofiqdən sitatlar

Ağsaqqal jurnalist Tofiq Türkel söyləmiş, görəlim nə söyləmiş:
- Yüz dəfə Ermənistana yalvarınca, bir dəfə Rusiyaya ağız aç.
-  İP-ə gir, amma ipə keçmə!

Yeni əsərlər

Almaniyanın İtaliyaya məğlubiyyətindən təsirlənmiş Azad Yazarlar Ocağının üyəsi Şeytanbəyli yeni poema üzərində işləyir. Poema "Merkelin göz yaşları" adlanır.

Ağız ədəbiyyatı

Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər barədə yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.

Mən aşiq kəkilə bax
Telə bax, kəkilə bax.
İohim Löv uduzub,
Ağlayan Merkelə bax.
        (Almaniyanın federal kansleri Angela Merkel barədə Kölndə yaranıb)

Mən aşiq liderə bax
Öndərə, liderə bax
Arıqlamaq istəsən
ANS-ə, Liderə bax.
          (Özəl telekanalların səviyyəsiz verilişləri barədə Yevlaxda yaranıb)

Əzizinəm bəri gəl
Uzaq durma, bəri gəl
Orda-burda az yaşa,
Bir azca da bəri gəl.
         (Ayaz Mütəllbov haqqında Maştağada yaranıb)

Mən aşiq Həştərxana
Mozdoka, Həştərxana.
Mətbuatda görünmür
Nə olub Temirxana?
           (Əvəz Temirxan barədə Bərdədə yaranıb)

Psixoloqda

Qadın psixoloqa gəlir:
- Necə edim ki, oğlum kağızdan quş düzəldib uçurmasın. Bütün günü onunla məşğul olur...
- Bu ki normaldı. Qoy, məşğul olsun.
- Axı arvadı-gəlinim siz deyəni demir...

Müxalifətin dəyişən "valları"

* 2007-2011-ci il-Eynulla qəhrəman!
   2012-ci il-Eynulla, apar tulla!
* 1994-2005-ci illər-Fazil Qəzənfəroğlu, fədakar cəbhəçi, istedadlı yazar, güclü siyasətçi.
   2005-2012-Fazil, keçmişə arxa çevirən, "satılmış", "əl müxalifəti".

Soros, yoxsa Əbdülvahab?

Vəhdət Partiyasının sədri Tahir Kərimli evdə oturub televizora baxır. AzTV-də dünya iqtisadi böhranından, böyük dövlətlərin iqtisadi geriləmələrindən danışılır. Tahir köks ötürür:
- Dünyanın liderləri müavinim, böyük iqtisadçı Əbdülvahab Manafovun təkliflərini dinləsəydilər, indi hər şey tərsinə olardı. Nə qədər ki Əddülvahab Manafovun deyil, Sorosun konsepsiyası üstün olacaq, dünya iqtisadiyyatı daha pis günə qalacaq.

Kaş olaydı...

Avropa çempionatının yarımfinal oyununda İtaliyaya məğlub olmuş İohim Löv qanıqara halda deyinir:
- Allahın altında bizim komandanın Vaqif Cavadov kimi yarımmüdafiəçisi, İlqar Qurbanov kimu hücumçusu, mənim də Şahn Diniyev kimi köməkçim olaydı. İtalyanların anasını ağladardım...

Xatirə lövhəsi

2042-ci il. Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Xankəndində yaşadığı mənzilin giriş qapısına belə bir xatirə lövhəsi vurulub. "Bu binada Robert Köçəryan yaşayıb. "Böyük Ermənistan" deyə-deyə gəbərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31