“Bəs deyirdin o, seçkiyə uduzmağa gedir?” - İYNƏ - YUMOR
19 İyul 2013 17:23 Yumor"İynə"nin siyasi eksperti Əhmədalı Qayalar ADP lideri Sərdar Cəlaloğlunun "Müsavat başqanı İsa Qəmbərin namizədilyini dəstəkləyəcəyəm" bəyanatına münasibət bildirib. Politoloq başını yırğalayaraq dodaqaltı nəsə mızıldanıb, sonra deyib: "Bə oldu? Bəs deyirdin o, seçkiyə uduzmağa gedir?"
Ruhaninin şərəfinə "Ruhani" havası
Bakı toylarının biri. Toyu tanınmış tamada Müzəffər SNQ aparır. Məclisin şirin yerində xəbər gəlir ki, bəs İranda prezident seçkiləri başa çatıb və Həsən Ruhani prezident seçilib. Müzəffər SNQ fürsəti boşa vermir və deyir:
- Elə Həsən Ruhani də bizim adamdı. Onun şərəfinə bir gözəl "Ruhani" havası gəlsin...
Vaxt vardı...
Ey gidi dünya, hey! Vaxt vardı Türk Millətçi Partiyasının başqanı Vüqar Bəyturan hər həftə bəyanat verər, Çini, Rusiyanı lərzəyə gətirər, İrana barmaq silkələyərdi. Ay kişi, "Nu poqodi" cizgi filmindən ötrü Kremlə sərt bəyanat verərdi. Eh, getdi o günlər...
Məktəb lətifələri
"Bütün gecəni aeroportda Şaiqi gözləmişəm"
Bir gün balaca Şaiq dərsə gecikir. Müəllim soruşur:
- A bala, hardaydın?
Şaiq:
- Müəllim, yuxuda gördüm ki, təyyarə ilə gəlirəm, amma təyyarə göydə yubanır, eniş edə bilmir...
Müəllim:
- Ay Vəli, bala sən hardaydın?
Vəli bic-bic gülür:
- Mən də yuxuda bütün gecəni aeroportda Şaiqi gözləmişəm.
"Bu ölkədə elə kişilər ölür"
Müğənni Yusif Mustafayevin Türkiyəyə təzə gedən vaxtlarıdır. Bir gün Yusif qaldığı evdə azərbaycanlı dostu ilə televizora baxır. "Xəbərlər"də diktor kriminal xəbərləri oxuyur: "Dün gecə saatlarında sərnişin aracı aşdı. İki kişi həyatını kayb etdi", "Bu gün səhər İstanbulda bomba saldırısı oldu. 5 kişi həyatını itirdi". Yusif dilxor olur:
- Yox, qardaş, bu ölkədə çox qalmaq, işləmək olmaz.
- Niyə?-deyə, dostu təəccüblə soruşur.
Yusif dilxor halda:
- Ə, xəbərləri görmürsən, nə deyir. Bu ölkədə elə kişilər ölür e. Heç qadın ölmür. Yox e, burda bizə çörək yoxdu.
"Elə bildi şəkil çəkirlər, güldü"
Müxtəlif pozalarda, dəniz sahilində, dağ-daşda çox şit şəkillər çəkdirib Facebooka qoyan yazar qız bir yaylağa qalxır. Gəzir dolaşır, çobanla şəkil çəkdirir. Gecəni alaçıqda keçirmək qərarına gəlir. Gecə göyün üzünü bulud alır, ildırım çaxır. Qaranlıqda çölə, şimşəyə baxmağa çıxan qızı ildırım vurur. Bunu götürüb şəhərə-morqa gətirirlər. Həkim mələfəni qaldırıb soruşur:
- Bu niyə gülümsünür?
Meyidi gətirmiş çoban deyir:
- Doktor, bu rəhmətlik çox şəkilbaz idi. Möhkəm ildırım çaxırdı. Bu da çöldə idi. İldırım vuranda elə bildi şəkil çəkirlər, güldü.
"O şorbanı yemək ona ən böyük cəza olacaq"
Müğənni İlahə İbadova qızını danlayır:
- Bax, akvariumu aşırmısan, cəzalısan. Bu gün sənə yemək verməyəcəm...
Müğənninin həyat yoldaşı deyir:
- Əzizim, uşağı məncə, ac saxlama. O bişirdiyin şorbadan ver, yesin. O şorbanı yemək ona ən böyük cəza olacaq.
"Professor gəlsin, o biri üç nəfər getsin"
Parlament seçkiləri dövrüdür. Müsavatçı Kamil Vəli Nərimanoğlu Yasamaldan namizədliyini verib. Bir gün yanında Hüseyn Məlik və bir neçə müsavatçı seçicilərlə görüşə gedirlər. Qapını döyən professor deyir:
- Bəy, qapını aç. Deputatlığa namizəddi.
- Kimsən?
- Professor Kamil Vəli Nərimanoğlu.
Həyətdə nəşə dolduran adam ağır-ağır dillənir:
- Alə, professora hörmətimiz var, gəlsin, amma o biri 3 nəfər, çıxın gedün, alə!
"Guya sənin gətirdiyin doğruçu fildi"
Daşqın Gülməmmədovun türmədən təzə çıxan, pulsuz vaxtlarıdır. Bir gün uşaq ondan oyuncaq fil istəyir. Daşqın mağazaya gedir, fili sifariş edir, deyir ki filan ünvana gətirərsiz. Ertəsi gün fili gətirirlər. Qapını açan Daşqın fili alır, mağazanın işçisinə saxta 50 dollar verir. Mağaza işçisi deyinir:
- Bu nədi, a kişi? Qəlpdi e bu!
Əlində təsbeh fırladan Daşqın qəzəblə deyir:
- Uç alə, burdan! Guya sənin gətirdiyin doğruçu fildi? Bu da saxtadır da!
"Bu qədər bəs deyil ki"
1970-ci illərdir. Jurnalist Elçin Bayramlının babası rusca nağıllar kitabı alıb gətirir və balaca Elçinə deyir:
- Bala, bax bu rusca nağıllardır. Oxu, rus dilini öyrən.
Elçin soruşur:
- Rus dili nəyə lazımdır ki?
Baba:
- Necə nəyə lazımdı? Ölkənin yarıdan çoxu rusca bilir.
Balaca Elçin bic-bic gülür:
- Bu qədər bəs deyil ki, mən də öyrənim.
"Onda gözlərini də çıxar, sabah taxarsan yerinə"
Kənddə yaşayan xalası xalq artisti Məleykə Əsədovagilə qonaq gəlir. Axşam protez dişlərini çıxaran xalanı görən Məleykənin qızı soruşur:
- Xala, sən nə edirsən? Foks göstərirsən?
Xala gülə-gülə:
- Hə balası. Foks göstərirəm. Bax, çıxardım, sabah taxacam yerinə.
Qız cəld dillənir:
- Onda gözlərini də çıxar, sabah taxarsan yerinə.
"Götürdüm ki, əvəzi çıxsın"
Kanadadan Bakıya qonaq gəlmiş güneyli Elyar Təbrizli Milli Parkda quzeyli dostu ilə çay içir. Onun yabançı olduğunu görən kafe sahibi masanı cürbəcür şirniyyatla doldurur. Elyar çayı içib duranda hesabı istəyir. Ofisiant deyir:
- 25 manat.
Elyar hesabı ödəyib duranda çayniki, stəkan-nəlbəkini də götürür. Dostu soruşur:
- Bunları neynirsən?
Elyar deyir:
- Neynim ta, bu qədər hesab olar? Götürdüm ki, heç olmasa, əvəzi çıxsın da.
"İdeal kişini çöldə axtarmayın"
Aktyor Müdhət Aydın facebookda status yazır:
- Mükəmməl adamı, ideal kişini çöldə axtarmayın.
Rəy yazılır:
- Bəs harda axtaraq?
Müdhət yazır:
- Mən evdə oturmuşam, çölə çıxanda xəbər edərəm.
Məhlə futbolunun sirrləri
Həyət futbolunun qaydaları yüzillərdir dəyişmir. Məsələn, o biri qapının qarşısında mübarizə gedərən bu biri qapıçı qapını balacaladır. Topun yiyəsi oyunu istənilən vaxt durdura bilər. Kök və kiçik uşaqlar həmişə qapıya qoyular. Topun yiyəsi nə pas verər, nə də qapıda durar. Penalti olanda oyunçulardan biri qapıçını əvəz edərsə 2 penalti vurular. Top qapıçının ayaqları arasından keçərsə, 2 qol sayılar. Qapının-daşın üstündən keçən qolu yalnız güclülər qol saydıra bilər.
"Bir siçanı tutub yeyə bilmədin..."
Xalq artisti Nurəddin Mehdixanlı cizgi filminə baxmaq istəyir. Hara çevirirsə, "Tom və Cerri" gedir. Nurik deyinir:
- Eh, sən də ay Tom, ömrümüzü yedin, amma bir siçanı tutub yeyə bilmədin...
"Yaxşı ki geyinmisən..."
Bəstəkar Vaqif Gərayzadə köhnə yetrimələrini yanına çəkilişə çağırır. Birinci Natəvan gəlir. Vaqif:
- Geyimin pis deyil.
Sonra Elnarə gəlir. Vaqif:
- Yaxşı geyinmisən.
Sonra Röya gəlir. Vaqif sevincək:
- Yaxşı ki geyinmisən...