“Ehtiyatla sür”-İYNƏ

Ağız ədəbiyyatı

Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri

Mən aşiq dilənçiyə
Yolçuya, dilənçiyə.
Nüfuzda kimsə çatmaz
Salehə, Dilənçiyə.
(Saleh İldırım və Piruz Dilənçi barədə Güneydə yaranıb)

Mən aşiqəm kürsüyə
Kresloya, kürsüyə.
Masona məğlub oldu
Nə deyim mən Mursiyə.
     (Misirin sabiq prezidenti Məhəmməd Mursi haqqında Türkiyə nurçuları arasında yayılıb)

Əzizim ağı başlar
Mərsiyə, ağı başlar,
Gün olar, dövran olar.
Vüqarın çağı başlar.
(Vüqar Bəyturan barədə KXCP Xətai rayon şöbəsində yaranıb)

"Xəzər hasara alır"

KXCP sədrinin müavini Xəzər Teyyublu Xəzər sahilindən torpaq sahəsi almaq istəyir. Yerin sahibinə yaxınlaşan Xəzər bəy deyir:
- Buranı hasara alsam, necə olar?
Yerin sahibi qəzet oxuyan olur. Gülümsünür və deyir:
- Nə olacaq, heç nə. Əvvəl qəzetlər yazırdılar ki, "Xəzəri hasara alırlar", indi yazacaqlar ki, "Xəzər hasara alır".

Heyvandarlığı təbliğ etdilər, ödül aldılar

Dünya Heyvanları Müdafiə Cəmiyyəti və Kənd Təsərrüfatı İnkifaş Assosiasiyası Azadlıq Partiyasının lideri Əhməd Oruca və Xalq Partiyasının sədri Pənah Hüseynə ödül veriblər. Ödül kənd təsərrüfatının inkişafına və təbliğinə dəstəyə görə verilir. Beynəlxalq qurumlar hesab edir ki, Əhməd Oruc və Pənah Hüseyn inək və at arabası ilə şəkil çəkdirib paylaşmaqla insanlarda kənddə yaşamaq və heyvandarlıqla məşğul olmaq həvəsi oyadıblar, kənd təsərrüfatıını təbliğ ediblər. Mükafat sentyabrda təqdim olunacaq.

"Ehtiyatla sür"

Atası oğluna maşın sürməyi öyrədir. Oğlan fərəhlə çığırır:
- Aaa, asandır, lap kompüter oyunları kimidir ki...
Atası deyir:
- Düzdür, asandı. Amma burda canın var ha. Ehtiyatla sür.

Şeytan istefa verdi

Dədə Tofiq həmkarı Xaqani Səfəroğlu ilə dərdləşir. Xaqani:
- Deyirəm, ay dədə, Şeytanın hökmü güclənib e. Hara baxırsan əyrilik, oğurluq, haramçılıq...
Dədə Tofiq deyir:
- Yox, şeytan-zad idarə eləmir. İnsanlar o qədər iblisləşiblər ki, Şeytan istefa verib. Ona ehtiyac yoxdur daha.

"Bu ağıllla elə evdə qalarsan"

Ərə getmək istəyən xanım manıslardan biri jurnalist-müğənni Cavanşir Babəlioğluna deyir:
- Eh, ömür keçdi getdi, amma ailə qura bilmədi. Halal süd əmmiş bir oğlan çıxmadı da...
Cavanşir deyir:
- Qızım, qismət.
- Hansı Qismət? Oxuyan?
- Az, o evlidi. Qismət, yəni Taleh?
- Taleh kimdi, futbolçudur?
Cavanşir bezir:
- Bu ağılla elə evdə qalarsan. Az, qəzavü-qədər də. Tale, qismət.

Yeniyetmə zarafatlarından

-Onsuz nəfəs ala bilmərəm.
- O kimdi?
- Burnum da.

"Baş getmək istəyir, başqan icazə vermir"

Müsavat Partiyasının qərargahı. Zöhrab Məhərrəmli ilə Gülağa Aslanlı söhbət edirlər. Mövzu kasıbçılıqdı. Zöhrab deyir:
- Adam başını götürüb getmək istəyir...
Gülağa deyir:
- Bəs niyə getmirsən?
Zöhrab qanıqara halda:
- Baş getmək istəyir e, başqan icazə vermir.

"Valideynlər  qəribədir"

Xalq artisti Məleykə Əsədovanın qızı rəfiqəsi ilə söhbət edir. Qız deyinir:
- Bu valideynlər çox qəribə insanlardı.
- Niyə ?
Qız bic-bic gülür:
- Əvvəlcə onlar bizə danışmağı və yeriməyi öyrədirlər, amma sonra istəyirlər ki, biz susaq və sakit oturaq.

"Alverim gedər də"

Tanınmış aktyor Müdhət Aydının gənc, tələbə vaxtlarıdır. Bir gün teatr məşğələsindən çıxmış Müdhət sevgilisi ilə zarafatlaşmaq qərarına gəlir. Müdhət:
- Əzizim, elə istəyərəm ki  bütün qəmli, ağlayan qızların yanında olum?
-Caan, ürəyin yuxadır ee..
- Ürəyim yuxa deyil e. Sadəcə, dərsdən sonra işləyirəm. Dəsmal satıram. Alverim gedər də.

Facebook lətifələri

"O qədər çörəyi kim yeyəcək"

Bir kişi girir mağazaya, deyir:
- 299 dənə çörək ver də.
Satıcı:
- 300 olmaz?
- Dəlisən? O qədər çörəyi kim yeyəcək?

"Döyünməsə, ölərəm axı"

Oğlan:
- Əlini qoy ürəyimin üstünə.
Qız:
-Qoydum.
- Nə hiss elədin?
- Döyüntü.
- Bilirsən, o ürək kimin üçün, nə üçün döyünür?
- Mənimçün? Məni sevirsən deyə?
- Yox e, özümçün döyünür. Döyünməsə, ölərəm axı.

"Müəllim lövhəni, mən də dəftərdəkiləri sildim"

Valideyn dəcəl oğlundan soruşur:
- Oğlum, bu gün məktəbdə nə etmisən?
Oğlan deyir:
-Müəllimə nə deyibsə onu etmişəm.
- Bəs dəftər niyə bomboşdu və ağardılıb?
Oğlan:
-Dərsin axırında müəllimə lövhəni sildi, mən də dəftərdəki yazıları sildim.

Oğlan bulvarda dayanmış qıza yaxınlaşır:
- Salam, xanım.
- Salam.
- Bilirisiz də Bakıda şahmat yarışları keçiriləcək.
- Bilirəm.
- Bilirsiz 55 ölkədən qonaqlar gələcək.
- Bilirəm.
- Gürcüstanda 290, Rusiyadan 78, Qazaxıstandan da 67 adam gələcək.
Qız:
- Bu nə gic söhbətdi? Dəli olmusan?
- Ay qanmaz, nömrəmi verdim da. 55-lə di. 290 78 67.

Facebook atalar sözləri

- Dost laykından bilinər.
- Reklamı çox olan səhifənin useri çox olar.
- Status yazmısan, özün niyə bəyənirsən.
- 100 dəfə dürtmələməkdənsə bir dəfə ismarış yaz.
- Facebooksuz həyat, ətirsiz gülə bənzər.

"Oxumağı tərgitdim"

Yurddaş Partiyasının sdəri Mayis Səfərli deyinir:
- İçkinin və siqaretin zərərli olduğu haqda o qədər oxudum ki, yeni ildə tərgitməyi qərara aldım.
Əhməd Oruc maraqla:
- Nəyi?  İçkini, yoxsa siqareti?
Mayis qımışır:
- Oxumağı.

Aşıq Tellinin şeir boğçasından

Üzüyündə qaş olajam,
Gözlərində yaş olajam,
Yolunda daş olajam,
Belə sənin ajığına.

Feyzbuka girəjəm
Şəkillərə baxajam.
Çoxlu layk atajam
Belə sənin ajığına.

"Bir gün məlum oldu ki"

Türmədə söhbət:
- Sizi niyə həbs ediblər?
- Bilirsiz, necə deyim, təsəvvür edin, bir gün məlum oldu ki, hökumət mənim buraxdığım kağız pullardan buraxır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31