Son zəng lətifələri - İYNƏ - YUMOR
31 May 2013 17:39 Yumor"Müəllim çıxanda nə deyərlər"
Riyaziyyat müəllimi dərsini qurtarıb sinifdən çıxan uşaqlara deyir:
- Uşaqlar, müəllim çıxanda nə deyərlər?
Uşaqlar bir ağızdan:
-Şükür Allaha!
Müstəqil "Həyat"a atılmaq
"Həyat" restoranında yeyib-içib, dava-dalaş salan 5 məzunu polisə gətirirlər. Polis kapitanı soruşur:
- A bala, niyə dava salmısız, ofisiantı döymüsüz? Sizin nə yaşınız var, "Həyat" restoranında nə işiniz vardı? Türk kafesinə-zada gedə bilmirdiniz?
Uşaqlardan biri deyir:
- Rəis, son zəngdə direktor dedi ki, bu gündən müstəqil həyata atılırsınız. Nə istəsəniz edə bilərsiz. Biz də məktəbdən çıxan kimi özümüzü atdıq "Həyat" restoranına.
Yanlışlıq
Ötən sayımızda Türkiyəyə səfər edən jurnalistlərlə bağlı yazıda səhvə yol verilib. "Ankaraya Cümhuriyyət yürüşünə gedənlər yola çıxdı" cümləsi korrektorun xətası üzündən belə gedib: "Ankaraya Cümhuriyyət yürüşünə gedənlər yoxa çıxdı". Yanlışlığa görə üzr diləyirik.
Hocanın Bakıdakı iş qrafiki
Tanınmış dinşünas, sünni dünyasının ünlü isimlərindən biri
Cübbəli Əhməd Hoca Bakıya gəlir. "İynə" hocanın Bakıdakı iş qrafikini əldə edə bilib. Əldə etdiyimiz məlumata görə, hoca Cübbəli Fazil Hoca, Cübbəsiz Əhməd Hoca (Azadlıq Partiyasının lıdieri Əhməd Oruc. Niyə təəccüblənirsiniz, Əhməd bəy də hocadı, müəllimdi. Cübbəsi də yoxdu), Arxalıqlı Hacı İlqar əfəndi, Qaraçuxa Elçin bəy, Yapıncılı Şahvələd çoban və Ağşalvarlı Hacı Əbdül hoca ilə görüşəcək.
"İynə"dən minilliyin çağırışı
Ay kişilər, Milli Şuranı yaradıb, ora ünlü-ünlü adamları daxil etməklə bir yerə varamazsınız. Rəsul müəllimdənsə, Lalə Şövkətdənsə, İsa Qəmbərdənsə, siz o quruma türk dünyasının böyük oğlu Vüqar Bəyturanı dəvət edin. Nə qədər ki, Bəyturan Milli Şurada yoxdur, fəaliyyət olmayacaq. Fəaliyyət yoxdursa, para da olmayacaq. Çağırışın "Minilliyin çağırışı" adlanmasına gəlincə, biləsiniz, Bəyturan özü olmasa da, adı, sanı bir faktor kimi min il bundan sonra siyasətdə olacaq.
Nicatın məntiqi
Dostlarından biri aktyor Nicat Kazımovdan soruşur:
- Nicat, əgər elektrik olmasaydı, biz nə edərdik? Necə yaşayardıq?
Nicat dərin ağlını işə salır:
- "Lomka"çılıq olardı, sən öl. Məsələn, biz televizora qaranlıqda baxardıq.
"Arvad parolumu öyrənib"
Musa Nağıyev adına xəstəxana. Sınıq şöbəsi. Başı, əl-ayağı sarıqlı iki xəstə söhbət edir. Onlardan biri soruşur:
-Sənin başına nə olub?
Xəstə qanıqara halda:
- Demə e,qardaş. Arvad facebook parolumu öyrənib...Bəs sənə nə olub? Qolun niyı sarıqlıdır?
Xəstə köks ötürür:
- Ehh, mənim də skype adresim açıq qalıbmış...
"Müharibə istəmirəm"
Bir gün xalq artisti Məleykə Əsədova qızının vətənpərvərlik tərbiyəsini yoxlamaq qərarına gəlir. Məleykə:
- Qızım, sən istəyirsən müharibə olsun?
Qızı cəld dillənir:
- Yox, istəmirəm! Rədd olsun müharibə!
Məleykənin kefi kökəlir. Sevincək soruşur:
- Ay sağ ol. İndi de görüm, niyə istəmirsən?
Qızı sakit və təmkinlə:
- Müharibə olsa tarix kitabları qalınlaşacaq, çoğrafiya kitabları dəyişəcək. Ona görə istəmirəm. Qoy, elə belə qalsın.
"Piyada gəz, cana xeyri var"
Milli Bayraqdarlar Hərəkatının başqanı Elman Türkoğlu türmə kamerasında. Darıxan Elman milçək tutub, qanadlarını kəsir. Kamera yoldaşı soruşur:
-Yazıqdı, elə niyə edirsən?
Elman təmkinlə:
- Əksinə, qanadlarını kəsdim ki, piyada gəzib idaman eləsinlər. Çöldə olanda həkim mənə hər dəfə deyərdi ki, Elman, piyada gəz, cana xeyri car.
"Kifayətin nə qədər konturu var ki"
Müğənni Zöhrə Abdullayeva jurnalist Alim Nəbioğlunun yanında kiməsə zəng edir. Amma konturu az olduğu üçün operatordan "Balansınızda kifayət qədər kontur yoxdur" sözlərini eşidir. Zöhrə xanım Alimə:
- Mən başa düşmürəm e, bu Kifayət Gəncəlinin nə qədər konturu var ki? Konturum az olan kimi operator deyil ki, sənin Kifayət qədər konturun yoxdur.
Ağız ədəbiyyatı
Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər barədə yaranıb.
O da yandırır məni,
Bu da yandırır məni.
Deyirlər ki sərindir,
Su da yandırır məni.
(İsa Qəmbər Əli Kərimli və Rüstəm İbrahimbəyov barədə)
Eləmi arxa gəlsin
Su axsın, arxa gəlsin.
Mən təkəm, düşmənim çox
Köməyə "ALFA" gəlsin.
(1993-cü ilin iyununda Surət Hüseynovun dilindən eşidilib)
Araqçının sallama
Yudun, yerə tullama,
Çox da güclü deyilsən
Ağız-burun sallama.
(ADP-də İsa Qəmbər haqqında yaranıb)
Dağdan ara yaxşıdı
Tirmə, xaran yaxşıdı.
Lovğa, yekəxanadır
Səyyad Aran yaxşıdı.
(YAP-da Mübariz Qurbanlı haqqında formalaşıb)
Mən gedirəm o üzə,
Qayıqda üzə-üzə
Ay quşlar, siz şad olun!
Meşələr qalır sizə.
(Masallıda işdən çıxarılmış meşəbəyinin dilindən qeydə alınıb)
Araza gəmi gəldi,
Mən dedim hamı gəldi
Toyun düz ortasında
Dedilər əmi gəldi. (Teymur əmi)
(Nadir Qafarzadənin dilindən qeydə alınıb)
Ümiddə gərginlik
"İynə"nin əldə etdiyi məlumata görə, Ümid Partiyasında Milli Şura ilə bağlı bərk narazılıq yaranıb. Partiyanın bəzi funksionerləri sədr İqbal Ağazadənin Milli Şuraya qoşulmamasından qəzəbləniblər. Sızan xəbərə görə, icra aparatının rəhbəri Nəsimi Məmmədli və Bakir Həsənbəyli partiya sədrinin təcridolunma siyasətinə açıq şəkildə etiraz edərək bunun doğru olmadığını söyləyiblər. İdarə Heyətinin iclası zamanı Nəsiminin əlini stola çırpdığı, Talehin çöldə tut çırpdığı, səs-küydən Ənvərin dik atıldığı, sürücünün içəri atıldığı, masanın ikiyə qatlandığı, Rafaelin dilinin qatlandığı, İqbalın oyun oynadığı, Aynurun telefonda "iqra" oynadığı məlum olub. Peşə prinsiplərinə uyğun olaraq məlumatı verən şəxsin adını politoloq Zaur demiş, inkoqnito saxlayırıq. Soyadı Qurbanlıdı.