...Yenə də ordunun və Ali Baş Komandanın ətrafında sıx birləşəcəyik- Milli Vəhdət Partiyasının bəyanatı

Milli Vəhdət Partiyası  27 sentyabr Anım günü münasibətilə  beynəlxalq təşkilatlara və dünyanın aparıcı dövlətlərinə  müraciət edib. Müraciətdə deyilir:

"27 sentyabr 2021-ci ildə Vətən müharibəsinin başlanmasından bir il ötür.

1994-cü ildən atəşkəs haqqında müqavilə bağlanmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi mütəmadi pozulub və bu çoxsaylı hərbi və mülki vətəndaşlarımızın təlafatı ilə müşaiyət olunub. Bu iyirmi səkkiz ildə münaqişənin tənzimlənməsi üçün yaradılmış ATƏT-in Minsk Qrupu məsələni sülh yolu ilə həll etmək əvəzinə daha da dərinləşdirmişdi. Erməni silahlı qüvvələri BMT-nin 1993-cü ildə işğal olunmuş ərazilərin qeydsiz-şərtsiz boşaldılması haqqında çıxartdığı dörd qətnaməni qulaqardına vurur, beynəlxalq təşkilatlar isə susurdular. Nəhayət, Ermənistanda hakimiyyətə gəlmiş N.Paşinyanın təyin etdiyi müdafiə naziri Tononyan Azərbaycan tərəfini "Yeni müharibə, yeni ərazilər" tezisi ilə təhdid etməyə başladı. Bunun ardınca Tovuz rayonundan keçən strateji kəmərlərimizi daima təhlükə altında saxlamaq üçün qısamüddətli "Tovuz döyüşləri" adlı müharibəyə rəvac verildi. Və çox qısa müddətdə şəhidlərimizin olmasına baxmayaraq, düşmənin bütün atəş nöqtələri susduruldu.

"Tovuz döyüşləri"ndən sonra xalq Ali Baş Komandandan torpaqlarımızın azad olunması tələbilə küçələrə çıxdı, çünki təmas xəttində yaşayan əhali mütəmadi olaraq təhlükə ilə qarşılaşır, həlak olanların sayı artırdı.

Nəhayət, cənab Ali Baş Komandan İlham Əliyev sentyabrın iyirmi yeddisində, bütün bunları nəzərə alaraq əks-hücuma keçmək haqqında əmr verdi. Beləliklə qırx dörd günlük Vətən müharibəsi başladı və tam qələbə ilə nəticələndi. Noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan tərəfindən müqavilə imzalandı."

Müraciətdə daha sonra deyilir:

"Müharibənin elə ilk günündən xalq bir orduya çevrildi, Ali Baş Komandanın və onun əsgərlərinin ətrafında sıx birləşdi. Həmin gün milli birliyin təcəssümü oldu. Sonradan bu təqvim cənab Prezident tərəfindən "Anım günü" kimi rəsmiləşdirildi. Bu təqvimi xalq heç zaman yaddan çıxartmaz. "Anım günü" elə müharibəni anmaq deməkdir, çünki istənilən savaş itkilərlə müşaiyət olunur.

Lakin möhtəşəm Zəfər günündən sonra Ermənistan tərəfi 10 noyabrda üzərinə götürdüyü öhdəliklərə havadarlarının köməyilə əməl etmək istəmir, müxtəlif bəhanələrlə yenidən müharibəni alovlandırmaq, bununla da münaqişənin hələ də davam etdiyini vurğulamaq istəyir.

Milli Vəhdət Partiyası olaraq bəyan edirik ki, Azərbaycan ordusu, onun Ali Baş Komandanı BMT-nin dörd qətnaməsini uğurla və təkbaşına icra edib, işğal olunmuş torpaqlarımız əsl sahibinə qaytarılıb. Bütün beynəlxalq təşkilatlardan və dünyanın aparıcı dövlətlərindən tələbimiz budur ki, bağlanan sazişin əməl olunmasında yaxından iştirak etsinlər. Bizə ikinci "Anım günü", yəni müharibə lazım deyil. Əgər bu baş verəcəksə, biz Milli Vəhdət Partiyası olaraq yenə də ordunun və Ali Baş Komandanın ətrafında sıx birləşəcəyik.

Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz

Bakı, 26 sentyabr 2021-ci il "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31