Ünlülər Elçin Bayramlı haqqında - İYNƏ - YUMOR
24 May 2013 17:01 YumorMəşədi Cəfər, köşə yazarı: "Elçin Bayramlı çox nəhəng şəxsiyyətdir. Kreativdi, yaradıcıdı, novatordu. Bir dəfə kompüterdə təzə yazmağa başladığım vaxtlarda əlim düyməyə dəyir, hərflər yazıldıqca sonrakı hərf itirdi. Bir gün Elçin yoldaşa müraciət etdim. Eynən proletariatın dahi rəhbəri Vladimir İliç kimi mehribanlıqla üzümə baxıb dedi: "Əgər sonrakı hərfin silinməməsini istəmirsənsə, "İNSERT" bas". Elə də etdim və çox xoşbəxt oldum".
Murad Dadaşov, şoumen: "Elçin Bayramlı jurnalist kimi gözəl performans göstərən şəxsdir. Mən onun performansını bəyənirəm. Bilmirəm o bu performansı kimdən öyrənib".
Əli Kərimli, AXCP sədri: "Ey uca millətim, Elçin Bayramlı hökumətə qarşı loyal mövqedə dayanan adamdı. Ona çox da bel bağlamayın".
Dilqəm Əhməd, yazıçı: "Elçin Bayramlı tam bizim adamdı. Öz ağrılı yazıları, bədbin proqnozalrı ilə İctimai Kədər lojasının üzvlərinin sayını artırır".
Sabunçudakı "rus bazarı"nın satıçısı Sovet dayı: "Yaxşı adamdı. O olmasa, alverimiz getməz. Hər bazar günü bizim bazardan 150 manatlıq mal alır".
Tofiq Türkel, sufi yazar: "O, burjua həyatı yaşayan kommunistdir".
İlqar Altay: "Yaratdığı strateji araşdırma mərkəzinə mənim adımı qoyub ki, populyar olsun".
Nicat Kazımov, aktyor: "Onu harda tutsam, döyəcəm".
"Bu gün mənim ad günümdü"
Bir gün bir narkoman kilsəyə gəlir. Ağlı üstündə olmayan narkoman şamları söndürməyə başlayır. Keşiş cəld qaçıb onu dayandırır:
-Dayan, övladım, nə edirsən?!
Narkoman qımışır:
- Çəkil, qoca! Bu gün mənim ad günümdü. Şamları söndürməliyəm.
"Mən də elə bilirdim məzuniyyətdədir"
Təzə ərə getmiş qadın üz-gözü qaralmiş halda ailə həkiminin yanina gəlir. Həkim deyir:
- Bildiyimə görə sizin əriniz ezamiyyətdə olmalıdır axı..
Qadın qanıqara halda:
- Hə, düzdü. Mən də sənin kimi bilirim elə. Amma deyilmiş...
"Mən yatmışam"
Balaca oğlu gecə aktyor Nicat Kazımovun yatağına yaxınlaşır:
- Ata, sən yatmısan?
- Hələ yox. De, görüm
Oğlan pıçıltı ilə:
- Mənə pul ver dəə.
Nİcat əsnəyir:
- Oğlum, mən yatmışam.
"Diqqətlə baxıb, sonra dedi"
Robert Köçəryanın məktəbli vaxtlarıdır. Bir gün Robik atasına şikayətə gəlir:
- Ata, bu gün Vartan mənə meymun dedi...
- Bala, yəqin təsadüfən ağzından çıxıb da...
Robik:
- Yox e. Üzümə 5 dəqiqə diqqətlə baxandan sonra dedi.
"Belə işi qaynana bildisə..."
"Ədalət" qəzetinin redaksiyası. Əbülfət Mədətoğlu ilə Ceyhun Musaoğlu söhbət edirlər. Əbili deyir:
- Ceyhun, oxucu azalıb. Elə xəbər qoymaq lazımdır ki, oxunsun.
Ceyhun deyir:
- Sabah Sumqayıtda qan töküləcək. Ailə dağılacaq...
- Hardan bilirsən?
-Bayaq yolda gələndə bir kişi telefonla dedi.
- Sənə dedi?
- Yox e, kiminləsə telefonla danışırdı. Danışığından məlum oldu ki, Sunqayıtda olur, "lev"I gedibmiş, qaynanası bilib. Belə işi qaynana bildisə, axırı ölümdü da.
"Anam riyaziyyatı bilmir"
Müəllim müğənni İlahə İbadovanın qızından soruşur:
- Sənin riyaziyyat tapşırığını yenə atan həll edib hə?
Qız söz altda qalmır:
- Neyləyim, anam riyaziyyatı yaxşı bilmir da.
"Nömrəni ver, mənə"
ADP sədrinin müavini Zakir Hüseynovun Rusiyada yaşayan vaxtlarıdır. Bir gün bərk əsəbləşmiş Zakir bəy həkimə gəlir:
- Hər gün belə əsəbləşirəm! Gərginlik içində oluram...
Həkim təmkinlə:
- Baxın, mən də hərdən belə oluram. Amma mən belə olanda sevgilimi götürüb istirahətə gedirəm.
Zakir sakitləşir:
- Deyirsən, kömək edər?
- Əlbəttə.
Zakir:
- O zaman, sevgilinin nömrəsini mənə ver, görüm.
"Bu gün maaş günüdür"
Qadın çığıra-çığıra polis bölməsinə daxil olur:
- Mənə kömək edin! Ərim 20 gündür itib! Mən onsuz yaşaya bilmərəm!
Polis çavuşu təəccüblə:
- Bəs niyə indi xəbər edirsiniz?
Xanım deyir:
- Bu gün maaş günüdür axı.
Humanist oğru
Məhkəmədə hakim toyuq oğrusunu ittiham edir:
- Sən, toyuğu, 10 günlük cücələri ilə birlikdə oğurlamısan. Utanmırsan heç?..Heç olmasa, cücələri saxlayardın yiyəsinə.
Oğru deyir:
- Əvvəl mən də istədim belə edəm. Sonra düşündüm ki, bu, humanist addım olmaz. Ananı balalardan ayırmaq düz deyil axı...
Siyasi lüğət
- Milli Şura-Pullu şura
- İP KŞ-İctimai Palatanın Küsülülər Şurası
Bədrəddin yoxdursa...
Politoloq Vəfa Quluzadə qəzetləri vərəqləyir. "Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev bəyan edib ki, partiyası Milli Şuranı boykot edəcək" xəbərini oxuyan politoloq deyinir:
- Bu qurum da belə getdi... Bədrəddin girməyəcəksə, Milli Şura gücsüz, dişsiz bir qurum olacaq.
KXCP-də mühüm görüş
Almaniyanın Yena Universitetinin tədqiqatçısı Elizabet Melitz Azərbaycanda səfərdədir. "İynə" xəbər verir ki, Azərbaycanla bağlı tədqiqat aparan xanım Melitz ölkənin bir neçə müxalifət partiyasının rəhbərliyi ilə görüşlər keçirib. Belə görüşlərdən biri də Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu ilə olub. Sızan xəbərə görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. X.Teyyublu almaniyalı qonağa KXCP ilə bağlı geniş məlumat verib. Fazil Qəzənfəroğlundan tutmiuş Ayvazalı Oruca qədər Cəbhəyə gəlib-getmiş adamlardan bəhs edib. Xəzər bəy söhbətin gedişində qonağa
Kimlər gəldi-kimlər getdi
KXCP-dən, KXCP-dən
Arif olan çıxb getməz
KXCP-dən, KXCP-dən.
bayatısını söyləyib. Qırımından başa düşülüb ki qonaq bayatının mənasını qanmayıb. Görüşdə Azərbaycanın iri şəhərlərində evlərin qiyməti ilə bağlı söhbət edilib. Qonaq Bakının "Montin", "Sovetski", "Kubinka" və "Vorovski" adlanan ərazilərində evlərin qiyməti ilə maraqlanıb. Daha sonra xahiş edib ki, KXCP sədrinin Almaniyada xüsusi, fövqəladə səlahiyyətli nümayəndəsinin təyin ediməsi məsələsi qaldırılsın.