“Dolu” narahatlıq yaratdı - İYNƏ - YUMOR

Yazıçı-deputat Aqil Abbasın "Dolu" romanı və romanın əsasında çəkilmiş film erməniləri və sülhü və sabitliyi qoruyan vasitəçiləri ciddi şəkildə narahat edib. "İynə"yə sızan məlumata görə,  ermənilər Moskvaya, Ankaraya, Nyu-Yorka, Tehrana, Londona, Strasburqa şikayət dolu məktublar yazırlar. Məktublarda qeyd olunur ki, Aqil Abbasın romanı sülhü və sabitliyi təhdid edir. Məktubdan bir parça: "Ara, bu roman döyül e, başdan-ayağa təhlükədir, ölümə, cihada çağırışdı. Elə romanın adına bax: "Dolu". Ara, düz adamsan, romanın adını niyə elə qoyursan? Nə doludur? Üstümüzə gələn silahlılar dolu oğlanlardı? Silahlarınız doludur? Üstümüzə qradı dolu kimi yağdıracaqsız? Bir dolu maşın erməni başı kəsməyə hazırlaşırsız?" Deyilənə görə, ermənilərin daşdan keçən arqumentləri əcnəbilərin ağlına batıb.   Yaxın günlərdə yazıçı Aqil Abbasa müraciət olunacaq ki, ya romanın adını dəyişsin, ya da başqa roman yazsın.Bizim təklif: Aqil bəy "Boş" adlı roman yazsın. Onsuz da, qolumuz da boşalıb, savaşa həvəsimiz yoxdu, zamanı da boşa veririk gedir.

İxtiyarlardan ciddi mesajlar

Dialoq alınmasa, bəşəriyyət məhv ola bilər

Dünən Azərbaycan Türk Dərin Dövləti Konseyi İxtiyarlar və Ağsaçlılar Yüksək Kurulunun növbəti toplantısı keçirilib. "İynə"yə sızan məlumatlara görə, toplantıda ciddi məsələlər müzakirə olunub. Türkiyənin Hatay vilayətində baş vermiş terror aktı pislənilib, narahatlıqla müzakirə olunub. Belə qərara gəlinib ki, türk dünyası və bütövlükdə islam xalqları üçün böyük təhlükə yaranıb. İxtiyarlar bir neçə mühüm qərar qəbul ediblər. "İynə" həmin qərarları əldə edib.

1.Təcili şəkildə "Böyük səkkizlər"in liderləri ilə KXCP sədri Mirmahmud Mirəlioğlunun təkbətək, tetatet, əlbəyaxa dialoqu başlansın!

2. Bəybala Əbil xüsusi missiya və fövqəladə səlahiyyətlə Kremlə danışıqlara getsin! Putin onu qəbul etsin və tövsüyyələrini dinləsin!

3. Loğman Abdulla tikinti işlərini buraxıb təcili şəkildə siyasətə və KXCP-yə dönsün. Onsuz yapamıyoruz, ulan, anlamıyormusunuz?!

4. Bir müddət öncə rəsmi Pekinin KXCP-yə dialoq təklifi yenidən dəyərləndirilsin. Elman Türkoğlu və digər ciddi siyasi fiqurlardan ibarət nümayəndə heyəti Pekinə göndərilsin.

5. Təşkilati məsələlərin həlli "Böyük səkkizlər"in baş nazirlərinə və Xəzər Teyyubluya həvalə edilsin.

Alkaşdı yalan deyən, bütün bunlar olmasa, bəşəriyyət məhv olajax.

"İynə"dən haqlı sual

KXCP-çilərin nəzərinə!

Ay balam, Ali Məclisin keçmiş sədri "Nissan-tiana" avtomobili ilə qərargaha gələndə yazığı gözümçıxdıya salırdınız ki, xarici maşını hansı pula almısan.  Bəs təşkilat şöbəsinin müdiri dördgöz "Mercedes"i hansı pula alıb? Cavab verin daa!

Facebook lətifələri

Oğlan:

- Görüşə gəlirsən?

- Həri. Saat 4-də, "İçərişəhər" metrosunun qarşısında.

- Yaxşı, mən səni necə tanıyacam?

- Əynimdə yaşıl şalvar olacaq, boyum 165, çəkim 60.

Oğlan:

- Yaxşı, əynimdə açıq rəngli gödəkçə, əlimdə metrə və tərəzi olacaq.

Kor kora kor deməsə...

Ağsaqqal cəbhəçi Yusif Sevdimalı evdə oturub qəzetləri vərəqləyir. "Müğənni müğənniyə fahişə dedi" xəbərini oxuyan Yusif bəy gileylənir:

- Pah, kor kora kor deməsə, bağrı çatlar da.

Yanlışlıq

Ötən sayımızda İctimai Palata ilə bağlı yazımızda xətaya yol verilib. "İctimai Palatada Ədalət var" cümləsi korrektorun xətası üzündən belə verilib: "İctimai Palatada ədavət var". Xatırladaq ki, söhbət salyanlı cəbhəçi Ədalət Yusibovdan gedirdi.

Realın REAL-la nə əlaqəsi?

Adığımız məlumata görə, tanınmış jurnalist, "İynə"nin baş yazarının dostu Real Cəfərli işlədiyi qəzetdən çıxarılacaq. Ona artıq xəbərdarlıq edilib.  "İynə"yə sızan məlumata görə, Cəfərli "Real"-Respubliakçı Alternativ Hərəkatı ilə gizli əlaqələrə görə, işdən azad olunur.

Düzəliş

Ötən sayımızda tanınmış siyasətçi Sərdar Cəlaloğlu və tanınmış aktyor Nurəddin Mehdixanlı barədə yazıda getmiş xəta narazılıq yarada bilər. Hətta bu işin məhkəmə perspektivi də var. Bu perspektivi önləmək üçün düzəliş veririk. Sərdar bəyin "İynə"yə müsahibədə dediyi "Nurəddin Mehdixanlıda qıcolma əlamətləri müşahidə edirəm" cümləsi belə oxunmalıdır: "Nurəddin Mehdixanlıda qocalma əlamətləri müşahidə edirəm".

"Məni anqlo-saks dünyası ilə üz-üzə qoyma"

Müsavat Partiyasının qərargahı. Partiya başqanı İsa Qəmbərlə "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu söhbət edirlər. Rauf:

- Qəzetdə mövzu kasadlığıdır. Bəlkə köhnə hərəkatçılardan birini vuraq?

- Məsələn, kimi?

- Fərəc Ulusoyu.

İsa Qəmbər qımışır:

-Sən Allah, başımıza iş açma! Fərəcin arxasında o boyda anqlo-saks dünyası dayanır. Anqlo-Saks-Türk Alyansının prezidentidir. Qoy, sakit oturmuşuq. Onu vursaq, Böyük Britaniya, Avstraliya, Kanada, ABŞ düşəcək üstümüzə. 

Görən hansında problem var?

Müxalifət qəzetlərinin birində "Kişi cinsi xəstəliklərindən əziyyət çəkirsiz? Filan doktora müraciət edin" reklamını görən Siyavuş Novruzov düşünür:

- Bu reklam, düz 8 aydı bu qəzetdə verilir. Görən, müxalifətdəkilərin hansının belə problemi var?

"Telefonu verə bilərsiz?"

Xalq artisti Məleykə Əsədova bahalı mobil telefonu ilə danışa-danışa küçə ilə gedir. Birdən ona bir cavan oğlan yaxınlaşır:

- Xanım, mənə telefonunuzu verə bilərsiz?

Məleykə nazlanır:

- Elə ilk yaxınlaşmada nömrə istəyirsiz? Bu nədi: ilk baxışdan sevgi?

- Oğlan bıçağı çıxarıb əsəbi tonda:

- Ağəz, nömrə istəmirəm e, əlindəki telefonu istəyirəm. Tez elə görüm. "İlk baxışdan sevgi", yox bir...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31