“Heç olmasa beş-on manat sığorta ala bilərik” - İYNƏ - YUMOR

Bir gün evdən çıxıb gəzməyə gedən Müdhət Aydının evinə od düşür. Oğlu cəld dillənir:
- Ata, gəl qayıdaq söndürək də!..
Müdhət sakitcə deyir:
- Dəymə, a bala, qoy yansın. Nə yanacaq ki? Onsuz da heç nəyimiz yoxdu. Qoy, yansın, heç olmasa beş-on manat sığorta ala bilərik.

"Bunlardan dava iyi gəlir"


Azad Yazarlar Ocağının bərk gedən vaxtlarıdır. Bir gün araçı vasitəsilə qurum Yazıçılar Birliyi ilə barışır. Fikrət Qoca xəbər göndərir ki, o şərtlə barışa bilərik ki, görüşə nümayəndə göndərin. Rasim Qaraca görüşə gedəcək nümayəndələri təqdim edir:
- Bizdən Qan Turalı, Aydın Savaş, Murad Köhnəqala olacaqlar.
Fikrət müəllim cəld etiraz edir:
- Yox, yox, bunları dəyişin! Qan, Savaş, Qala... bunlar müharibə terminləridir, bunlardan dava iyi gəlir. Elə adam göndərin ki, adları mülayim olsun...

 

"Həvəsi olmur yuxarı qalxsın"

Əhməd Orucun məktəbli vaxtlarıdır. Bir gün biologiya müəllimi məktəbə dəm gəlmiş Əhməddən soruşur:
- Əhməd, oğlum, deyə bilərsən ki, dağda yaşayan adamlar niyə çox yaşayır?
Əhməd:
- Bunu nə var bilməyə? Dağ kəndlərinin yolu-riz olmur. Dəniz səviyyəsindən neçə metr yuxarıdır. Əzrayılın həvəsi olmur da yuxarı qalxsın. Elə aşağıdan alıb qayıdır.

 

"Dörd dəfə satmışam, 3 gün sonra qaçıb gəlib"

Bir millət, Yedi Dövlət Konseyinin başqanı Azər Həsrətin Azərbaycan Aşıqlar Birliyinin sədri, ov həvəskarı Zəlimxan Yaqubun tazısına gözü düşür. Deyir ki, Zəlimxan müəllim, o tazını mənə satın. Zəlimxan razılaşır:
- Olduqca sadiq köpəkdi! Yüz faiz qarantiyam var.
Azər təəccüblə:
- Necə yoxlamısan?
Zəlimxan qımışır:
- Dörd dəfə satmışam, 3 gün sonra qaçıb gəlib.
 

"İstəyirsən, bir "kruq" da edək"


İki kasıb sevgili restoranın qarşısından keçir. Qız:
-Oxxayy! Nə qəşəng iy gəlir!...
Oğlan:
- Problem yoxdu, sevgilim. İstəyirsən, restoranın qarşısından bir "kruq" da edək...

 

"Gəl, mərc gələk"

Aktyor Nurəddin Mehdixanlı dostu Müdhət Aydınla söhbət edir.
- Murik, siqareti atıram...
Müdhəd təəccüblə:
- Ola bilməz! Mən inanmıram!
- İnanmırsan? Gəl mərc gələk.
- Nədən?
- Nədən?...Bir qutu ağ "Kent"dən..


Müxbir astroloqdan müsahibə alır:
- Necə oldu ki, bu sənətə gəldiniz?
Astroloq deyir:
- Uşaq vaxtı, qarşokda oturub ulduzları seyr edirdim. Tələbə vaxtı imtahana hazırlaşmaq əvəzinə balkonda uzanıb göylərə baxırdm. Axırda həvəsə düşdüm, gəlib astroloq oldum.

 

"Azərbaycanın cənub rayonlarından danışdıq..."

Millət vəkili, Milli Dirçəliş Hərəkatı Siyasi Partiyasının genel başqanı Fərəc Quliyev İrandan qayıdan kimi mətbuat konfransı keçirir. Millət vəkili deyir:
- Deməli, Tehrandayıq, mollalarla, İran prezidenti aparatının nümayəndələri ilə danışıqlar aparırdıq. 3 saatlıq görüşdə ancaq Cənubi Azərbaycandan danışdıq...
Elə bu yerdə həmin görüşdə olmuş hərəkatçılardan biri içəri girir, Fərəc bəyə tərs-tərs baxır. Fərəc bəy tez sözü dəyişir:
- Təbii ki, o qaramatın içərisində Güneydən danışmaq olmazdı. Biz Azərbaycanın cənub rayonlarından danışdıq...

 

Noxud falı

Müsavat-Milli Şuradan kənarda qalacaqsınız. Şuranın namizədi Əli Kərimli olacaq. "Bizim Azərbaycan" blokunun üzvlərindən əl çəkməyin. Sizə qalan onlar olacaq.
Azadlıq-Əhməd Orucun inəklər və qoyunlarla şəkillərini sosial şəbəkələrdə paylaşması imicmeykerlər tərəfindən yaxşı qarşılanıb. Noxudlar tövsiyyə edir ki, seçicilərlə görüşlərə də ayağınızda çəkələk gedin. Seçkiqabağı təşviqat mərhələsində isə inək və qoyunlar, atlarla şəkillərinizi paylaşın.
AXCP-Noxudların düzülüşü göstərir ki, Fuad Qəhrəmanlı seçkilərdən sonra partiyada sədrə qarşı hərəkat başladacaq. Yaxşısı budur ki, indidən onu "Müsavatla işbirliyində" suçlandırıb partiyadan çıxarın.
 

Ağız ədəbiyyatı

Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.

Mən aşiqəm Kərəcə,
Ərdəbilə, Kərəcə
Hamı yanından qaçır
Nə olubdur Fərəcə?
(KXCP-nin Nərimanov rayon şöbəsində yaradılıb)


Mən aşiqəm mandata,
Vəkilliyə, mandata
Mayisin kefi yoxdu
Həsrət qalıb mandata.
(Mayis Səfərli barədə "Yurd"da yaranıb)

Əzizinəm düşüncə
Yaxşı şeydi düşüncə
Lider ölsə yaxşıdı
Sözü yerə düşüncə.
(İctimai Palatada vahid namizəd axtarışları zamanı yaranıb)

Mən aşiq gülə bir də
Yol gedir Güləbirdə
Yarından ayrı düşən
Çətin ki gülə bir də.
(Cabbar Musayev barədə İmişlidə yaranıb)

Əzizinəm ar etməz
Aqil sirrin car etməz
Zırramaya, qanmaza,
Hər nə desən kar etməz.
(Serj Sərkisyan haqqında Tərtərdə yananıb)

 

Ən böyük firqə

Bakı şəhəri. Analitik Mərkəz. İki politoloq söhbət edir:
-Azərbaycanın ən böyük firqəsi hansıdır?
- KXCP.
- O niyə?
- Bax da, hansı partiyanın Təbriz, İzmir şöbəsi var? Heç birinin. Amma KXCP-nin var.
 

Bu necə ustadır?

"Kurtlar vadisi" serialının bərkgedən vaxtlarıdır. Bir gün bənna qonşusu aktyor Anar Heybətovla söhbət edir. Qonşusu deyir:
- Ay Anar müəllim, siz vadiyə baxırsız?
Anar təmkinlə:
- Hə, vaxt olanda baxıram.
Qonşu:
- Qardaş, qəribədir e, neçə seriyadı baxıram, o baş rolu oynayana "usta, usta" deyirlər, amma həmişə kostyumda olur, müəllim kimi. Heç onun əlində balta, mala görməmişəm.
Elanlar

-Alı İsmayılovun "Yox" hərəkatı yerli-dibli itdiyi üçün etibarsız sayılır. Hərəkatın yerini bilənlərədn xahiş olunur ki, məlumat versinlər.
- Çingiz Sadıxovun ATA blokunun, Tahir Kərimlinin Vədət Partiyasının siyasi oriyentri itmişdir. Tapanlardan xahiş olunur ki, ictimaiyyətə məlumat versinlər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31