"Türkiyə qeyri-qanuni atanızdı" - İYNƏ - YUMOR
3 May 2013 15:59 YumorAVİP sədri Əli Əliyev Türkiyənin televiziyasına baxır. Proqramların birində yayımlanan "Analiz" verilişində qonaq olan erməni patriarx Aram Atəşyan maraqlı açıqlama verir. Keşiş deyir: "Ermənistan atamız, Türkiyə anamızdır". Əli Əliyev qımışır:
- Bəs Rusiya? Atanız onlar idi axı...Onda Türkiyə qeyri-qanuni atanızdı.
"O qədər manipulyasiya ilə məşğul olur ki..."
Rayondan qayıdanda AXCP funksionerləri Fuad Qəhrəmanlı, Natiq Ədilov və Nurəddin Məmmədli qəzaya düşürlər. Xoşbəxtlikdən bəylər yüngül xəsarətlə qurtarırlar. AXCP rəhbərləri başda Əli Kərimli olmaqla xəstəxanaya gedirlər. Hamı eyni palatada olur, təkcə Fuad Qəhrəmanlı gözə dəymir. Əli Kərimli tibb bacısından soruşur:
-Fuad hardadı, bəs?
Tibb bacısı:
- O xəstəxananın manipulyasiya otağındadır...
Əli Kərimli deyinir:
- Bu adam partiyada o qədər manipulyasiya ilə məşğul olur ki, xəstəxanadada manipulyasiya otağındadır.
Tarixi deyimlər
Babək Xürrəmi:
- Mənim susuz, çörəksiz qaldığım günlər olub, amma ümidsiz qaldığım gün, hələ olmayıb.
Nəsimi Məmmədli:
- Mənim ümidli, cəbhəli, yurdlu günlərim çox olub. Amma pulsuz qaldığım günüm heç olmayıb.
Əhməd Oruc:
- Mənim ümidsiz günüm olub, amma qatıqsız, şorsuz, ayransız günüm olmayıb.
İqbal Ağazadə:
- Mənim AXC-li, VBP-li günlərim olub, amma ümidli günlərimin yerini heç nə verməz. Çox bərəkətli partiyadır.
Müəllim sinifdən çıxanda...
Məleykə Əsədovanın qızı evə qanıqara gəlir. Anası soruşur:
- Nə olub, mələyim?
- Müəllim mənim qulağımı dartdı.
- Niyə?
- Müəllim dərsini qurtarıb sinifdən çıxanda dedi ki, "Uşaqlar, müəllim çıxanda nə deyirlər". Mən də dedim ki, "Allaha şükür". O da mənim qulağımı dartdı...
"Ağlıma gic-gic şeylər gəlib"
Mİlyarderlər İttifaqının üzvü "AST Telman" ləqəbli Telman İsmayılov bir gün təyyarədə Antalyaya kefə uçur. Havada təyyarə nasazlayır. Hamı dua eləməyə başlayır. Telman da dua edir, yalvarır:
- Ay Allah, sən kömək ol, təyyarə düşməsin, ölməyim, qayıdanda varidatımın 90 faizini kasıblara paylayacam...
Pilotların və texniki heyətin sayıqlığı nəticəsində təyyarə sağ-salamat eniş edir. Yerdə Telmanın yadına vədi düşür. Milyarder deyinir:
- Allahım, sən məni bağışla, bayaq ağlıma gic-gic şeylər gətirmişəm.
"Bəs turpu kim rəngləyir?"
Erməni çaxırından içib keflənmiş Serj Sərkisyan arvadı Sveta ilə söhbət edir. Sveta:
- Ay kişi, görən kosmosda həyat var?
- Bəli. Bəs Uçan Naməlum Obyekt nədir?
- Bəs yerin altında necə həyat var?
Serjik "dəmir məntiqi"ni işə salır:
- Əlbəttə var, arvad. Bəs yerin altında adam yoxdursa, yer kökünü, turpu kim rəngləyir?
"Bu günü gərək elə qeyd edək ki.."
Qaynanası Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin iş yerinə gəlir.
- Volodya, bu gün qızımla sənin evlilik gününüzdür. Neyləmək fikrindəsən? Qeyd edəcəksiz?
Jirinovski qanıqara halda:
- Mütləq! Biz bu faciəvi günü gərək elə qeyd edək ki, uzun müddət yaddaşlarda qalsın.
"İnəyə "sevgi" ilə"
Yurddaş Partiyasının sədri Mayis Səfərli Azadlıq Partiyasının sədri Əhməd Orucdan soruşur:
- Əhməd, inəklərinə nə edirsən ki, gündə 70 litr süd verir?
Əhməd inəyə baxıb gözlərini ağardır:
- Ancaq sevgi ilə. Elə deyilmi, "Qaragöz"? Məsələn, süd sağmağa gələndə deyirəm: -Qaragöz, bu gün süd olacaq, ya ət? O dəqidə yola gəlir və bol süd verir.
"Atan gəlsin,deyəcəm"
ADP sədrinin müavini Zakir Hüseynin oğlu qonşunun ərik ağacına dırmaşıb meyvə yeyir. Bunu görən qonşu qəzəblə bağırır:
- Ay bala, sən öl, atana deyəcəm. Belə olmaz axı...Düş ordan yerə! Qoy, atan gəlsin...
Oğlan qımışır:
- Atam gəlib da.
- Hardadı?
- Odur e, o biri ağacda ərik yeyir.
"Ona görə cəhənnəmə gələn olmur"
Şəkili Məsim müəllim dünyadan köçür. O dünyada cəhənnəmə düşür. Qapıdan içəri girən kimi iki yekəpər qara bunun başına toppuz vururlar. Yerə sərilən Məsim müəllim ayağa durub, başının qanını silir və deyir:
- Bax, belə eleyursuz ki, bu xarabaya gələn yoxdu daa.
"Deyəsən sürüdən ayrı düşmüsən"
Gənc Bako Saakyanın kənddən şəhərə-İrəvana təzə gəldiyi günlərdir. Bir gün Bako parkda qızla tanış olmaq istəyir. Qıza yaxınlaşıb söhbət açmaq istəyən Bako mövzu tapmır, az düşündükdən sonra deyir:
- Xanım, burdan qoyun sürüsü keçdi, görmədiniz?
Xanım istehzayla dillənir:
- Gördüm, sən deyəsən sürüdən ayrı düşmüsən. Düz get, sağa dön, sürüyə çatacaqsan.
"Onsuz da kimsə gəlmir"
Sarayda konsert verməyə hazırlaşan gənc müğənni Rüfət Axundov sevdiyi qıza deyir:
- Əzizim, sabahkı konserti sənə həsr etmişəm. Sabah ancaq sənin üçün oxuyacağam!
Sevgilisi nazla:
- Əzizim, əziyyət çəkmə, onsuz da sizin konsertlərə məndən başqa kimsə gəlmir.
"Heç olmasa beyninə oksigen gedər"
"Benfika" ilə oyundan uduzub qayıtmış "Fənərbağça"nın baş məşqçisi Aykut Kocaman "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin yanına gəlir.
- Fatih hoca, mənə məşqçiliyin sirrlərini öyrət.
Hoca bir xeyli danışır. Görür ki, Kocamana bir şey çatmadı. Deyir:
- Futbolu, məşqçiliyi anlamaq istəyirsənsə, 1 saat açıq havada gəz.
- Hocam, nə əlaqəsi var?
- Onsuz da futboldan anlamırsan. Heç olmasa beyninə oksigen gedər.
"Pensiyama dəymə, ayrı nə gəlsə, sənin olsun"
Aktyor Müdhət Aydın nənəsinin yanına gəlib dil tökür:
-Can nənə, qurban olum sənə! Sənə gələn, mənə gəlsin!
Nənə bic-bic gülür:
- Pensiyama dəymə, ayrı mənə nə gəlsə, sənin olsun!