“İynə” - “İstəyirsən qal orda, düşmə” - YUMOR
8 İyun 2012 18:03 YumorElman Türkoğlunun kirayə yaşadığı həyətdə elektrik kəsilir. Montyor çağırırlar. Montyor deyir:
- 6 manat verəcəksən.
- Altı niyə? -Elman təəccüblə soruşur.
- İki manat işıq dirəyinə dırmaşacam, ona görə. İki manat işığı düzəldəcəm, xətti bağlayacam, İki manat da dirəkdən düşəcəm.
Elman razılaşır. Montyor işığı düzəldir. Baxır ki, Elman gedir. Soruşur:
- A kişi, hara?
Elman qımışır:
- Pulu daşın altına qoymuşam. Dörd manatdı.
- Dörd niyə?
- Mən dirəyəçıxmağına və işığı düzəltməyinə pul vermişəm. Düşmək öz kefindi, istəyirsən qal orda, düşmə.
Noxud falı
Müsavat- Noxudlar müttəfiqinizin xəyanət edəcəyini bəyan edir. AXCP-nin sizdən kənarda ACP və ADP ilə danışıqlar apardığı noxudlara məlum olub. Sizi İP-dən kənarda qoya bilərlər.
ACP-Sülhəddin Əkbər sədrliklə razılaşmayacaq. Yaxın gələcəkdə başqanlıq postu yaradıb Rəsul Quliyevi partiyadan uzaqlaşdıra bilər. Ehtiyatlı olmağınız məsləhətdi.
"Sədrin mənim adamımdı"
Sülhəddin Əkbərin ACP-yə sədr olduğu günlərdi. Rəsul Quliyev İsa Qəmbərə telefon açıb mələnir:
- Başqan, xəbərin var, sənin adamın artqı mənim sədrimdi.
Başqan söz altda qalmır:
- Xəbərin var, sənin sədrin hələ də mənim adamımdı?
"Onsuz nəfəs ala bilmərəm"
Mayis Səfərli sevgilisi haqqında telefonda danışanda evdə yaxalanır. Soruşurlar:
- Eşitdim hamısını. "Onsuz nəfəs ala bilmirəm"...Kimdi o adam?
Mayis and-aman edir:
- Nə adam? Həkimlə danışırdım. Burnumdan bəhs edirdim. Deyirəm burnum tutulur, deyir ağzınla nəfəs al. Mən də deyirdim ki, burnum olmadan nəfəs ala bilmərəm.
Qaynana-gəlin söhbətləri
Hafiz Hacıyevlə Təranə Ramazanova söhbət edirlər. Hafiz:
- Qaynana nədir?
Təranə obrazlı cavab verir:
- Qaynana çaydandır.
- Bəs gəlin?
- Gəlin də çaynik. Çaydan qaynadıqca çaynik dəmlənir.
- Bəs kişi nədir?
- Kişi stəkandı. Baldız da çay qaşığı. Arada gəlib qarışdırıb gedir.
Facebookda məzəli elan
Dünən gecə saat 03.00 radələrində sağ ayağıma geyindiyim corab ayagımdan çıxmış və bir daha geri qayıtmamışdır. Görünüşü: qara rəngdə, altında iki dənən 3x4 ölçüdə deşik, var. Kəskin qoxuludur. Görüb, duyanlar xəbər eləsinlər.
Vartanla hakimiyyət söhbəti
Ermənistanın paytaxtı İrəvan şəhəri. Məktəbli oğlu xaricə səfər etməyə hazırlaşan Vartanın yanına gəlib deyir:
-Ata, o gün anam deyir ki, atan prezident, mən hakimiyyət, nənən millət, sənsə xalqsan. Düzdü?
- Düzdü.
Üstündən 1 həftə keçir. Oğlu Vartana telefon açır:
- Ata, təcili qayıt! Hakimiyyətə təzə prezident gəlib, millət yatıb, xalqsa çox narahatdi.
Ən "mehriban cütlüklər"
Gənc şairlər üçün master-klass.
-Çay-limon, Çips-kola, Yağış və sevgili, Sən və o, "Qaib" və pulgir professor, Şirin yuxu və zəngli saat, Bozbaş və Azərbaycan şou-biznesi.
Meydan nəğmələri
-Hava yaman soyuqdu,
Ermənilər toyuqdu!
-Biz ölərik, Neməti tərk etmərik!
Poeziya çələngi
Bayram Kürdəxanalıdan yeni şeirlər
Nə bomba yerdi bulvar.
Soyuqda da yeri var.
Günəş göydə sarıdı.
Göydə uçan arıdı.
Günəş batdı biranlıq.
Hava oldu qaranlıq.
A yordu, yordu, yordu.
Görək kim kimi yordu.
Yoruldunsa uzan yat.
Biraz dincəl, ay brat.
"Kimə nə lazımdırsa, onun üçün çalışır"
Rusiya Federasiyasının Volqoqrad şəhəri. Zavodda işləyən bir azərbaycanlı ilə erməni söhbət edirlər. Erməni:
- Siz pul üçün çalışırsız. Amma biz şərəf üçün, namus üçün!
Azərbaycanlı təsdiq edir:
- Düz deyirsən. Həyatda kimə nə lazmdırsa, onun üçün çalışır da.
"Babasili də o cür müalicə edə bilirsən?"
Vladimir Jirinovskinin qoca vaxtlarıdı. Bir gün Volodya parkda gəzişərkən bir oğlanla qızı parkda oturacaqda söhbət edən görür. Dinşəyir. Oğlan deyir:
- Əzizim, gözüm ağrıyır.
Qız:
- Gəl, öpüm, sağalsın.
Oğlan:
- Canım, burnum ağrıyır...
- Gəl, öpüm sağalsın
Bu yerdə Vladimir ilə çıxıb deyir:
- Ay bala, babasili də o cür müalicə edə bilirsən?
"Bu ikinci arvadımdı"
İranda bir nəfər həkimə zəng edir:
- Həkim, xahiş edirəm, tez gəlin, arvadımın kor bağırsağının ağrısı tutub!
Həkim narazı halda:
- Ay yoldaş, mən sənin arvadının kor bağırsağını kəsmişəm axı. Bir adamda iki kor bağırsağı olmaz!
Kişi qımışır:
- Bir adamda iki kor bağırsağı olmaz, amma iki arvad ola bilər. Bu, ikinci arvadımdı.
"O zaman İP "banan palata" olar ki"
İbrahim İbrahimli İctimai Palatada çıxış edir.
- Mən təklif edirəm ki, İctimai Palatanın heç bir qurumu olmasın. Açıq olsun hər şey. Üzvlük də, rəhbərlik də. Koordinasiya Şurası buraxılsın, Hər dəfə iclasa həmin gün sədr seçilsin, o da qurumu idarə eləsin.
Pənah Hüseyn replika atır:
- Bəy, o zaman İctimai Palata "banan palata" olar ki.
Ağız ədəbiyyatı
Siyasətçilər, deputalar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri
Vətənin parçasıdı
Təbriz, Miyana, Kərəc.
İranın düşmənidi
Ərdoğan, bir də Fərəc.
(Milli Dirçəliş Hərəkatı Siyasi Partiyasının başqanı Fərəc Quliyev barədə Güneyin Qaradağ mahalında yaranıb)
Mən aşiqəm kamala
Mərifətə, kamala
Turanda yoxdu çatan
Liderlikdə Camala.
(Aqil Camal barədə Təbrizdə yaranıb)
Əzizim qəlbiləndi
Ay doğdu, qəbiləndi
Nəyə desən and içim.
Arzu Əligilnəndi.
(Arzu Səmədbəyli haqqında Müsavatın Xətai təşkilatında yaranıb)