100 metrə neçə saniyəyə qaça bilərsən? - İYNƏ - YUMOR

Robert Köçəryanın gənc və kasıb vaxtlarıdır. Bir gün Robik arvadı ilə restorana gedir. Yeyib-içəndən sonra hesab istəyirlər. Qarson hesabı gətirir. Qanı qaralan Robik pıçıltı ilə arvadına deyir:
- Canım, 100 metri neçə saniyəyə qaça bilərsən?
Arvadı qəzəblə bağırır:
- Allah bəlanı versin! Bu dəfə də vermədən qaçacağıq?!


Ötən həftənin hadisələri

"İynə"nin "Praqma" Araşdırma Mərkəzi ötən həftənin ən mühüm hadisələrini sıralayıb. Oxucular üçün maraqlı olacağını nəzərə alıb siyahını sizə təqdim edirik.
1. ABŞ dövlət katibi Con Kerrinin Şimali Koreyanı hədələməsi.
Ekspertlər hesab edir ki, Kerrinin bəyanatı bölgədə yeni müharibə ocağının yaranmasına gətirib çıxara bilər.
2. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ABŞ-a səfəri və orada keçirdiyi görüşlər. Mərkəzin politoloqları belə hesab edir ki, Fuad Qəhrəmanlının ABŞ-da görüşləri elə-belə deyil, ciddi nəticələr doğuracaq. AXCP yetkilisi qayıdan kimi ciddi mesajlarla çıxış edə, azaqlıq istəyən xalqlara "Yanınızdayıq" ismarıcını verə bilər.
3. Mərkəz ekspertləri üçüncü mühüm hadisə kimi Suriya müxalifətinin paytaxt Dəməşqdə güclü həmlələrə başlamasını, prezident Bəşər Əsədin tamamilə sıxışdırılmasını göstərirlər.
4. Planet əhəmiyyətli dördüncü böyük siyasət adamı, fəal ictimaiyyətçi, güclü şəxsiyyət, Böyük Millət Partiyasının qurucusu Samir Adıgözəllinin DAK-ın icra aparatının rəhbəri təyin olunmasıdır. Ekspertlərin fikrincə, Samir kimi önəmli fiqurun, böyük siyasət adamının, nəhəng diplomatın bu posta təyin olunması İran, Rusiyan və Çinin maraqlarına ziddir və bu ölkələrdən sərt diplomatik basqılar gələ bilər.
5. Ekspertlər beşinci yerə Rusiyanın Qafqazda aktivləşməsi hadisəsini qoyurlar. Hesab olunur ki, Kremlin yeni siyasət təqib eləməsi bölgədə fərqli siyasi situasiyanın yaranmasına gətirib çıxaracaq.


Bir də gördün sədr olmağa həvəsləndi...

AXCP sədri Əli Kərimlinin evi. Sədr "Azadlıq" qəzetinin rəhbərləri ilə söhbət edir. Görüşdə Rahim Hacıyev, Sücəddin Şərifov və Seymur Həzi iştirak edirlər. Rahim Hacıyev deyir:
- Bəy, tapşırdığınız kimi sədr müavini Fuad Qəhrəmanlının ABŞ-da keçirdiyi görüşlərə önəm veririk. Bütün görüşləri izləmişik, yüksək səviyyədə təqdim etmişik...
Seymur Həzi:
-Yaxşı alınıb. Piar işi yaxşı gedir...
Sücəddin Şərifov:
- Bəy, Müsavat artıq narahat olmağa başlayıb. Qısqanırlar bizi.
Əli Kərimli narahatlıqla:
- Çox da qabartmayın. Bir də gördün, gələn kimi sədr olmağa həvəsləndi, dördüncü cəbhə yaratdı.
 

İranda narahatlıq

İsfahan. İranın dərin dövlətinin gizli yığıncağı. Ağsaçlı generallar, əmmaməli mollalar söhbət edir:
- Bakıdan qara-qara xəbərlər gəlir. İran iqrinin, Kəyan taxtının, fars dövlətçiliyinin ən böyük düşmənlərindən biri Samir Adıgözəlli fəallaşıb.
Ağsaçlı general:
- Mən bu adamı yaxşı tanıyıram. Tək bir bəyanatı ilə bütün türk dünyasını ayağa qaldırmaq gücündədir. Bu adamı təcili durdurmaq lazımdı...

 

AMİP sədri Etibarnamə yazır

AMİP-in ofisi. Sədrin qəbul otağı. Əli Oruclu ilə Ayaz Rüstəmov söhbət edirlər. Ayaz:
-Yusif Bağırzadə içəridədir?
- Bəli.
- Nə iş görür?
Əli təmkinlə:
- Mühüm işim var, dedi. Deyəsən Etibarnamə yazır.
Ayaz təəccüblə:
- O da məddahlığa keçdi? "Etibarnamə" yazır? Nəzmlə?
Əli gülür:
- A kişi, elə etibarnamə yox e. Mənim adıma etibarnamə yazır ki, onu görüşlərdə təmsil edim, sənədlərə imza atım.

İşgəncə almaq da var

İki dilçi söhbət edir.
- Niyə "İşgəncə vermək" sözü var, amma "İşgəncə almaq" sözü yoxdur?
- İşgəncəni necə almaq olar ki?
- Olar. Məsələn, əlacsızlıqdan çox danışan, zəhlətökənin biri ilə 2 saat danışmağa məcbursansa, bu işgəncə almaqdır.


Facebook lətifələri

"Poza verib, gülümsünüb"

Həkim ölünün üzündəki mələfəni qaldırıb təəccüblənir:
- Bu niyə gülümsünür? "Bəyin oğurlanması" filminə baxanda ölüb?
Qohumları:
- Əşi, yox e, çöldə ildırım vurub. Göydə şimşək çaxanda elə bilib ki, aparatdı, şəklini çəkirlər, poza verib, gülümsünüb.


Həyəcan

Əvvəllər valideynlər həyəcan keçirərdilər ki, ay Allah, uşaq doğulanda oğlan olacaq, yoxsa qız. İndi həyəcan keçirirlər ki, uşaq böyüyəndə oğlan olacaq, yoxsa qız...


"O möhtəşəm səhnəni hamı görüb, mən yox"

Məleykə Əsədovanın məktəbdən gələn qızı evdə ağlayır. Anası soruşur:
- Nə olub, gözəl balam? Niyə ağlayırsan?
- Riyaziyyat müəllimi bufetdə yıxılıb...
- Heç nə olmaz, mənim balam. Görərsən, sabah gələcək.
Uşaq ağlamağa güc veriri:
- Mən ona yanmıram e. O möhtəşəm səhnəni hamı görüb, mən yox.


Dükanda

Yaşar Türkazərin kasıb və ac vaxtıdır. Mağazaya girən Yaşar satıcıdan soruşur:
-Kolbasa və çörək təzədi?
Satıcı:
- Bəli, elə indicə gəlib.
Acından udqunan Yaşar yazıq-yazıq:
- Çox mübarəkdi, deyib, çıxır.

 

"Qorxdum ki, ürəyi partlayar"


Aktyor Müdhət Aydının Rusiyada yaşayan vaxtlarıdır. Bir gün Müdhət yolda maşınla adam vurur. İş məhkəməyə düşür. Hakim Müdhətdən soruşur:
- Qoca qarıdır vurduğun, gözü görmür, qulağı eşitmir. Görürsən yolu keçir, siqnal verərdin də...
Müdhət özünü belə müdafiə edir:
- Vallah, istədim siqnal verəm e, amma ehtiyat elədim ki, birdən qəfil siqnaldan qorxub ürəyi partlayar.

 

Xəzərin məntiqi

Xəzər Teyyublunun məktəbli vaxtlarıdır. Coğrafiya dərsində müəllim Xəzəri qaldırıb sual verir:
-A bala, de görüm, Ay uzaqdadı, ya Avstraliya?
Xəzər:
-Avstraliya.
- Elə niyə?
Xəzər təmkinlə:
-Ay görünür, amma Avstraliya yox.

 

"İki yaşında uşaq da ingiliscə danışır"


Bakıda ingilis dili kursunu bitirmiş lovğa bir gənc layihə çərçivəsində Londona səfər edir. Bakıya qayıdanda məhlədə təəssüratını danışır.
- Alə, London bomba şəhərdi. Görməli yerləri çoxdu. Camaatı da bizim kimi döyüllər e, çox savadlıdırlar. Alə, Londonda iki yaşında uşaq da ingiliscə danışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31