“Mənə solçu yox, qolçu lazımdı” - İYNƏ - YUMOR
29 Mart 2013 17:02 Yumor"Şərq" qəzetinin hər il keçirdiyi media orqanları arasında futbol turnirinə "Gündəlik Teleqraf" qəzetinin kollektivi də iştirak ərizəsi verir. Taleh Şahsuvarlı komandaya oyunçu yığır.
- Qapıda Zahid Nurəli, müdafiədə Nemət Oruclu, Üzeyir, orta xəttdə Dilqəmlə mən. Bəs hücumçu?...
Elçin Bayramlı irəli atılır:
- Hücuma məni yaz!
Taleh əsəbi tonda:
- Mənə solçu lazım deyil e, qolçu lazımdı.
Qaraqalpaq ayrılıb müstəqil olsa...
Bir Millət, Yeddi Dövlət Konseyinin baronu Azər Həsrət Özbəkistana səfər edir. Tarixçi, dilçi, politoloq və sosioloqların iştirakı ilə keçirilən toplantıdan sonra mətbuat konfransı düzənlənir. Azərbaycandan gələn qonaqlara suallar ünvanlanır. Özbəkistan mətbuatının "natiqcavadlısı" olan bir demoqoq jurnalist təxribatçı sual verir:
- Sayın başqan, Qaraqalpaq Muxtar Respublikası Özbəkistandan ayrılıb müstəqil olsa, nə baş verər?
Sağda, solda Özbəkistan xüsusi xidmət orqanlarının əməkdaşlarını görən Azər Həsrət suala diplomatik tərzdə cavab verir:
- Qaraqalpaq Muxtar Respublikası Özbəkistandan ayrılıb müstəqil olsa...o zaman bizim təşkilatın adı dəyişib Bir Millət, Səkkiz Dövlət Konseyi olacaq.
Jurnalistlərin iş planı
Bir Millət, Yeddi Dövlət Konseyinin genel baş buğu Azər Həsrətin yazı cədvəli.
Başqan gələn ay 4 yazı yazmağı planlaşdırır.
Şair Əkbər Qoşalı ilə bağlı "Bir Əkbər var-Qoşalı", jurnalist, QHT sədri Aqil Camalla bağlı "Bir Camal var-Aqil", jurnalist Nadir Azəri ilə bağlı "Bir Azəri var-Nadir, şair Zahir Əzəmət barədə "Bir Əzəmət var-Zahir" yazılarını işləyəcək.
Aldığımız məlumata görə, Zabil Müqabiloğlu aprel ayında 4 portret oçerk yazacaq. Onun Aqil Abbas barədə yazdığı yazı "Aqil gəldi, Aqil getdi" adlanacaq. Şair Qabil barədə yazı "Qabil gəldi, elə Qabil də getdi", Söhrab Tahir barədə yazısı "Söhrab gəldi, Tahir getdi", Vahid Qazi barədə yazısı "Vahid gəldi, Qazi getdi" adlanacaq.
"Pişik Güneli də çağır"
Özəl telekanalların birindən millət vəkili Aqil Abbasa zəng gəlir.
-Aqil müəllim, sizi "Ailə institutunun qorunması" mövzusunda debata dəvət edirik.
-Qonaqlar kimdi?-deyə, Aqil bəy soruşur.
-Nadir Qafarzadə, Arzu Mələk və s.
Aqil əsəbi tonda:
-Qardaş, ta məni neynirsən, ailə məsələləri onlardan soruşsan yaxşıdı. Sadəcə, sən belə elə də, Nuri Suri, Pişik Güneli da çağır, qoy heyət tam olsun.
"Uzundərədən çıxıb, Ağdama girdik"
Ümid Partiyasının qərargahı. Nəsimi Məmmədli partiyadaşlarına birinci Qarabağ müharibəsindəki igidliklərindən danışır:
-Deməli, tələbələrdən ibarət döyüşçü dəstəsi mənim rəhbərliyimlə Uzundərədən Ağdama doğru irəli atıldı...
Bu yerdə köhnə Ağdam döyüşçülərindən biri içəri girir. Nəsimi ustalıqla sözü dəyişir:
- "Uzundərə" restoranından çıxdıq, hamımız da dəmik, girdik "vosmoy"dakı "Ağdam" çayxanasına. Orda bir qəşəng domino oynayıb, dağılışdıq.
"İnstitut məsələləri mənlik deyil"
Tərəqqi Partiyasının ofisi, Çingiz Dəmiroğlunun kabineti. Köməkçisi içəri girib Çingiz Dəmiroğluna deyir:
-Çingiz müəllim, sizi "Ailə institutunun təbliği" adlı tədbirə dəvət edirlər...
Çingiz bəy cəld dillənir:
-Mənlik döyül, belə məsələlər. Bizim o institutda dərs deyən üzvümüz var e, bax ona zəng elə de, sabah dərsdən sonra getsin. İnstitutdu, univeristet işləridi, onluqdu.
TV menyu
"Sədr" TV-nin axşam verilişləri
19.00 "Ədəb dünyası" Nuri Suri ədəbdən, əxlaqdan danışacaq.
19.45 "Dünya futbolunun korifeyleri". Dino Zoff, Şahin Diniyev, Frans Bekkenbauer.
20.00 "Xəbərlər"in xüsusi buraxılışı Sakit Ocaqlının təqdimatında. İsmayıllı rayonunun İvanovka kəndində məhsul yığımına həsr olunur.
20.45 "Maraq dünyamız". Aparıcı Sevda Ağazadə
21.30 "Araq dünyamız". Əhməd Orucun təqdimatında
22.00 Futbol üzrə İspaniya çempionatı. Barselona-Real Madrid qarşılaşması. Şərhçi Fikrət Adıgözəlli oyun boyu 1986-cı il Bakı spartakidasından danışacaq.
23.15. "Nağıl axşamı". Balaca balalara nağılları danışır Arif əmi (Hacılı).
"Adını düz deməsəm, xoşuna gələr?"
Bakıda təhsil alan çex tələ və Yulis Fuçik "İynə"yə müraciət edərək "Lider" telekanalının futbol şərhçilərinə etiraz edib:
- Bizm ölkənin adını Çeşiya kimi tələffüz edirlər. Mən Nəriman Mehdiyevə Dəyirman Mehdiyev, Şəmsəddin Abbasova Şəmabbas Dinbasov desəm, xoşuna gələr?...
Biri də artdı...
AXCP sədri Əli Kərimlinin üçüncü övladı Timurun dünyaya gəlməsinə reaksiyalar:
Statistika şöbəsinin müdiri:
"Daha bir uşaq artdı"
Bağça müdirəsi:
-Daha bir uşaq artdı.
AXCP təşkilat şöbəsinin müdiri Məcid Kərimov:
"Daha bir cəbhəçi artdı"
Müsavat təşkilat şöbəsinin müdiri:
"Rəqibimizin biri də artdı"
KXCP təşkilat şöbəsinin müdiri:
"Yurdçunun biri də çoxaldı".
Ağız ədəbiyyatı
Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şihafi xalq ədəbiyyatı nümunələri
Mən aşiqəm Tərtərə,
Goranboya, Tərtərə
Zahid Bərdəyə yaraşır.
Həmzəoğlu Tərtərə.
(Kamil Həmzəoğlu barədə Tərtərdə yaranıb)
Əzizinəm Pekini
Tokionu, Pekini.
Ağrı dağı boydadı
Qəlbində türkə kini.
(Zori Balayan haqqında İrəvanda yaranıb)