Alqışlar, qarğışlar - İYNƏ

- Adına kreditə telefon götürmüş qız Türkiyəyə ərə getsin.
- Səni görüm, adına kredit götürən adam xəstə düşsün!
- Ayağın banklardan yığışmasın.
- Evinə ev əşyalarını siyahıya almağa məhkəmə icraçıları gəlsin!
- Telefonunuza "Kredit borcunuz sona çatdı" mesajı gəlsin!
- Heç bir banka borcunuz olmasın!
- Kreditə heç ütü də götürməyəsən.


Böyrəkdə daşın hərəkəti nəzarətə götürülüb

Kinodramaturq Rüstəm İbrahimbəyov Fransada xəstəxanaya düşüb. Onun böyrəklərində problem var. Qatı ultrasağ müxalifətə yaxın "Qığılcım" qəzetinin yazdığına görə, həkimlər daşı çıxara bilməyiblər. Saytın məlumatı bu sözlərlə bitir: "Kinodramaturq evə buraxılıb. Lakin həkimlər daşın hərəkətini izləmək üçün onu bir neçə gün nəzarətdə saxlayacaqlar". Belə çıxır ki, Rüstəm bəyin böyrəyindəki daşın hərəkəti nəzarətə götürülüb.
 

Yeniyetmə yaradıcılığından

-Açıq-saçıq geyinib özünü oğlanlara göstərən qız! Unutma ki, qənddandakı soyulmuş konfeti, meyvə qabındakı soyulmuş almanı heç kim yemək istəmir.
- Məndən soruşdular: Həyatında biri var?
Dedim:
- Birində həyatım var!
"İynə"nin reaksiyası: Pah, atonnan, romantikaya bax e!

 

"Marşrutlar birləşib"

Ruhi xəstəxananın iki xəstəsi qaçır. Dayanacaqda dayanıb avtobus gözləyirlər ki, şəhərə getsinlər. Xəstələrdən biri soruşur:
- Neçə nömrəli avtobusu gözləyirsən?
- 7 nömrəli. Bəs sən?
- 8 nömrəni.
Birdən qarşıdan 78 nömrəli avtobus gəlir. Dəlilərdən biri deyir:
- Davay, ikimiz də minək. Marşrutlar birləşib, deyəsən.


"Arvadın getməyini gözləyirdim"

Aktyor Şamil Süleymanov evə iki saat gecikir. Evdə soruşurlar:
- A kişi, hardasan?
Şamil qımışır:
- Bir xanım 100 manatını saldı, itirdi...
- Sənə nə? Sən də kömək edirdin?
Şamil gülür:
- Yox e, pul düşdü, ayağımı qoydum üstünə, arvadın getməyini gözlədim. O da zalım qızı iki saata getdi. Ayaq üstə bitmişdim orda.
 

"Elə bildim, işığı kəsiblər"

Müdhət Aydının evi. Aktyor uzanıb istirahət edir. Birdən başılovlu onu oyadırlar:
- Ay kişi, qalx e, qonşunun oğlu damarlarını kəsdi!
Müdhət laqeyd halda:
- Mən də deyirəm, işığı kəsib, qazı kəsib...Damardı, tikəcəklər yerinə.

 

Məzəli testlər

Ən çox salfet kağızı harda işlənər?

a) Milli parkda
b) Marşrutda
c) Yasda
ç) İlham Mirzəyevin verilişində

Kamran Ağayev harda yaxşı durar?

a) Milli komandanın qapısında
b) Marşrutun qapısında
c) Kinoteatrın giriş qapısında
ç) Toyxananın qapısında

Adil Qeybullanı hansı palatada tapmaq olar?

a) Respublika xəstəxanasının palatasında
b) İctimai Palatada
c)Hesablama Palatasında
ç) Gənclər palatasında.



4-5 qeyri-hökumət təşkilatı işlədən adamı tapın

a) Razi Nurullayev
b) Əli Quliyev
c) Osman Gündüz
ç) Vüqar Tofiqli

 

"Raziləşdirilmiş" piar materialları

AXCP sədrinin müavini, politoloq, sosioloq, poloqlot Razi Nurullayevin seçki təbliğat materiallarından seçmələr.

- Qolosuyte, za Razi!
- sRazu seçin!
- Seçin, Razi qalacaqsınız
- Heç kim Ondan naRazı qalmayacaq!
- Razİləşin ki, razı qalasınız!
- Həyatınızı Raziləşdirin!
- Allah ondan Razi olsun!

 

Facebook gülməcələri


- Avtobusda burnumu çəkdim, yanımdakı qız "nuş olsun" dedi. Mən də qayıtdım ki, "Qonaq ol". Uff, çantası yaman ağır imiş...
-

"Tənha olmaq istəmirsənsə..."

Tənha şairə qadın Aqil Camalla dərdləşir:
- Gecələr tək oluram, darıxıram. Divarlar üstümə gəlir...
Başı qəzet oxumağa qarışmış Aqil qadını başından edir:
- Tənha olmaq istəmirsənsə, gecələr güzgünün qarşısında dur. Nə qədər istəyirsən danış.



"O maşındı"

Gənc bəstəkar Turla Bakuvi balaca qızına xarici maşını göstərib körpə dilində deyir:
- Bax, qızım, dığınndı. (yəni maşındı)
Qız cəld dillənir:
- O dığınn-zad deyil, Nissan X-klass cipdi.


Liderin məntiqi

Partiyası iflasa uğramış ultra radikal millətçi partiyanın başqanı kənddə uşaqlarla söhbət edir:
- Ağcaqanadları öldürməyin! Çünki onların damarlarında bizim ulu, saf qanımız axır.
 

Yeniyetmə yaradıcılığından seçmələr

- İmtahana hazırlaşmağın yalnız bir yaxşı cəhəti var: Mağazaya, bazara göndərmirlər, zibili atmağa buyurmurlar. Elə deyirlər otur, dərsini oxu.
- Birinə istədim könül verəm, əvəzinə keçmiş sevgilim Könülün nömrəsini verdim.
- İki qadının qeybət etməsi üçün bir-birini tanıması lazım deyil. Yan-yana oturmaları bəsdi
 

"Bahalı evdə yaşayacağıq"

Aktyor Anar Heybətovun kirayədə qaldığı vaxtlardı. Bir gün Anar sevincək deyir:
- Ay xanım, muştuluğumu ver!
- Nə olub, a kişi?
Anar ironiya ilə:
- Axır ki sən deyən oldu! Çox deyirdin ki, bahalı evdə yaşayaq.
- Nə olub, köçürük?
- Yox e, nə köçmək. Ev sahibi kirayə qiymətini qaldırdı.
 

Yanlışlıq

Ötən sayımızda Azərbaycan Demokrat Partiyası ilə bağlı yazıda səhvə yol verilib. "Zakir Hüseynov, Nurəddin İsmayıl və Həsrət Rüstəmovun Ağdamda təşkil etdikləri görüş maraqlı olub" cümləsi korrektorun xətası üzündən belə verilib: "Zakir Hüseynov, Nurəddin İsmayıl və Həsrət Rüstəmovun Ağdamda təşkil etdikləri görüş araqlı olub".


Diqqət Kamilin statuslarına!

"İynə"yə sızan ilginc bilgiyə görə, Nazirlər Kabineti gələn ildən nazirlik, komitə və dövlət agentliklərinə göstəriş verəcək ki, jurnalsit Kamil Həmzəoğlunun facebookdakı statuslarını izləsinlər, bəyin irad və təkliflərini nəzərə alsınlar. Qeyd edək ki, Kamil bəy ötən həftə Qobu yolunun bərbad olması ilə bağlı status yazsa da, Nəqliyyat Nazirliyi heç bir ölçü götürməmişdi. Deyilənə görə, bu diqqətsizliyə görə, nazirlik başbilənlərinin başı ağrıyıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31