Böyük adam - İYNƏ - YUMOR

YAP-ın qərargahı. Mübariz Qurbanlının otağı. Siyavuş Novruzov əlində qantel oynada-oynada içəri girir. Siyavuş:

-Mətbuat mənim adını niyə gah Siyavuş, gah da Səyavuş kimi yazır? Əsəbləşirəm e lap...

Mübariz qımışır:

- Əsəbləşmə. Böyük adamların, böyük dövlətlərin adları həmişə iki cür yazılıb. Bax, Rossiya-Rusiya, Almaniya-Germaniya, Yaponiya-Japoniya, Atilla-Attila...

Jurnalistlər deputatlara yuxarıdan aşağı baxır

Milli Məclisin foyesi. Jurnalistlər YAP icra katibinin müavini, deputat Siyavuş Novruzova yaxınlaşıb soruşurlar:

- Parlament Jurnalistləri Birliyinin üzvü Xaqani Səfəroğlu deyir ki, deputatlar jurnalistlərə yuxarıdan aşağı baxır. Belədir?

Siyavuş gülə-gülə:

-Yalandı. Əksinə onlar bizə yuxarıdan aşağı baxırlar. Görmürsüz, onların dayandığı yer yuxarıdadır, zal aşağıda.

 

Yanına, yoxsa yasına?

Ötən sayımızda "Təzadlar" qəzeti ilə bağlı yazıda səhvə yol verilib. "Asif Mərzili müavinini çağırıb dedi ki, gərək Moskvaya-Köçəryanın yanına adam göndərək" cümləsi korrektorun xətası üzündən belə verilib:  "Asif Mərzili müavinini çağırıb dedi ki, gərək Moskvaya-Köçəryanın yasına adam göndərək".

"Möhkəm adamsan, get, daş daşı"

Müharibə başlanır, səfərbərlik elan olunur. Ümid Partiyasının funksionerlərini də əsgərliyə aparırlar. Nəsimi Məmmədli sıravi əsgər kimi xidmətə yollanır. Onu hərbi hissə komandirinin yanına gətirirlər. Komandir:

-Deməli, deyirsən ki, cəbhədə olmusan, zəngin təcrübən var, son partiyada da strategiyanı müəyyən etmisən. Çox qovğalardan çıxmısan, bərkimisən, möhkəm adamsan hə?

Nəsimi özündən razı halda:

- Bəli.

Komandir:

- Ay sağ ol. Demək güclü, möhkəm adamsan. O zaman səni göndərirəm istehkam tikməyə. Orda daş daşıyacaqsan.

 

"Məni də siyahıya sal"

Parlament seçkiləri ərəfəsi. Bir nəfər iş adamı Müsavatın Mərkəzi İcra Aparatınn rəhbəri Arif Hacılının yanına gəlib deyir:

- Məni partiya siyahısına sal, deputat seçilim. Sənə 50 min manat verirəm...

Arif etiraz edir:

- Mən rüşvətxor-zadam?

Adam cəld dillənir:

- Yaxşı, 10 min manat verərəm, özünüzə götürməsəniz də, partiya məsrəflərinə xərcləyərsiz...        

Arif cəld dillənir:

- Mən axmaq-zadam?

 

 Köhnə siyasi mahnılar

Çərşənbə günündə, qərargahımda

Gözüm bir ala göz xanıma düşdü,

İşarət eylədim, dərdimi qandı

Srazu soyadı siyahıma düşdü.

 

Dedi sən hardasan, mən oralıyam,

Dedim, sən doğulan yerdən mən aralıyam

Dedi, özgə başqanın mən maralıyam

Sındı qol-qanadım, yanıma düşdü.

                             (AXCP "islahatçılar" qanadı seçki qərargahı sədrinin "söz boğçası"ndan)

                          

YAP yaman aldatdı məni

Məni, məni balam

Söz verib aldatdı məni,

Məni, məni balam.

      (Sədrinə mandat ala bilməmiş Yurddaş Partiyasında yaranmışdı).

 

İmtahanda

 

Dövlət qulluğuna qəbul. İmtahandan keçmiş iki nəfər-bir YAP-çı, bir də müsavatçı müsahibəyə gəlirlər. Müəllim hər ikisinə suallar verir. Sonda deyir:

- Bax, sonuncu sualdır. Kim cavablasa, o da imtahandan keçmiş sayılacaq.

YAP-çı, sən de. Ukraynanın paytaxtı haradır?

YAP-çı sevincək:

- Kiyev!

- Müsavataçı, sən de. Malayziya paytaxtı əhalisinin adambaşına düşən illik gəliri nə qədərdir?

Müsavatçı narazı halda:

- Ta deyin, imtahandan kəsirəm də.

 

Böyük adam

 

Bir kişinin telefonla çox danışan arvadı olur. Hər dəfə dnaışanda 3-4 saat çəkərmiş. Bir dəfə arvad telefonu götürür və cəmi yarım saat danışır. Kişi təəccüblə soruşur:

- Arvad, nə tez qurtardın? Səndən çıxmaz iş...

Arvad dilxor halda:

- Əfqanıstandan zəng eləmişdilər. Səhv düşmüşdü.

 

 

"Bilmək istəyirəm ki, hara köçürük"

Bir gün Əhməd Oruc məktəbdən evə çatanda səs eşidir. Diqqətlə dinşəyir, görür ki evdə oğrular var. Oğrular evin bütün avadanlığını arabaya yığıb aparırlar. Əhməd oğruların dalınca düşür. Birdən oğrulardan biri bunu görür və dayanıb soruşur:

- A kişi, sən kimsən? Və hara gedirsən? Nə düşmüsən dalımızca?

Əhməd sakitcə dillənir:

- Mən indicə "köçürdüyünüz" evin sahibiyəm. Bilmək istəyirəm ki, hara köçürük.

 

"Lampa işığında yola verirdik"

Məleykə Əsədovanın qızı nənəsindən soruşur:

- Nənə, ay nənə, sən babamla ailə quranda bir-brinizdən  elektrik almışdınız?

Nənə bic-bic gülür:

- Ay bala, o vaxt elektrik nə gəzirdi? Elə lampa işığında yola verirdik gedirdi.

"Mübarəkdi"

Milli Bayraqdarlar Hərəkatının lideri Elman Türkoğlunun pulsuz vaxtlarıdır. Acından ölsə də, heç kimdən borc almaq istəmir. Yaxınlıqdakı şirniyyat dükanına girən Elman soruşur:

- Qardaş, bulkalar, paxlavalar təzədir? Dükançı:

- Bəli.

İstəməyə utanan Elman yazıq-yazıq deyir:

- Çox mübarəkdi...

 

"Yeməkdən başladım"

Məleykə Əsədova bağçadan gələn qızını danlayır:

- Sən niyə Aydanın yeməyini yemisən?

Qız bic-bic gülür:

- Müəllimə dedi ki, Aydana kömək elə. Mən də yeməkdən başladım.

Ramin Dekobəyli

 

Qənimət Zahid gənc reportyor Ramin Dekonu çağırıb deyir:

- Bu nə soyaddı?! Təcili şəkildə milliləşdir. Bax, Astanbəyli, Həzi, Hacıbəyli, Bahadır, Cəbrayıl hamısı milli soyad və təxəllüslərdir...

- Nə qoyum e?-deyə, Ramin laqeyd halda dillənir.

Qənimət:

- Ə, nə bilim e. Ramin Dekobəyli, Dekosoylu, Dekoxanlı, Dekogildən-zaddan olsun...

 

Müsabiqənin şərti

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin élan etdiyi müsabiqənin əsas şərti: "Yazı "bismillah"la başlamalı, sonunda "inşallah hər şey yaxşı olacaq"la bitməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31