“Sistem dəyişməlidir” - İYNƏ -YUMOR

Kefinin duru vaxtında icazəsiz aksiyaya qatılan Asim Mollazadəni polis tutur. Onu şöbəyə gətirirlər. Polis kapitanı ironiya ilə deyir:

- Orda camaatla danışırdın ki,  "Sistem dəyişməlidr". Ə, hansı sistem?! Nədən danışırsan?

Asim vəziyyətdən çıxmaq üçün yazıq sifət alıb deyir::

-Vallah mən siyasi sistemi demirdim. Dostumun arvadı xəstədir, danışırdı ki, vəziyyəti pisdir. Mən də dedim ki, sistem qoyublar, onu dəyişmək lazımdır.

Facebookda ağız ədəbiyyatı

(Bayatılar)

Əzizim facebookda!
Üz gördüm facebookda,
Oğlanlara söz atan,
Qız gördüm facebookda.

*** *** ***
Əzizinəm burda yat
Gecə-gündüz burda yat,

Oğlanların tək sözü,
"Başına dönüm, dostluq at".
 

*** *** ***

Əzizinəm çata gəl

Divarda yazma, çata gəl

Şəkillərimi like elə,

Ondan sonra çata gəl.

(Alqışlar)

- Statusuna 1000 like gəlsin!

- İnboxundan mesajları oxuyub qurtara bilməyəsən.

(Qarğışlar)

- Səni görüm, şəklinə like gəlməsin.

- Statusunu özün yazıb, özün oxuyasan.

Ağız ədəbiyyatı

Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.

Mən aşiq Ərdəbilə

Təbrizə, Ərdəbilə,

Onu Güney ucaltdı

Nadandı-çətin bilə!

     (Mahmud Əhmədinecad barədə Təbrizdə yaranıb)

Əzizim dilbiləndi

Arifdi, dilbiləndi.

Harda pul varsa, cumar

Elə bil iybiləndi.

     (Əli Əkbər Vilayəti barədə Marağada formalaşıb)

Mən aşiqəm, yaz gələ

Qış sovuşa, yaz gələ.

Sosdemlər istəmir ki

Firqəyə Ayaz gələ.

  (Ayaz Mütəllibov haqqında ASDP-də yaranıb)

"Yerini deyim, balıqları tutsunlar"

Bir gün dəlixanaya yoxlama gəlir. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm, vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli təmkinlə:
- Dəli-zad deyiləm ki, deyim yerini, onlar da balıqları tutsunlar...

"Nə qədər ki sənin kimilər məşqçidi..."

Bir gün bir türk, rus, bir də azərbaycanlı gəlir mələyin yanına. Türk soruşur ki, biz futbolda nə vaxt dünya çempionu olacağıq ? Mələk:
- Türkiyə yığması 50 ilə dünya çempionu olacaq.
Türk başlayır ağlamağa ki, mən o günü görməyəcəm.
Sonra rus soruşur:
-Bəs biz nə vaxt çempion olacağıq?
Mələk:

-100 ilə Rusiya yığması da çempion olacaq.
Rus da başlayır ağlamağa, mən o günü görməyəcəm.
Nəyahət,  azərbaycanlı (böyük ehtimalla bu, "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev olur) soruşur ki, bəs bizim milli nə vaxt çempion olacaq? Bunu eşidən mələk dəsmal çıxarıb ağlamağa başlayır:

- Nə qədər ki sənin kimilər məşqçidi, mən o günü görməyəcəm.

 "Böyüyəndə mən də, sənin kimi..."

Robert Köçəryanın oğlunun məktəbli vaxtlarıdır. Bir gün məhlədə oğlanlar ona "çurban" deyirlər. Oğlan ağlaya-ağlaya nənəsinin yanına gəlir:

- Nənə, çurban nə deməkdi?

Nənəsi balacanı sındırmamaq üçün deyir:

-Bala, çurban dalaşqan, hündürboy, yaraşıqlı oğlana deyirlər...

Bir az keçir, oğlan atasının yanına gəlib deyir:

- Ata, mən də böyüyəndə sənin kimi çurban olacağam.

"Mən çölə çıxaracam, sən ye"

Mayis Səfərli Moskvada restorana girir. Masa arxasında oturan Mayis görür ki, bir varlı kişi qəşəng yemək yeyir. Tez ofisiantı çağırıb deyir:

- Bax, mən də o kişinin yediyi yeməkdən yemək istəyirəm.

Mayisin üst-başından kasıb olduğunu yəqin edən ofisiant deyir:

-Yaxşı. Deməli, belə elə. Mən o kişiyə yaxınlaşıb deyəcəm ki, sizi bayırda çağırırlar. O çıxan kimi daraş, onun qabına, ye.

Bildiriş

Ümid Partiyası fanatlarının nəzərinə! Gələn aydan etibarən, Ümid Partiyasının gündəlik qəzetlərdən pulla aldığı səhifələrin adı "Ümid" olmayacaq. Səhifə daha çox fəallıq göstərən funksionerin adı ilə adlanacaq. Məsələn, görüşlərin sayından aslıı olaraq səhifələr "İqbal", "Nəsimi", "Bakir", "Taleh", "Ənvər", "Rafael" adlanacaq.  

CXP hədələdi

"İynə" çapa gedərkən Cümhuriyyət Xalq Partyasının lideri Bədrəddin Quliyevdən faks almışıq. Bədrəddn bəy qəzetlərdə CXP-nin bərpa ediləcək Müsavatətrafı "Bizim Azərbaycan" blokuna qoşulacağı ilə bağlı xəbərləri təkzib edir və bildirir ki, belə bir şey yoxdur, ola da bilməz. Bədrəddin bəy sonda qəzəblə yazıb: "Bundan sonra kim cürət edib CXP boyda nəhəng partiyanın adını cırtdan partiyalar bloku ilə yanaşı çəksə, məhkəməyə veriləcək".

"Soğan bol olarsa, basılmaz vətən"

Rusiyada yaşayan soydaşımız, bazar əhli arasında nüfuz sahibi olan Söyün Sadıxov yeni partiyasını elan etməyə hazırlaşır. Ötən saylarımızda yazmışdıq ki, Söyün müəllimin partiyasının emblemində "Soğan və tərəzi" olacaq. Aldığımız məlumata görə, bu simvol təsdiq edilib. Hazırda işçi qrupu partiyanın devizini müəyyənləşdirir. Xatırladaq ki, Söyün Sadıxovun partiyasının devizi olaraq "Soğan bol olarsa, basılmaz vətən", "İnsanı bazar ucaldır", "Bazarla yüksəlin, azarla enməyin", "Soğanı sevin, unutmayın:onu bitirən vətən torpağıdır" sloqanları təklif edilir.

Kölgə kabineti

Eldar Namazovun rəhbərlik etdiyi piar mərkəzi prezident seçkilərinə hazırlaşan və yeni hərəkat yaratdığını elan etmiş Rüstəm İbrahimbəyovun kölgə kabinetini élan edib. Kabinetin bəzi üzvlərini təqdim edirik

Baş nazir-Fuad Poladov

Müdafiə naziri-Rasim Balayev

Daxili işlər naziri-Cabir İmanov

Xarici işlər naziri-Bəhram Bağırzadə

Təhlükəsizlik naziri-Vado Karovin

İqtisadiyyat naziri-Əbdülvahab Manafov

Milli Məclisin sədri-Ələsgər Məmmədoğlu

Kənd təsərrüfatı naziri-Köçəri Nağıbəyli

Təhsil naziri-Etibar Əiyev

Mədəniyyət və şadlıq evləri naziri-Səməd Səmədov

Rabitə naziri-Yaqub Eyyubov.

Kabinetin qalan üzvlərinin adları gizli saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31