"İynə" - İlin nominantları - YUMOR
28 Dekabr 2012 15:39 Yumor"İynə"nin "Dumbul" Sosial Araşdırma Mərkəzi müxtəlif sahələr üzrə 2012-ci ilin nominantlarını müəyyən edib. Ötən sayımızda onlardan bir qismini təqdim etmişdik. Qalan nominantları da təqdim edirik. Qeyd edək ki, nominantlar 1000 nəfər (çoxu jurnalist, siyasətçi, politoloq və sosioloq olmaqla) arasında keçirilən sorğu nəticəsində müəyyən edilib. Beləliklə:
1. "İlin Mahmudu"-İran prezidenti Əhmədinejad. O adaşlarından fərqli olaraq daha çox gündəmdə oldu.
2. "İlin Mirmahmudu"- Salyanlı Ədalət. "Həm fraksiyadayam, həm yox" dediyinə görə.
3. "İlin İsa Qəmbəri"-AXCP sədri Əli Kərimli. Bütün il boyu tutdurdu ki, vahid namizəd mən olacam.
4. "İlin metropoliten işçisi"-Müğənni Səyyad Əlizadə "Bizim metro" mahnısına görə.
5. "İlin qaranquşu"- "Neftçi" futbol klubu. Avropa Liqasında ilk Azərbaycan klubu olaraq debüt etdiyinə görə.
6. "İlin sınıq saatı"-Ərdəbilin imam-cüməsi Amili. Heç olmasa ildə bir dəfə düz danışıb, İranda türk dilinin sıxışdırıldığını dediyinə görə.
7. "İlin bozbaş müğənnisi"-Yenə də Rəqsanə. Onu da qeyd edək ki, o bu nominasiya üzrə artıq 5 ildir ki, qalib olur.
8. "İlin Messisi"- Vüqar Nadirov. Məhlə uşaqlarına 1 manatdan pul paylayıb, "Məhləyə gələndə mənə Messi deyin" dediyinə görə.
"Şeytan nə deyibsə, eləmişəm"
İran prezidenti Mahmud Əhmədinejad dostları ilə yeyib-içir. Kefi ala buludda olan Mahmud deyir:
- Cəhənnəmdə Şeytan mənə düz-əməlli şərait yaratmasa, onu yıxıb-sürüyəcəm...İndiyə qədər nə deyibsə, eləmişəm.
Yanlışlıq
Ötən sayımızda İctimai Palata ilə bağlı yazıda səhvə yol verilib. "AXCP ilə Müsavat arasında əsəb müharibəsi gedir" cümləsi korrektorun xətası üzündən belə verilib: "AXCP ilə Müsavat arasında ərəb müharibəsi gedir".
"Bayrama kimi zər yeməliyəm?"
Mayis Səfərli balaca oğlu ilə yolka bəzəyir. Oğlu soruşur:
- Ata, nə üçün konfetləri yolkanın lap başında asırsan?
Mayis qımışır:
- Ona görə ki, bayrama qədər yeyib qurtarmayasan.
- Ata, nə danışırsan? İndi mən bayrama kimi zər yeməliyəm? Aşağıda ancaq zərdi.
"İki oyuncağım olacaq"
Yeni ilə 1-2 gün qalmış uşağı nənəsinin yanına gətirirlər. Nənə nəvəsi ilə oynayır, yedirir, yatırdır...Uşaq oyananda qışqırmağa, dəcəllik etməyə başlayır. Nənə deyir:
- Ağıllı bala, bax, özünü yaxşı aparsan, Şaxta baba sənə oyuncaq maşın gətirəcək...
Uşaq sevinir:
- Uy daa! Nə yaxşı.., indi mənim iki oyuncaq maşınım olacaq...
Nənə təəccüblənir:
- İki niyə?
Uşaq:
- Birini sənin çarpayının altından tapmışam...
"Tufanın yatırılması" planı
Son günlər bozqurdların fəallaşması, toplantı keçirməsi Çin Xalq Respublikasında narahatlıq yaradıb. "İynə"yə sızan məlumata görə, Çinin dərin dövləti bərk narahatdır. Parlament qarşısında Azərbaycan bozqurdlarının, özəlliklə də siyasətdə tufan etmiş Tufan Kərimlinin zərərsizləşdirilməsi üçün əlavə büdcə vəsaiti ayrılması məsələsi qaldırılacaq. "İynə"yə sızan məlumata görə, Çin dərin dövlətinin Tufan Kərimlinin sıradan çıxarılması planı "Abşeron səhrasında tufan" adlanır.
"Qonşular elə bilsin ki..."
Yeni il axşamı xalq artisti Məleykə Əsədovanın qızı yaxınlaşıb deyir:
- Ana, gəl, saat 12-yə 10 dəqiqə qalmış "Yeni İl, Yeni İl gəldi" deyə qışqıraq...
Anası təəccüblə soruşur:
- Elə niyə, mənim balam?
Qız hazırcavablıqla:
- Qoy, qonşular elə bilsin ki, yeni il birinci bizə gəlib.
"Amma atam eştimir"
Uşaq qışqıraraq deyir:
- Şaxta baba, mən yeni ildə maşın istəyirəm.
Anası:
- Oğlum, niyə bərk qışqırırsan? Şaxta baba ən asta səsi belə eşidir...
Uşaq:
- Amma atam eşitmir axı.
"Məni gətirən qartal da sənsən"
Nadir Qafarzadə yeni il gecəsi oğlu ilə danışır:
- Oğlum, sən artıq böyük oğlansan. Bilməlisən ki, Şaxta baba yoxdur, bu barədə deyilənlər yalandır. Sənə hədiyyə gətirən mən idim...
Oğlan təmkinlə:
- Ata, narahat olma, mən bilirəm ki, o sən idin, hətta məni bu evə gətirən qartal da sənsən.
"Formanı gecikdirdi"
Yeni ili əsgərlər kazarmada qeyd edirlər. Gənc əsgər köks ötürür:
- Bu dəyyus Şaxta baba hər şeyi səhv saldı.
-Niyə?
- Beş yaşım olanda ondan əsgər forması istəmişdim. 13 il sonra ... indi gətirdi.
"Çox adam var idi?"
Yeni ilin ilk günü. İki rəfiqə telefonla danışır:
- Əzizim, yeni ili necə keçirdin?
- Necə olacaq, həmişəki kimi yataqda...
- Çox adam var idi?
"Yəqin oğurlayıblar..."
Yeni il ərəfəsi poçta bir məktub gəlir. Məktub Şaxta babaya ünvanlanıb: "Salam, Şaxta baba. Mən Arifəm. Mən yeni ili çox sevirəm. Amma hava soyuqdur, mən də çıxıb qartopu oynaya bilmirəm. Çünki paltom, papağım, əlçəyim, çəkməm yoxdur..."
Poçt işçiləri yığışıb uşağa hər şey alırlar, bir əlcəyə pul çatmır. Qərara alıb əlçəksiz göndərirlər. Bir neçə müddət sonra uşaq yenə məktub göndərir:
- Çox sağ ol, Şaxta baba. Amma əlçək yox idi. Yəqin poçtda oğurlayıblar...
"Bilirəm ki babam alıb"
Hadı Rəcəblinin nəvəsi Şaxta babaya:
- Şaxta baba, gətirdiyin hədiyyə üçün çox sağ ol.
- Boş şeydi, mənim balam...Təşəkkür etməyə dəyməz.
- Əslində mən də o fikirdəyəm e...Bilirəm ki, babam alıb. Ancaq babam dedi ki, təşəkkür et.
"Qaynana, sənin ilindi-ilan ili"
Kürəkən qaynanaya:
- Anacan, gəlin bu ili birlikdə qarşılayaq...Axı üzümüzə gələn il sizin iliniz - İlan ilidi!
Qaynana söz altda qalmır:
- Hə, yaxşı olar...Necə də olsa, bir də 3 il sonra yenidən bir yerə yığışa biləcəyik.
- Niyə ??
- Sənin ilini - Qoyun ilini qarşılamağa.