"Bilirlər ki, yazıların, açıqlamaların əttökəndir” - YUMOR
23 Noyabr 2012 15:51 YumorGənc yazar-siyasətçilərdən biri facebookda status yazır:
- Məni "arıqlamaq istəyən xanımlar" qrupuna üzv ediblər...
Rey Kərimoğlu şərh yazır:
- Qaqa, yazılarını oxuyurlar da yəqin. Bilirlər ki, yazıların, açıqlamaların əttökəndir.
"Yum gözlərini, elə san ki..."
Xalq artisti Məleykə Əsədova soyuqlamış qızına dərman içirir. Qızı dərmanı içmək istəmir:
- Acıdır, ana!
Məleykə:
- Bax, balası, aç ağzını, bunu iç. Elə bil ki, şirə içirsən...
Qızı bicv-bic gülür:
- Ana, sən yum gözlərini, elə san ki mən bu dərmanı içdim.
"Nə qədər istəsən elektrik götürərik"
Şair Tofiq Həsənli "Gəl evlənək" teleproqramına gedir. Bir qız bəyənir, amma qız bunu bəyənmir. Qız:
- Mən səndən elektrik almıram...
Tofiq əsəbləşir:
- Sənə elektrik lazımdı? Narahat olma, evdə "levi xəttim" var. Nə qədər istəsən elektrik götürərik.
"Elektirk sayğacı yazır ee..."
Arif Yunus tanışı rus xanımını evə gətirir. Axşam Arif xəlvətcə durub işığı söndürür. Rus xanım:
- Ooo, romantika!
Arif ürəyində deyinir:
- Sən öləsən! Romantika! Yox bir!? Elektirk sayğacı yazır ee.
"Əlsiz sürərsən, sonra dişsiz danışarsan"
Jurnalist Elçin Bayramlı oğlu Altayın velosipet sürməsinə baxır. Altay bir az qabağa gedib, atasına doğru sürətlə gəlir, əlini sükandan çəkir.
- Ata, bax, əlsiz sürürəm...
Elçin həyəcanla çığırır:
- Ay bala, rolu tut, nə edirsən? Əlsiz sürərsən, sonra dişsiz danışarsan.
"Bəyturan Qafqaz üçün təhlükədir"
Sankt-Peterburq. Rusiya dərin dövlətinin gizli toplantısı. Ağsaçlı istefada olan ordu generalı:
- Türk millətçilərinin baş buğu, böyük siyasət adamı, nəhəng siyasi xadim Vüqar Bəyturan Gürcüstanda olub. Niyə xəbəriniz yoxdur?
"KQB generalı":
- Xəbərimiz var, cənab general. Sadəcə, önəm vermədik. Neyləyə bilər ki?
Ağsaçlı qəzəblənir:
- Başınız xarab olub? Niyə sayıqlığı itirmisiniz? Necə yəni neyləyə bilər? Bəyturanı rahat buraxsanız, Gürcüstanı, bütün Qafqazı üstümüzə qaldırar! Siz onun türk dünyasında nə qədər sevildiyini, sayğı gördüyünü bilmirsiz?! Təcili şəkildə Bəyturana nəzarəti artırın, adamlarınız tapşırın, ona çaxır versinlər, qonaqlıqlara aparsınlar ki, bütün günü yeyib-içib, keflənsin, camaatla iş apara, ciddi söhbətlər edə bilməsin.
Facebook lətifələri
1. Oğlan qız qrup yoldaşına
- Bacı, sevgi nədir?
- Qaqaş, sevgi odur ki, sən hər səhər mənim çantamdan şokaladları oğurlayırsan, mənsə şokoladları hər gün eyni yerə qoyuram.
2. Ata oğlundan su istəyir. Böyük oğlu "yorğunam" deyir. Ortancıl "Dərsim var" deyir. Ən balaca oğlu deyir:
- Qalx, ata, qalx, bu mərifətsizlərdən sənə xeyir yoxdur. Bir stəkan da mənə gətir.
3. Qaynanandan bezmisən? Yaşamağın istəmirsən?... O zaman çayına bir qaşıq vaniş çəhrayı vaniş əlavə et. Çəhrayı vaniş-etibarlı, incə iş.
4. Oğlanlar qızlara:
- Şalvar geyindiniz, heç nə demədik, maşın sürdünüz, heç nə demədik, barı avtobusda arxa oturacaqları əlimizdən almayın.
"İndi də sən məndən soruş"
Uşaq:
- Ana, ay ana, şokolad istəyirsən?
Ana:
- Yox, ay bala, istəmirəm.
Uşaq:
- Həəə, ana, indi sən məndən soruş daa.
"Çünki əvvəl ürəyi olmayan birini sevmişdim"
Müdhət Aydının gənc vaxtlarıdır. Bir gün sevgilisindən ayrılmış Müdhət bulvarda qəmli-qəmli oturub. Böyürdən qəfil çıxan Nurəddin Mehdixanlı soruşur:
- Müdhət, sən əli olmayan bir qızı sevərsən?
- Bəli, sevərəm.
- Niyə?
- Çünki əvvəl ürəyi olmayan birini sevmişdim.
"Hələlik karandaşla yazın"
Sərdar Cəlaoğlunun təcili yardımda işləyəyn vaxtlarıdır. Bir gün bir evdən zəng edirlər. Dəstəyi Sərdar qaldırır.
- Eşidirəm.
- Ay həkim, təcili yetişin, uşaq qələm ududb, çıxara bilmirik...
- Narahat olmayın, gəlirik.
- Bəs siz gələnə qədər nə edək?
- Hələlik karandaşla yazın.
Ağız ədəbiyyatı
Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədədbiyyatı nümunələri.
Əzizim olmasaydı
Saralıb solmasaydı,
Sürüşmək yaxşı şeydi
Yıxılmaq olmasayd.
(Qış lətifələrindən)
Əzizim Sülhəddinə
Arifə, Sülhəddinə.
Kolbasa vermir, yeyək
Nə deyim Bədrəddinə?
(Açıq Cəmiyyət Partiyasında yaranıb)
Mən aşiqəm camala
Gözəl hüsnə, camala.
İranda mollabaşı
Qəzəblidir Camala.
(Aqil Camal barədə Təbrizdə yaranıb)
Mən aşiqəm Bərdəyə
Bəciravana, Bərdəyə,
Zahid Qaxa yaraşır
Şahsuvarlı Bərdəyə.
(Taleh Şahsuvarlı barədə Qaravəlli kəndində yaranıb)
"Qəzet oxumağı tərgitdim"
Ümid Partiyasının qərargahı. Ənvər Ağazadə Nəsimi Məmmədli ilə söhbət edir. Ənvər:
- Keçən dəfə demişdin ki, söz verirəm, bir daha siqaret çəkməyəcəm. Nə oldu bəs?
Nəsimi məzələnir:
- Dünən qəzetdə siqaretin zərərləri haqqında oxudum və həmin ...andan qəzet oxumağı tərgitdim.
"Aydan Şener, Yerdən Cəfər"
Türkiyəli aktrisa Aydan Şener Bakıya gəlir. Onu sənət adamları ilə görüşdürürlər. Aydan bir-bir sənətçilərlə tanış olur. Cəfər Namiq Kamala yaxınlaşan Şener deyir:
-Aydan Şener.
Cəfər cəld dillənir:
-Yerdən Cəfər.
Gündəlik
"İynə" CHP-nin Türkiyə təmsilçisi Kamal Kılıçdaroğlunun gündəliyini təqdim edir:
1 sentyabr.
- Bu gün Bakıdan gəlmiş başqanım Bədrəddin Qulusoyla görüşdüm. Bütün gün elə fikirli idi. Ayırd edə bilmədim ki, işimdən razıdır, yoxsa yox.
2 sentyabr.
- Genel başqan mənə kolbasa biznesindən danışdı. Ağlıma batdı. Gələn seçkidə parlamentə düşə bilməsəm, siyasəti buraxıb kolbasa satacam.
3 sentyabr.
- Bu gün düşündüm: kaş, mən siyasəti Dəniz Baykaldan deyil, sayın başbuğum Bədrəddin Qulusoydan öyrənəyidm.