“Özün demirsən ki, yediyimiz hamısı zəhərdi?” - YUMOR
21 Sentyabr 2012 15:50 YumorAzad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov müsahibə vermək üçün redaksiyaya gəlir. Müxbirlə söhbət edən Eyyub müəllim hamının eşidəcəyi şəkildə ucadan danışır və gündəlik yediyimiz ərzaqların hamısının "zəhər" olduğunu deyir. Qurtarandan sonra Elçin Bayramlını səsləyən Eyyub deyir:
- Elçin, səninlə işim var.
Mətbəxdə yemək yeyən Elçin deyir:
- Gözləyin, zəhərlənib gəlirəm...
Eyyub bu sözdən inciyir:
- Səndən gözləməzdim. Bu nə cavabdı verirsən?
Elçin qımışır:
- Nə var burda? Özün demirsən ki, yediyimiz hamısı zəhərdi? Mən də zəhərlənirdim də.
Facebook lətifələri
1. Sevgisi daşa dəymiş oğlan:
- "Sən quru çöp də alsan mənim üçün böyük
hədiyyədi" deyən sevgilimə ad günündə 1 qutu kibrit aldım, məndən küsdü. Demək mənə yalan danışırmış...
2. Bitən sevgini davam etdirməyə çalışmaq, bitən şampun qabına su doldurmaq kimidir-qoxusu olsa da, keyfiyyəti olmur.
Həkimdə
ADP sədri Asim Mollazadənin həkim işləyən vaxtlarıdır. Bir gün həkimin yanına bir xanım yanına gözəl qızı ilə gəlir. Gözəl qız görən kimi gözləri böyüyən həkim deyir:
- Xanım, zəhmət olmazsa, soyunun!
Anası tez dillənir:
- Oğlum, xəstə o deyil, mənəm!
Həkim qanıqara halda:
- Xahiş edirəm, dilinizi göstərin.
"3 aydan sonra gələrəm"
Tanınmış aktyor Müdhət Aydın aktyorluqla dolana bilmədiyi üçün yeni iş axtarmağa başlayır. Bir firmaya gəlir, onu müdirin yanına gətirirlər. Müdir bütün şərtləri deyir. Müdhət soruşur:
- Maaş nə qədərdir?
Müdir:
- 300 manatdır. 3 aydan sonra 150 manat da artıracam...
Müdhət bic-bic gülür:
-O zaman vakansiyasını saxlayın, mən 3 aydan sonra gələrəm.
"Yazın dəftərə, nənəm gəlib ödəyəcək"
CXP sədri Bədrəddin Quliyev biznesini Rusiyaya köçürür. Kolbasa biznesinə son verən Badri ucqar rus kəndində ərzaq dükanı açır. Bir gün bir qəşəng rus qızı Bədrəddinin dükanına gəlir:
-Qəndin kilosu neçəyədir?
Qıza gözü düşən Badri deyir:
- Kilosu bir öpüşə.
Qız gülərüzlə:
-O zaman 5 kilo verin.
Badir tez 5 kilo qənd çəkib qıza verir. Qız qəndi götürüb deyir:
- Əmi, borcumu yazın dəftərə, nənəm gəlib ödəyəcək.
"Bunu yazın silah anbarının qarovuluna"
Müharibə başlanır, səfərbərlik élan olunur. "Qapdı gözəl partiyamız" şeirinin müəllifi şair Teymur Zahidoğlunu maşına basıb da çağırış məntəqəsinə aparırlar. Çağırış məntəqəsinin böyüyü Teymurdan ixtisasını soruşur. Teymur şair olduğunu deyir və özünü elə aparır ki, guya bu heç nəyə yaramır:
- Dədə, vallah, əlimdən heç nə gəlmir. Şair babayam. Gecələr yatmır, hey xəyala dalır, ulhama gəlib şeirlər yazıram. Yuxu haramdı mənə...
Rəis cəld dillənir:
- Gecələr yatmırsan? Əladırdı ki. Bunu yazın silah anbarının qarovuluna.
"Ərinirəm durub götürməyə, məcbur baxıram"
Tədbirlərin birində jurnalistlər xalq artisti Nurəddin Mehdixanlıdan soruşurlar:
- Nurəddin müəllim, reklamlara baxırsız?
Nurik qımışır:
-Baxıram. Bilirsiz nə zaman? Bəzi hallarda. Divanda uzanıram, "pult" da başqa yerdə olur. Ərinirəm durub götürməyə, məcbur baxıram.
"Sən işdə olanda Hacı Şakirlə çimirəm"
Ermənistanın paytaxtı İrəvan. Arvadını qətlə yetrimiş kişinin məhkəməsi. Hakim:
- Xanımını niyə öldürdün?
- Mənə xəyanət eləmişdi.
- Nədən bildin?
- Özü etiraf elədi.
- Necə?
- Bir dəfə dedi ki, sən işdə olanda mən Hacı Şakirlə çimirəm.
Xəstəxananın ən xoşa gələn tərəfi...
Respublikaçılar Partiyasının qərargahı. Xəstəxanadan yenicə çıxmış partiya sədri Kamil Seyidov müavini ilə söhbət edir:
- Mənim bu xəstəxanadan zəhləm gedir də. Dərman iyini heç sevmirəm...Amma sənə deyim ki, xoşuma gələn tərəfi də var ha.
Xəstəxananın ən xoşuma gələn tərəfi USM otağında tibb bacısının dediyi sözdü: "Soyun, indi gəlirəm''.
"Əzizim, ayı görürəm"
Məşhur türk aktyoru Şahan Gökbahar (Rəcəb İvedik) sevgilisi ilə söhbət edir. Şahan:
- Aşkım, mən sənə baxanda Ayı görürəm.
Sevgilisi borclu qalmır:
- Mən də sənə baxanda, əzizim, ayı görürəm.
"Qoy, bilsin ki, içkili olmuşam"
Qurutlu xəngəllə tut arağı vurmuş və kefi ala buludda olan Əhməd Oruc dostuna telefon açır:
- Sən öl, indicə siqareti atdım, düşdü qonşunun balkonuna.
- Vay, vay! Biləcək ki sizdən atıblar.
- Hə, biləcək. Amma mən də ardınca çaxır şüşəsini atdım ki, bilsin ki, içkili olmuşam.
Atalar sözləri və zərb-məsəllər
- Nə əkərsən, onu da çəkərsən.
(Əfqanıstanda yaranıb)
-Dostunu göstər, deyim ki nə yuvanın quşusan.
(İranda yaranıb)
"Başına hava gəlib"
Oğlu Xəzər Teyyubludan soruşur:
- Ata, həmişə fikir vermişəm, bu telekanalda hava proqnozunu deyən qız elə hey gülür. Görən niyə?
Xəzər qımışır:
- O qədər havadan danışıb ki, başına hava gəlib də.
"Mən hələ ödəyirəm"
Oğul atadan soruşur:
- Ata, evlənmək neçəyə başa gəlir:
Ata köks ötürür:
- Bilmirəm bala, mən hələ ödəyirəm.