Günün sitatı - YUMOR
7 Sentyabr 2012 17:25 Yumor- Daş qayaya, Qaya Əliyev ağaya rast gəlib!
- Bir güllə bahar, bir "yurd"çu ilə KXCP-də qiyam etmək olmaz.
Yanlışlıq
Ötən sayımızda Ermənistan prezidenti Serj Sərkisyan barədə yazıda səhvə yol verilib. "Sabiq prezident Robert Köçəryan Moskvada Sərkisyanın xilası üçün plan hazırlayıb" cümləsi korrektorun xətası üzündən belə verilib: "Sabiq prezident Robert Köçəryan Moskvada Sərkisyanın xalası üçün plan hazırlayıb".
Oğlanlar çox sevir, yoxsa qızlar?
Müdhət Aydının tələbə vaxtlarıdır. Bir gün Murik sevdiyi qızla bulvarda tum çırtlayır. Qız soruşur:
- Murik, oğlanlar çox sevir, yoxsa qızlar?
Murik cəld dillənir:
- Əlbəttə, oğlanlar, əzizim! Bilirsən, niyə? Oğlanlar bir nəfər sevmir ki. Bir neçəsini sevir.
Həm müavindi, həm yox
urnalist KXCP qərargahına telefon açır:
- Qardaş, bir nəfər mənə desin də, bu adam-Qaya Əliyev KXCP-də sədr müavinidir, yoxsa yox?
Xəzər Teyyublu qımışır:
- Həm hə, həm yox.
- Necə yəni?
- Müavindi, çünki hələ çıxarılmayıb. Müavin deyil, çünki müavin olandan partiyaya gəlməyib, heç bir iş görməyib.
Kim avtobusda nəyə baxır?
Ərəstun Oruclu oğluna əxlaq dərsi keçir:
- Bax, oğlum, ictimai nəqliyyata minəndə ilk olaraq nəyə fikir verirsən? Şəxsən, mən baxıram ki, hansı yer boşdur.
Oğlu qımışır:
- Amma mən baxıram ki, avtobusda qız var, yoxsa yox.
"Onda başla"
Tanınmış aktyor Nurəddin Mehdixanlı əsgərlikdə olarkən hər həftə sonu telefonla evlə danışırmış. "Dembel" vaxtına az qaldığından anası tez-tez nəsihət verirmiş: "Bax, ay bala, urus qızlarından uzaq ol ha! Burda yolunu gözləyən o qədər qız var ki". Bir dəfə Nurəddin anasına deyir:
- Ana, bir gün bir rus qızı zəng edib sənə "hamiləyəm, uşağın atası da oğlunuzdu" xəbərini versə, nə edərsən?
Anası əsəbi halda:
- Sənə dünyanın ən pis qarğışını edərəm! Yaxamı-başımı cırar, səni söyərəm!
Nurik qımışır:
- Onda başla!
Kaş ki uşaq olsaydıq...
Şair Vüqar Əhmədin gənc yaşlarıdır. Bir gün yarı tərəfindən atılmış şair köks ötürür:
- Eh, kaş ki həmişə uşaq qalsaydıq və ən böyük yara dizimdəki yara olasydı...
"Yaxşı yazmısan, göndər getsin"
Siyasi aləmdə kifayət qədər mədəni, kübar adam kimi tanınan ingilisdilli Razi Nurullayev metro ilə işə gedir. Əlində telefon mesaj yazan Razi arxadan bir qızın gözünün ona zillədiyini hiss edir. Mesajı yazandan sonra geri çevrilən Razi mədəni tərzdə, amma ironiya ilə soruşur:
- Buyurun, xanım nəsə əlavə etmək istəyirdiniz?
Xanım eləmir tənbəllik, arsız-arsız irişir:
- Yox, qaqaş, yaxşı yazmısan, göndər getsin.
Qəzəbli status
Xoşladığı qızdan rədd cavabı almış gənc şair Oqtay Hacımusalı facebookqa qəzəbli status yazır:
- Makiyajına və üzündəki rəngbərəng boyalara güvənmə... Çünki yollar dümdüz asvalt olsa da, altından kanalizasiya keçir. Ax, özündən razı, gözəl...
"Çantalarını götürüb qaçırdım, düşürdülər dalımca"
Türməyə təzə düşmüş gənc oğlan tay-tuşları ilə söhbət edir:
- Eh, mənim vaxtlarım vardı e, uşaqlar. Vaxt vardı, arxamca, yüz qız düşürdü...
-Necə? Necə?-deyə, türmə yoldaşları yerbəyerdən soruşurlar.
- Əşi, necə olacaq e, sadə. Çantalarını götürüb qaçırdım, düşürdülər dalımca.
Metroda vəhabiyə məntiq dərsi
Bir gün Elman Türkoğlunun oğlu Məmmədəmin metroda bir vəhabi ilə rastlaşır. Oğlan vəhabini sorğu-suala tutur:
- Əmi, nəyə görə, şalvarlarınızı qısaldırsız?
Vahabi gülümsünür:
- Torpağa dəyib çirklənməsin deyə, mənim balam.
Elmanın oğlu təmkinlə:
- Torpaqdan yaranmısan, torpağa da gedəcəksən! Yarandığın şeydənmi iyrənirsən, yoxsa gedəcəyin yerdənmi?
"Atamın adını qoyacam"
Türk aktyoru Tolqa Korellə azərbaycanlı model Günay Musayeva təzəcə ailə qurublar. Bir gün Tolqa Günaya deyir:
- Canım, çocuğumuz olduğundan ismini bebaber qoyarız...
Günay acılı-acqılı:
- Bərabər nədir? Elə ad olar? Yox bir Üstəgəl...Oğlan olsa, atamın, qız olsa anamın adını qoyacam.
"Vuranda əlimdə qırıldı"
İçində qaynar su olan çaydanla qaynanasını öldürən erməni Serjik məhkəmə qarşısında. Hakim:
- Heçmi heyfin gəlmədi? Məhv elədin yazığı...
Serjik:
-Necə gəlmədi? Elə heyfim gəldi ki. Peşmanam indi. Gül kimi çaydan idi, qaynayanda da fit verirdi. Vuranda qırıldı əlimdə.
Məzəli Tolik
Tovuzda klip çəkilişləri zamanı Aygün susayır. Prodüseri Toliki çağıran Aygün deyir:
-Get, su al da.
Tolik məzələnir:
- "Pepsi", yoxsa "Cola"?
- "Cola".
- "Zero", yoxsa sadə?
- Sadə.
- Butulkada, yoxsa bankada?
Aygün hisrlənir:
-Uy da! Get, su al!
Tolik yenə məzələnir:
- Mineral, yoxsa sadə?
Aygün hirslənir:
-Bax, Tolik, indi vuracam səni!..
Tolik yenə irişir:
- Təpiklə, yoxsa yumruqla?
- Get, rədd ol, Tolik, heç nə lazım deyil!
- Nə vaxt? İndi, yoxsa sonra?
Aygün tamam özündən çıxır:
- Nə zəhlətökən həşəratsan...
- Tarakan, yoxsa, dozanqurdu?
Facebook lüğəti
- "Bir qəpik də pulum yoxdur" deyib corabından yüzlük çıxarana "nənə" deyilir.
- Qonaqlar getmək istəyən vaxtı yalandan: "Oturmuşduz da" deyən adama azərbaycanlı deylir.
- Saxta profillərdən istifadə edib Müsavata qarşı piar aparana, öz müsahibəsinə rəy yazana Əli Kərimli deyilir.