Bakı-Şamaxı magistralının 16 km-lik hissəsinin genişləndirilməsi yekunlaşır
Bakı-Şamaxı magistralının 16 km-lik hissəsinin genişləndirilməsi yekunlaşır
5 Noyabr 2019 13:25 TikintiBakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası yekunlaşmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlıdır. Yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayrıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3.75 m təşkil edir.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu km-lik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədi ilə bu ərazidə yamacların kəsilməsi, yamacın dib hissələrinin xüsusi qrunt ilə doldurulması, dəmir-beton svayların vurulması, monolit dəmir-beton istinad divarlarının tikintisi və səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədi ilə drenaj kanalların inşa edilməsi işləri yerinə yetirilib. Bundan başqa layihə çərçivəsində 719 paqon-metr uzunluğunda 17 dairəvi borunun, 42 metr uzunluğunda 2 düzbucaqlı borunun, yol boyu zəruri olan ərazilərdə ümumi uzunluğu 177 metr olan 3 alt keçidin inşası da aparılıb.
Hazırda magistralın sözügedən hissəsində son tamamlanma işləri aparılır. 2019-cu ilin sonuna qədər magistralın 16 km-lik hissəsinin vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.
Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.