Dağ turizminin inkişaf etdirilməsi məqsədilə Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda yol yenidən qurulub

Dağ turizminin inkişaf etdirilməsi məqsədilə Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda yol yenidən qurulub

Dağ turizmini inkişaf etdirmək və insanların səmərəli istirahətini təmin etmək məqsədi ilə dövlət başçısının tapşırığı ilə bu istiqamətdə avtomobil yolları yenidən qurulub və qurulmaqda davam edir.  "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu tapşırığın icrası ilə əlaqədar olaraq başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 96-cı km-dən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunun yenidən qurulması uğurla aparılaraq yekunlaşdırılıb.

Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda olan avtomobil yolu 4 hissədən ibarətdir. Bura yolun uzunluğu 13.2 km olan Qorağan-Qax şəhəri hissəsi, ümumi uzunluğu 6.3 km olan Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, 7.9 km olan Qax şəhərinin mərkəzi hissəsi - Heydər Əliyev prospekti və 8.1 km olan Qax şəhəri-İlisu kənd hissəsi daxildir.

Layihəyə uyğun olaraq, yol geyiminin və torpaq yatağının yararsız hissələri sökülüb, yolun torpaq yatağının çiyinlər hesabına genişləndirilməsi işləri görülüb, sökülmüş və genişləndirilmiş hissələrdə yararlı karxana materialından əks-dolğu işləri aparılmaqla yeni yol yatağı inşa edilib. Bunun ardınca isə layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsası inşa aparılır və yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, texnoloji ardıcıllığa riayət olunmaqla aparılan yenidənqurma işləri Qax şəhəri də daxil olmaqla yol boyu yerləşən 9 yaşayış məntəqəsinin 20 minə yaxın əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla yanaşı, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə hərəkət etməsinə imkan yaratmaqla dağ turizminin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsi və müxtəlifyönlü, səmərəli işlərin reallaşması deməkdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31