Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır

Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır

Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki,  rayonun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Bir-neçə istiqamət üzrə yenidən qurulan 52 km-lik yolun 15 km-lik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib.  Tikinti layihəsi çərçivəsində yolun 820 m-lik hissəsi I, qalan hissəsi isə  III  texniki dərəcəyə uyğun yenidən qurulub. Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 m, eni 9.5 m olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib.

Layihə boyu atmosfer sularının təsirindən və hərəkətin intensivliyi nəticəsində Yolların torpaq yatağında aşınma və dağılmalar əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkətinə maneə yaradırdı. Artıq bu problem demək olar ki, geridə qalıb.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, yollar boyu aparılan yenidənqurma işlərinin ardıcıllığı bundan ibarətdir. İlk növbədə yollar boyu yolun normativ eninin alınması üçün yararsız qrunt qazılıb çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və texniki dərəcəyə uyğun yeni yol yatağı və küvet hissələr inşa edilib. İstismar nəticəsində sıradan çıxmış suötürücü borular sökülərək kənarlaşdırılıb, əvəzinə yeni, standartlara uyğun 298 paqon-metr uzunluğunda suötürücü borular quraşdırılıb.

Layihənin sonuncu mərhələsində təbii ki, avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün lazımi yerlərdə yol nişanları və məlumatverici lövhələr, həmçinin km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, o cümlədən piyada zolaqları çəkilib.

Bununla da 50 min nəfərə yaxın əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun yenidən qurulması həm yol boyu yaşayan vətəndaşların neçə illərdir ki, üzləşdikləri problemi aradan qaldırmış olacaq, onların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etməklə rayon mərkəzinə və qonşu rayonlara gediş-gəlişini xeyli asanlaşdıracaq, bu isə  yük və sərnişin daşımasının rahatlaşmasına gətirib çıxarmış olacaq.

Rahat şəkildə hərəkətin təmini isə kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir etməklə, yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsinə, həmçinin müxtəlifyönlü, səmərəli işlərin reallaşmasına zəmin yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31