Xətai rayonunun daha bir küçəsi yenidən qurulub
Xətai rayonunun daha bir küçəsi yenidən qurulub
16 Oktyabr 2019 11:42 TikintiAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir. "OLAYLAR"-a Agentlikdən bildirilib ki, bu çərçivədə Xətai rayonu ərazisində Neapol küçəsindən sonra Səməd bəy Mehmandarov küçəsi də yenidən qurulub.
Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib, hamarlayıcı qat asfalt-beton örtüyü döşənib.
Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunub, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri bərpa olunaraq kənarlarına yeni səki daşları düzülüb.
Bütün işlər mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.