Qusarda 14 yaşayış məntəqəsinin əhatə edən yol yenidən qurulur
Qusarda 14 yaşayış məntəqəsinin əhatə edən yol yenidən qurulur
11 Oktyabr 2019 11:21 TikintiQusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolda yenidənqurma işləri davam etdirilir. "OLAYLAR"-a Agentlikdən verilən məlumata görə, Cibir-Həzrə-Mucuq-Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 km-dir.
Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.
Layihəyə uyğun olaraq, yolun 36 km-i asfalt-beton, 10 km-i isə çınqıl örtüklü olmaqla yenidən qurulur. Bu çərçivədə sözügedən yol boyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir, yolun torpaq yatağının təmiri və bərpası işləri aparılır, yolun normativ eninin alınması üçün torpaq yatağı genişləndirilir.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu yol nişanları və məlumatverici lövhə, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 8 min əhainin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Sözügedən yolda yenidənqurma işlərinin 2020-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulur.