Paytaxtda daha bir küçə əsaslı şəkildə yenidən quruldu
Paytaxtda daha bir küçə əsaslı şəkildə yenidən quruldu
8 Oktyabr 2019 14:51 TikintiAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir. Bu dəfə paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Nəsimi rayonu Asif Məhərrəmov küçəsi əsaslı şəkildə yenidən qurulub. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, əsaslı şəkildə yenidən qurulan Asif Məhərrəmov küçəsinin uzunluğu 1.1 km, eni isə ortalama 20 m təşkil edir (hər istiqamət üzrə 10 m).
Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 6 min kv.m mövcud piyada səkiləri bərpa olunub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 3872 p-metr yeni səki daşının düzülməsi işləri aparılıb, ayrıcı zolaq asfaltlanıb.
Bundan başqa yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı 20 min kv.m-dən çox sahədə frezlənərək kənara daşınıb. Küçə boyu su və qaz xətləri aidiyyəti qurumlar tərəfindən yenilənib. Bunun ardınca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib.