Paytaxtda daha iki küçə təmir edilir
Paytaxtda daha iki küçə təmir edilir
19 Sentyabr 2019 11:38 TikintiDövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, cari ilin əvvəlindən rayon üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 14 km-ə yaxın uzunluğa malik 7 küçədə təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb.
Təkcə Xətai rayonu "NZS" qəsəbəsində 9 km-ə yaxın küçədə təmir işləri aparılaraq yekunlaşdırılıb. Hazırda isə "NZS" qəsəbəsinin əsas küçələrindən olan Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinə start verilib. Küçələrin ümumi uzunluğu 4.2 km təşkil edir.
Təmir işləri ilə əlaqədar olaraq, Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq. Bu üzdən sürücülərdən sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Ərazidə tıxac yaranmasın deyə onlardan öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Təmiri aparılan və nəzərdə tutulan küçələr Xətai rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.