Qəbələdə 18 min nəfərin gediş-gəlişini asanlaşdıracaq yol təmir edilib
Qəbələdə 18 min nəfərin gediş-gəlişini asanlaşdıracaq yol təmir edilib
17 Sentyabr 2019 14:44 TikintiQəbələ rayonunun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx, həmçinin Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolların yenidən qurulması işləri yekunlaşdırılıb. "OLAYLAR"-a AAYDA-dan bildirilib ki, avtomobil yollarının ümumi uzunluğu 37 km təşkil edir.
Layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hisələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasların alt və üst layının tikintisi işləri görülüb. Bu işlər 200 min kv.m-dən çox sahəni əhatə edib.
Qeyd edək ki, başlanğıcını respublika əhəmiyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 km uzunluğa malik Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, başlanğıcını respublika əhəmiyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolundan götürən və 18 km uzunluğa malik Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu 10 mindən artıq əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edir. Yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulub.
Təbii ki, sözügedən yollar torpaq və çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalıb, ən əsası respublika əhəmiyyətli avtomobil yollarına çıxış əldə olunmaqla 19 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gəlib. Bununla da yol boyu yaşayan 18 mindən artıq əhalinin gediş-gəlişi həm təhlükəsiz olub, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşıb. Bu amillər isə kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olur.