Bakı-Quba-Rusiya avtomobil yolunda yenidənqurma işləri aparılır
Bakı-Quba-Rusiya avtomobil yolunda yenidənqurma işləri aparılır
6 Sentyabr 2019 11:44 TikintiBakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, sözügedən yolun 11-18-ci km-lik hissəsinin təmiri işləri aparılır. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, təmir işləri 18-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində, daha dəqiqi Xırdalan dairəsinə qədər olan hissəsində aparılır. İşlər tərtib olunmuş qrafikə uyğun hissə-hissə görülür.
Təmir işləri çərçivəsində yolun aşınmaya və deformasiyaya məruz qalan asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə yol əsasında əlavə bərkitmə işləri görülür və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə bu işlər 100 min kv.m-dən çox ərazini əhatə edib. Bu istiqamət üzrə hərəkət intensivliyi nəzərə alınaraq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunub.