Qəbələdə 19 km yerli əhəmiyyətli yolunun yenidən qurulması yekunlaşıb
Qəbələdə 19 km yerli əhəmiyyətli yolunun yenidən qurulması yekunlaşıb
4 Sentyabr 2019 13:21 TikintiQəbələ rayonunda uzunluğu 19 km olan yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, layihəyə uyğun olaraq, mövcud örtük sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yatağı avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın alt və üst layının tikintisi işləri görülüb. Bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edib.
Yol boyu mövcud suötürücü borular uzun illər istismar olunduğundan metal borular karroziyaya uğrayaraq çürümüş, dəmir-beton boruların başlıq hissələri sınmış, orta hissələri çökmüş, istismar üçün yararsız vəziyyətə düşmüşdür. Bu üzdən yol boyu müxtəlif diametrlərə malik 1169 paqon-metr uzunluğunda 95 ədəd yeni suötürücü borular quraşdırılıb.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılıb. Belə ki, yolun təqribən 120 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Həmçinin layihə çərçivəsində Zalamçay üzərində yerləşən və 42 metr uzunluğa malik avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyü üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa edilib.