Şamaxı rayonunda 5 yaşayış məntəqəsinin yolu yenidən qurulur

Şamaxı rayonunda 5 yaşayış məntəqəsinin yolu yenidən qurulur

Şamaxı rayonunun Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması işləri aparılır.  Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 115-ci km-dən götürən yerli əhəmiyyətli Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı yolunun uzunluğu 26.1 km-dir və IV texniki dərəcəlidir.

Layihə çərçivəsində yolun normativ eninin alınması üçün müxtəlif hissələrdə süxurların mexanizmlə kəsilməsi, həmçinin  yolun torpaq yatağının bərpası üçün yararsız qruntun və deformasiyaya uğramış hissələrin qazılıb çıxarılması, çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılır. Tikintinin aparıldığı ərazi 250 min kv.m-dən çoxdur.

Mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün layihə üzrə boru başlıqlarının yenidən təmir olunmasına və əlavə olaraq yol birləşmələri ilə kəsişmələrdə yeni boruların qoyulması nəzərdə tutulur. Layihənin sonuncu mərhələsi üzrə hərəkətin normal təşkili üçün yol boyu zəruri yerlərdə km göstəricisi, yol nişanı və siqnal dirəyi quraşdırılacaq, xətlənmə işləri aparılacaq.

Şamaxı rayonunun Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması ilə 5 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq, yol boyu yaşayan 4 minə yaxın əhali rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcəklər. Ümumilikdə sözügedən yolun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək. Bu isə kənd əhalisinin sosial rifah halına müsbət təsir göstərəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31