Kürdəmir rayonunda 51.2 km uzunluğunda avtomobil yolları yenidən qurulur

Kürdəmir rayonunda 51.2 km uzunluğunda avtomobil yolları yenidən qurulur

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Azərbaycanda yol infrastrukturunun daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi kimi sosial yönümlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla icra olunur. Kürdəmir rayonunda bu çərçivədə cari ildə 2 yol infrastrukturu layihəsinin, Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının yenidən qurulması işləri aparılır. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki,  Kürdəmir rayonunda bu il icra olunan yol layihələri 10 minə yaxın vətəndaşın yaşadığı 5 yaşayış məntəqəsini əhatə edən 51.2 km uzunluğunda avtomobil yollarıdır. Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının əhatə etdiyi yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.

Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün 270 paqon-metr müxtəlif diametrli dairəvi metal və dəmir-beton borulardan istifadə olunub. Bundan başqa yollarda yerləşən 2 və 4 aşırımlı avtomobil körpülərin də əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görülən işlərin siyahısındadır.

Layihələrin sonuncu mərhələsində çiyinlərin bərkidilməsi, yol birləşmələrinin təmiri və avtobus dayanaqcaqlarının tikintisi, həmçinin yollar boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanlarınin, km göstəricilərinin və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması, üfiqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq. 

Qeyd edək ki, Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna asan çıxış əldə etməklə, istər rayon mərkəzinə, istərsə də digər rayonlara rahat gediş-gəlişi təmin olunacaq, yük və sərnişin daşıması asanlaşmaqla, ərazidə əhalinin sosial həyatına müsbət təsir edən kənd təsərrüfatı inkişaf edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31