Salyanda 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur

Salyanda 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur

Salyan rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur.  Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, söhbət uzunluğu 17.2 km olan yerli əhəmiyyətli Abadkənd-Kolanı-Xələc-Yenikənd avtomobil yolundan gedir.

Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qruntun qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri aparılır. Yol əsası hazır olan hissələrə isə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik 476 paqon-metr uzunluğunda metal və dəmir-beton suötürücü borular quraşdırılır.

Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə 2 avtobus dayanacağının tikintisi, 17 km göstəricinin, 110 yol nişanı və məlumatverici lövhələrin, 160 siqnal dirəyinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən yolda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31