Teatr və kino

“Aşka Gəldik” tamaşaçılara təqdim edilləcək

16 Sentyabr 2017 15:13

Azərbaycan və Türkiyə birgə istehsalı olan “Aşka Gəldik” komediya filmi yaxın günlərdə tamaşaçılara təqdim olunacaq. “Olaylar” bildirir ki, filmin rejissoru Məhərrəm Özabat, prodüsseri Həmdi Bor, ssenari müəllifi isə Həsən Əliyevdi.  Filmdə əsas obrazları Mətn Yıldız və Şənər Kökkaya canlandırıblar. Fimdə azerbaycanlı aktyor Fərda Xudaverdiyev də rol alıb. 

“Maqomayev böyük sənətkar idi, amma aktyor kimi uğurlu olmadı” –  Danışan fotolar

16 Sentyabr 2017 11:55

Adil İsgəndərovun qəbuluna düşüb, “Azərbaycanfilm” kinostudiyasında işə başladığı gündən çox illər ötüb. Bu illər ərzində yaddaşlara əbədi həkk olunan tarixi obrazlar yaradıb, tamaşaçıların heç də birmənalı qarşılamadığı mənfi rollar oynamağa cəsarət edib, hətta ən xırda rolu belə oynamaqdan çəkinməyib. Bir şərtlə ki, o rolun da tamaşaçıya ötürəcəyi bir mesajı, bir yükü olsun. Biz də doğma mühitdən uzaqlaşmaq istəmədik, bir halda ki, söhbətimizin əsas hissəsi məhz bura aiddirsə... Görüşümüz elə kinostudiyanın həyətində baş tutdu. Beləliklə, ”Danışan fotolar”ın budəfəki qəhrəmanı xalq artisti, kinomuzun Nəsimisi, Babəki, Beyrəyi, Cavidi, Mirzə Fətəli Axundzadəsi Rasim Balayevdir.

"Mələyin öpüşü" təqdim edildi

16 Sentyabr 2017 09:12

Rejissoru Əsgər Əli Hacızadə, quruluşçu operatoru Elman Əliyev, ssenari müəllifləri Əlibəy Məmmədli, Əsgər Əli Hacızadə, Süleyman Süleymanzadə olan "Mələyin öpüşü" filminin Nizami Kino Mərkəzində qala-gecəsi keçirilib. Səhnə əsərində Xalq Artisti Fuad Poladov, Elşad Xose, Oksana Rəsulova, Münəvvər Əliyeva, Nizar Məmmədov, Təranə Əliyeva, Şəhriyar Əbilov, Şamil Süleymanlı və digər aktyorlar rol alıblar. Film bu gündən etibarən kinoteatrlarda tamaşaçıların ixtiyarına verilir.

“Pa-pa”  beynəlxalq festivalda

16 Sentyabr 2017 09:02

Sentyabrın 17-dən 24-dək Gürcüstanın Batumi şəhərində “International Art-House” XII Beynəlxalq Film Festivalı keçiriləcək. Festivala gənc rejissor Azər Quliyevin “Pa-pa” qısametrajlı bədii filmi rəsmi dəvət alıb. Həmçinin tələbə Ərturan Nəcəf “Səs” filmi ilə festivala qatılacaq. Gənc rejissorların filmləri müsabiqə proqramında nümayiş olunacaq. Qeyd edək ki, Azər Quliyevin filmi bundan əvvəl Avrasiya Beynəlxalq Film Festivalının müsabiqə proqramında yer almışdı. Ərturan Nəcəfin “Səs” filmi isə onun diplom işidir.

“YARAT”da "Nar bağı"

16 Sentyabr 2017 08:58

Sentyabrın 19-da “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor İlqar Nəcəfin "Nar bağı" filmi təqdim ediləcək. Ekran əsərinin nümayişindən sonra filmin yaradıcı heyəti ilə görüş keçiriləcək. Filmin nümayişində hər kəs iştirak edə bilər. Film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan ekran əsəri 2017-ci ildə ərsəyə gəlib. “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Azərbaycanda teatr direktorunun arvadı teatrda dava saldı — MARAQLI SƏBƏBLƏR

15 Sentyabr 2017 14:49

İrəvan Dövlət Azərbaycan Dram Teatrında bəzi aktyorları ilə direktor İftixar Piriyev arasında baş verən narazılıqlar və narazılıqların səbəbləri barədə ikinci yazını təqdim edirik. Teatrda quruluş verilən bəzi tamaşalar üçün geyimlər tikilmir. Bəzən isə aktyorlar məcbur olub öz geyimlərindən istifadə edirlər: ""Molla Nəsrəddin" tamaşası quruldu, tamaşa birbaşa oynanıldı. Amma tamaşa üçün bir dənə də olsun paltar tikilmədi. Söhbət iki il əvvəldən gedir. Direktor deyir ki, teatrda pul yoxdur. Amma teatra girişdə böyük bir zal var. Oranı idman zalı kimi icarəyə verib. Eşitdiyimizə görə 1200-dən çox icarə haqqı alır. "Prado"da gəzə bilir, tamaşaya paltar tikdirə bilmir?" Aktyorlar bildirirlər ki, teatrda onların qrim otağı belə yoxdur: "Aktyorların oturmağa otağı yoxdur. Amma bunun bir otağı var ki gəl görəsən. A

Park Cinemadan tələbələrə xüsusi təklif

15 Sentyabr 2017 13:52

Park Cinema Kinoteatrlar şəbəkəsi yeni dərs ilinin başlanması münasibəti ilə tələbələrə xoş surpriz edib. Kinoteatrın Marketinq departamentinin direktoru Musa Axundov “Olaylar” – a bildirib ki, tələbələr üçün kino biletinə və menuya xüsusi endirimlər tətbiq qüvvəyə minir. Park Bulvar, Metropark, Alov qüllələri, Zagulba və Masallıda yerləşən kinoteatrlarda tələbə biletinin göstərən gənclər bu təklifdən faydalana biləcəklər. “Sentyabrın axırına qədər keçirilən aksiyada tələbələr kino biletinə, içki və popkorna xüsusi endirim əldə edəcəklər. Bundan əlavə, onlar GəncOl və Ulduzum kodları ilə hər ikinci bileti pulsuz əldə edəcəklər. Park Cinema kinoteatrlar şəbəkəsi daim gənclərin yanında olmağa çalışır və onlara ən uyğun və sərfəli bilet qiymətləri təklif edir.

138 – ci mövsümü “Kralın yeni libası” açacaq

15 Sentyabr 2017 13:11

Sentyabrın 20 – də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında  138-ci mövsümün açılışı olacaq. Açılış Hans Xristian Andersenin “Kralın yeni libası” nağılı əsasında hazırlanmış nağıl-tamaşanın premyerası  ilə baş tutacaq. "Olaylar" bildirir ki, tamaşanın bədii rəhbəri Mirbala Səlimli, quruluşçu rejissoru Arzu Əhmədova, quruluşçu rəssam Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Əsas rolları əməkdar artist İqrar Salamov, aktyorlardan Orxan Həmidli, Fidan Lətifova, Rəşid Mirizadə, Günay Novruzəliyeva, İlyas Əsədov, Qurban Rəsulov və başqaları canlandıracaq.

“Nar bağı” “Film by the Sea” Beynəlxalq Kinofestivalında

14 Sentyabr 2017 09:39

“Azərbaycanfilm” və “Buta Film” kino şirkətinin birgə məhsulu olan “Nar bağı” filmi sentyabr ayında Hollandiyada keçiriləcək “Film by the Sea” Beynəlxalq Kinofestivalının rəsmi müsabiqə proqramında nümayiş olunacaq. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəf filmi təqdim etmək üçün artıq Hollandiyaya yola düşüb. Festivalın direktoru Leo Hannevik  yerli məbuata verdiyi  açıqlamada  müsabiqə proqramı haqda danışarkən “Nar bağı” filmini xüsusi  qeyd edib. Filmin növbəti aylarda Almaniya, Fransa, İspaniya, Şotlandiya, Belorusiya  və  Türkiyədə keçiriləcək festivalların rəsmi müsabiqə proqramlarında nümayişi planlanır.

Teatrda beynəlxalq layihə - “Eşqi – Nigar”

14 Sentyabr 2017 09:16

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir yeni layihə üzərində yaradıcılıq prosesi başlayıb. "Olaylar" bildirir ki, teatrın  Bakı Yunis Əmrə İnstitutu ilə birgə layihəsi “Eşqi – Nigar” adlanır. Əsər türk dünyasının ortaq əfsanəvi qəhrəmanı Koroğlu dastanı əsasında hazırlanır. “Ümid edirəm ki, əfsanəvi xalq qəhərəmanı Koroğlu dastanının əsas obrazlarından olan Nigarın Koroğluya olan sevgi motivləri üzərində qurulan tamaşa həm Azərbaycan, həm də qardaş Türkiyə tamaşaçıları tərəfindən rəğbətlə qarşılanacaqdır. Bunu deməyə əlimizdə olan zəngin material və eyni zamanda truppamızda olan aktyor potensialıdır.” – deyə teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov layihə iştirakçıları ilə görüşərkən söylədi.

YUĞ - da premyera

14 Sentyabr 2017 09:12

Azərbaycan Dövlət “Yuğ” Teatrının 29-cu mövsümdə “Quş dili” adlı yeni tamaşa təqdim edəcək. Tamaşada əhvalatlar ucqar dağ kəndində baş verir. Premyerası oktyabrda  planlaşdırılan tamaşanın rejissoru Əbdülqəni Əliyev, mətnin müəllifi Təranə Vahiddir.

Mehriban Ələkbərzadənin “Cəza” – sı festivalda nümayiş olundu

13 Sentyabr 2017 16:47

Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib. “Olaylar” bildirir ki, teatr festivalda Tamara Vəliyevanın “Cəza” mono tamaşası ilə çıxış edib. Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Azərbaycanda ilk dəfə - Britaniyanın məhşur teatr tamaşaları Park Cinemada

13 Sentyabr 2017 12:47

Sentyabrın 13 – də British Councilın TheatreHD layihəsi çərçivəsində Park Cinema Flame Towersdə ilk dəfə dünyada məhşur teatr tamaşaları böyük ekranda göstəriləcək. “Olaylar” bildirir ki, layihə çərçivəsində “Amadeus” tamaşası izləyicilərə təqdim olunacaq. Axşam saat 19:00-da başlayacaq tamaşa antraklarla birlikdə 2 saat 30 dəqiqə davam edəcək. Filmin rejissoru Maykl Longhurstin yeni quruluşda təqdim etdiyi tamaşada canlı orkestr musiqisi səslənir. Park Cinemada nümayiş oluncaq tamaşalar Londonda və Britaniyada ən çox uğur qazanmış tamaşalardır.

Filmlərimiz “TEFİ-Sodrujestvo” VII Beynəlxalq televiziya festivalında

13 Sentyabr 2017 12:34

Sentyabrın 14-dən 17-dək Minskdə ənənəvi “TEFİ-Sodrujestvo” VII Beynəlxalq televiziya festivalı keçiriləcək. Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycan bu il festivala iki filmlə qatılacaq. Bunlar “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan SSRİ Xalq Artisti Müslüm Maqomayevə həsr olunmuş “Bəstəkar Müslüm Maqomayev” və İctimai Televiziya və Radio Yayımları Şirkətinin Azərbaycanın İvanovka kəndində yaşayan rusiyalı malakanların həyatına həsr etdiyi “Qərib olmayan, qürbətdəkilər” adlı sənədli filmlərdi.

Kukla Teatrı yeniliklər vəd edir

13 Sentyabr 2017 10:04

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yeni – 86-cı teatr mövsümünə hazırdır. Uğurlu premyeralar, festivallardan mükafatlarla mövsümü başa vuran teatrın yaradıcı heyəti sentyabrın 16-da dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” tamaşası ilə başlayacaq. “Olaylar” bildirir ki, iki seansda nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Elə həmin gün rus bölməsi üzrə uşaqların böyük maraqla izlədiyi “Qoğal” tamaşası da nümayiş olunacaq. Mövsümün ilk premyerası sentyabrın sonunda rus xalq nağılı “Durna balığının əmri ilə” əsasında hazırlanan “Durna balığı” tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır.