Jurnalistin yerini bloqer, müəllimin yerini isə təlimçi tutur- ÖZƏL

"Bu gün bəzi sahələrdə peşəkarlıq anlayışının yerini qəribə bir tendensiya tutur: jurnalistin yerini bloqer, ali məktəbdə peşəkar müəllimin yerini isə təlimçi tutmağa başlayır. Bloqer olmaq asandır - kamera qarşısında danışmaq, sosial şəbəkədə izləyici toplamaq və gündəmi şərh etmək kifayətdir; amma jurnalist olmaq araşdırma, məsuliyyət, peşə etikası və ciddi hazırlıq tələb edir. Eyni şəkildə, auditoriyaya təqdimat keçmək insanı avtomatik olaraq müəllim etmir: universitet müəllimindən elmi hazırlıq, akademik təcrübə, metodoloji bilik və tələbəyə sistemli bilik vermək bacarığı tələb olunur". Bunu "Olaylar"a açıqlamasında iatisad elmləri doktoru, professor Zahid Məmmədov deyib: "Təlimçi müəyyən praktik bacarığı öyrədə bilər, bloqer müəyyən mövzunu kütləyə çatdıra bilər. Amma bunların heç biri öz-özlüyündə universitet müəlliminin və peşəkar jurnalistin funksiyasını əvəz etmir. Təəssüf ki, bəzən diplomu, elmi dərəcəsi, elmi fəaliyyəti və akademik təcrübəsi olmayan şəxslərin yalnız müəyyən çevrələrlə münasibətlər və şəxsi tanışlıqlar hesabına mühüm mövqelərə gətirilməsi peşəkarlığa ciddi zərbə vurur.

Universitet auditoriyası eksperiment meydanı deyil. Burada tələbəyə sosial şəbəkə ritorikası deyil, elmi əsaslandırılmış bilik verilməlidir. Jurnalistika da bloqerliklə eyniləşdirilməməlidir. İzləyici sayı bilik göstəricisi, kamera qarşısında rahat danışmaq müəllimlik meyarı, tanışlıq isə peşəkarlıq sertifikatı deyil.

Əgər cəmiyyət peşəkar müəllimi "təlimçi", peşəkar jurnalisti isə "bloqer" səviyyəsinə endirirsə, sabah diplomun, elmin və peşəkar əməyin dəyərinin niyə aşağı düşdüyünü soruşmağa haqqımız olmayacaq. Hər kəs öz yerində olmalıdır: bloqer bloqerliyini, təlimçi təlimçiliyini, jurnalist jurnalistliyini, alim isə elmi fəaliyyətini həyata keçirməlidir. Peşələri qarışdırmaq inkişaf deyil; peşəkarlığın dəyərsizləşdirilməsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31