Gölməçələrdən gələn siqnal: yağış Bakıda niyə çətinliyə çevrilir? - ÖZƏL
21:35 SosialTəbiət insan həyatının ayrılmaz bir hissəsidir və o, bəzən bizə gözəlliklər bəxş etdiyi kimi, gözlənilməz sınaqlarla da üz-üzə qoyur. Təbii fəlakətlər- sel, zəlzələ, qasırğa, torpaq sürüşməsi və digərləri insan cəmiyyətinə həm maddi, həm də mənəvi baxımdan ciddi təsirlər göstərir. Bu hadisələr bir daha sübut edir ki, insan nə qədər inkişaf etsə də, təbiətin gücü qarşısında tam üstünlük qazana bilmir. Məncə, məhz bu səbəbdən təbii proseslərə qarşı daha həssas yanaşmaq, onların mümkün nəticələrini əvvəlcədən hesablamaq və uyğun tədbirlər görmək son dərəcə vacibdir.
Təbii fəlakətlərin yaratdığı təhlükələr yalnız bir anlıq deyil, uzunmüddətli təsirlərlə də yadda qalır. İnfrastrukturun zədələnməsi, insanların gündəlik həyatının pozulması, iqtisadi itkilər bu təsirlərin yalnız bir hissəsidir. Düşünürəm ki, bu cür halların qarşısını tam almaq mümkün olmasa da, onların təsirini minimuma endirmək üçün qabaqlayıcı addımlar atmaq hər bir cəmiyyətin əsas vəzifələrindən biri olmalıdır. Xüsusilə böyük şəhərlərdə bu məsələ daha aktuallaşır, çünki sıx məskunlaşma və intensiv urbanizasiya riskləri daha da artırır.
Son günlər müşahidə olunan intensiv yağışlar da bu baxımdan diqqət çəkir. Yağış, əslində, təbiətin ən zərif və eyni zamanda həyatverici hadisələrindən biridir. O, torpağı canlandırır, havanı təmizləyir, ekosistemin tarazlığını qoruyur. Lakin bəzi hallarda, xüsusilə də güclü və davamlı yağışlar zamanı bu təbii hadisə müəyyən çətinliklərə səbəb ola bilir. Məncə, problem yağışın özündə deyil, onun qarşılanma formasında, yəni şəhər mühitinin bu cür hallara nə dərəcədə hazır olmasındadır.
Bakı şəhərində və ətraf qəsəbələrdə yağan intensiv yağışlar bir daha göstərdi ki, mövcud infrastruktur bəzi hallarda bu yükü tam şəkildə daşımaqda çətinlik çəkir. Kanalizasiya sistemində yaranan problemlər nəticəsində küçələrdə gölməçələr əmələ gəlir, nəqliyyatın hərəkəti çətinləşir, piyadalar üçün əlavə narahatlıqlar yaranır. Bu vəziyyət isə təbii olaraq insanların narazılığına səbəb olur. Düşünürəm ki, bu narahatlıq tam əsaslıdır, çünki şəhər mühiti insan üçün komfort və təhlükəsizlik təmin etməlidir. Eyni zamanda, bu cür hallar bizə vacib bir məqamı da xatırladır. Şəhər planlaşdırılması və kommunal sistemlərin müasir tələblərə uyğunlaşdırılması daim diqqət mərkəzində olmalıdır. Yağış suları üçün nəzərdə tutulan xüsusi sistemlərinin gücləndirilməsi, kanalizasiya xətlərinin mütəmadi təmizlənməsi və yenilənməsi kimi addımlar bu problemlərin qarşısını müəyyən qədər ala bilər. Məncə, bu məsələyə kompleks yanaşma tələb olunur və yalnız bir qurumun deyil, müxtəlif sahələrin koordinasiyalı fəaliyyəti burada həlledici rol oynayır.
Digər tərəfdən, iqlim dəyişiklikləri fonunda belə hadisələrin daha tez-tez baş verməsi ehtimalı da nəzərə alınmalıdır. Bu isə o deməkdir ki, biz artıq bu cür yağışları "istisna hal" kimi deyil, mümkün reallıq kimi qəbul etməliyik. Düşünürəm ki, məhz bu yanaşma gələcəkdə daha dayanıqlı və təhlükəsiz şəhər mühitinin formalaşdırılmasına kömək edə bilər.
Mövzu ilə bağlı daha ətraflı "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctmai Birliyinin sədri Elman Cəfərli Olaylar.az-a açıqlama verib:
"İntensiv yağışlar təbiətin yenilənməsi, torpağın nəfəs alması kimi xarakterizə edilsə də, bu proses şəhər mühitində hər zaman eyni müsbət mənzərəni yaratmır. Xüsusilə Bakı kimi əhalinin sıx məskunlaşdığı, sürətlə böyüyən, infrastrukturu daim yüklənən bir şəhərdə yağış bəzən gözəllik yox, problem gətirir. Budəfəki yağışlar da Bakıda və yarımadada yerləşən digər şəhərlərin infrastrukturuna, şəhər təsərrüfatına ziyan vurub, xüsusən kanalizasiya sistemində ciddi problemlər yaradıb. Güclü yağışlardan sonra adətən quyular daşır, keçilməz gölməçələr əmələ gəlir. Bu gölməçələr ilk baxışdan sadəcə su yığını təsiri bağışlasa da, əslində onlar ciddi ekoloji və sanitariya təhlükəsi yaradan amildir. Yağış sularının kanalizasiya axınları ilə qarışması nəticəsində bu su hövzələri məişət tullantıları, neft məhsulları, ağır metallar və müxtəlif kimyəvi birləşmələrlə zənginləşir. Beləliklə, şəhər küçələrində yaranan hər bir gölməçə potensial təhlükə mənbəyinə çevrilir. Gölməçələrin yaratdığı ən böyük risklərdən biri insan sağlamlığı ilə bağlıdır. Çirkli və durğun su infeksiyaların yayılması üçün münbit şərait yaradır. Bu mühitdə bakteriyalar və viruslar sürətlə çoxalır, nəticədə isə dəri xəstəlikləri, bağırsaq infeksiyaları və digər yoluxucu xəstəliklərin yayılma ehtimalı artır. Bundan əlavə gölməçələrdə toplanan çirkli su tədricən torpağa hoparaq yeraltı su qatlarına qarışır. Bu proses uzunmüddətli perspektivdə yeraltı su mənbələrinin keyfiyyətinə ciddi şəkildə təsir edir. Gölməçə sularının torpağa da ciddi təsirləri var. Çirkli sular torpağın strukturunu pozur, onun bioloji aktivliyini azaldır və nəticədə müxtəlif bitki növlərinin inkişafına mənfi təsir göstərir. Şəhər mühitində onsuz da yaşıllıq zonaları azdır. Bu halda yaşıl zonalar belə hallardan daha çox əziyyət çəkir, ağaclar və bitkilərin inkişafı zəifləyir. Gölməçələr eyni zamanda zərərverici həşəratlar üçün ideal çoxalma mühitidir. Ağcaqanadlar və digər həşəratlar bu durğun sularda sürətlə çoxalaraq həm insan sağlamlığına, həm də ümumi ekoloji balansa zərər vurur. Gölməçədə toplanan çirkab sularının yaratdığı xoşagəlməz qoxular şəhər sakinlərinin gündəlik həyat keyfiyyətini aşağı salır. Yağış sularının ən çox zərər vurduğu yer yol infrasturukturudur. İntensiv yağışlar, axmazı olmayan gölməçələr, davamlı su toplanması nəqliyyatın hərəkətinin çətinləşdirir. Şəxsi minik maşınlarına və ictimai nəqliyyat vasitələrinə ziyan dəyir. Bu da insanlara, topluma iqtisadi zərər vurur. Nəticədə ictimai narazılıq baş qaldırır. Göründüyü kimi şair ruhlu insanları ilhama gətirən yağışlar böyük iqtisadi, urbanistik və ekoloji fəsadlar yarada bilir. Dünyanın inkişaf etmiş ölkələrinin böyük şəhərlərində adətən intensiv yağışlar şəhər təsərrüfatına ciddi ziyan vurmur. Bakıda isə gözəl təbiət hadisəsi olan yağışların sonradan fəlakətə çevrilməməsi üçün xeyli ilşlər görüləməlidir. Öncə şəhər kanalizasiya sisteminin təkmilləşdirilməlidir. Görüləsi işlərdən ən vacibi yağış suları ilə məişət kanalizasiya sistemlərinin ayrılmasıdır. Bu iki axının birləşməsi güclü yağıntılar zamanı şəbəkənin həddindən artıq yüklənməsinə səbəb olur. Ayrı sistemlərin qurulması həm daşqın riskini azalda, həm də çirkli suların ətraf mühitə qarışmasının qarşısını ala bilər. Kanalizasiya infrastrukturu yenilənməli, köhnəlmiş borular dəyişdirilməli, daha böyük diametrli kollektorların çəkilməlidir. Sistemin ötürücülük qabiliyyətini artırmaq üçün nasos stansiyaları gücləndirilməlidir. Bir nünası da unutmaq olmaz ki, ən müasir sistemin belə effektiv işləməsi üçün qurğulara müntəzəm texniki baxış keçirilməli, təmizləmə işləri aparılmalıdır. Tikinti işbazları yeni tikililəri və yaşayış massivlərini layihələndirərkən su axınlarını, relyef xüsusiyyətləri və drenaj imkanları nəzərə almalıdır".
"Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Olaylar.az-a açıqlama verib:
" Bakıda və ətraf qəsəbələrdə intensiv yağışların yağması şəhərdə su problemlərini daim gündəmə gətirir. Əslində, təqribən bir 10 il bundan əvvəl- 2015-2016-cı illərdə də bu cür yağışlar olmuşdu. O zaman Baş nazirin müavini səviyyəsində komissiya yaradıldı və məsələnin araşdırılması ölkə başçısı tərəfindən onlara tapşırıldı. Bunun nəticəsində problemlər müəyyən edildi.
Yəni, yağış kanalizasiya sisteminin kifayət qədər olmamasına görə məişət kanalizasiya kollektorlarına yağış suları dolur və kollektorlar, borular bu yükü daşıya bilmədiyi üçün böyük həcmdə su asfalt üzərində qalır. Bu isə yolların su basmasına, bəzi yerlərdə isə fərdi yaşayış evlərinin zirzəmilərinin su ilə dolmasına səbəb olur. Son günlərdə aylıq normadan bir neçə dəfə çox yağıntının qısa müddət ərzində düşməsi su təchizatı sisteminə və ətraf mühitə mənfi təsir göstərdi. Əhalinin yaşadığı ərazilərdə evlərin zirzəmilərinin su altında qalması, həmçinin avtomobillərin yollarda problemlərlə üzləşməsi kimi hallara rast gəlindi. Gölməçələdin mövcudluğu da bu problemin yaranmasında mənfi faktorlardan biridir. Burada ekoloji riskdən geniş şəkildə danışmaq olmaz, lakin ümumilikdə şəhər infrastrukturuna müəyyən zərər dəyir. Yəni dövlət büdcəsindən ayrılmış vəsait hesabına çəkilmiş asfalt örtüyünün sıradan çıxmasına səbəb olur. Gələcəkdə bu cür halların qarşısını almaq üçün daha çox infrastrukturun təkmilləşdirilməsinə ehtiyac var. Bu məqsədlə məlum olduğu kimi, yanvar ayında cənab Prezident tərəfindən 2026-2035-ci illəri əhatə edən dövlət proqramı təsdiq edilib. Proqramın icrasında müvafiq Dövlət Su Ehtiyatları Agentliyi məsul qurum kimi müəyyən edilib.
Artıq qeyd olunur ki, bu problemlərin həlli böyük vəsait tələb edir. Dövlət büdcəsindən vəsait ayrılacaq, zərurət olarsa, xarici maliyyə mənbələrindən də kreditlərin cəlb edilməsi nəzərdə tutulur.
Yəni, su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi istiqamətində işlər aparılacaq və ümid olunur ki, yaxın illərdə bu sahədə irəliləyişlər müşahidə ediləcək".
Bu hadisələr bir daha göstərir ki, təbiətə qalib gəlmək deyil, onunla uyğunlaşmaq əsas məsələdir. Şəhərlərin davamlı və təhlükəsiz olması üçün yalnız bu günün deyil, gələcəyin də ehtiyacları nəzərə alınmalıdır. Çünki dəyişən iqlim şəraitində bu cür halların təkrarlanması artıq istisna deyil, reallığa çevrilir. Ona görə də məsələ təkcə yağışdan sonra yaranan problemləri aradan qaldırmaq deyil, onları əvvəlcədən görmək və qarşısını almaqdır. Əks halda, hər yağış yenidən eyni sualları doğuracaq və cavabsız qalan problemlər zamanla daha da dərinləşəcək.
Zeynəb Mustafazadə