Erkən təhsil, yoxsa erkən yorğunluq?
21:31 SosialTəhsil hər bir cəmiyyətin inkişafında aparıcı rol oynayır. Uşaqların öyrənmə prosesi yalnız bilik toplamaqdan ibarət deyil, eyni zamanda onların şəxsiyyət formalaşması, sosial bacarıqlarının inkişafı və düşüncə qabiliyyətlərinin artması da təhsilin əsas məqsədidir. Təhsil hər bir fərdin gələcək həyatında özəl və əvəzsiz bir rol oynayır.
Bağça uşaqların erkən təhsildə ilk addımlarını atdığı yerdir. Burada uşaqlar həm oyun vasitəsilə öyrənir, həm də sosial bacarıqlarını inkişaf etdirirlər. Bağça uşaqlar üçün həm əyləncə, həm də öyrənmə mühiti olmalıdır. Onlar burada digər uşaqlarla ünsiyyət qurur, paylaşmağı, əməkdaşlığı və qaydalara riayət etməyi öyrənirlər. Məktəb isə daha sistemli təhsilin başladığı yerdir. Burada uşaqlar yalnız bilik əldə etmir, həm də məsuliyyət, nizam-intizam və fərdi bacarıqlarını inkişaf etdirirlər. Məktəb uşağın gələcək həyatı üçün əsas dayaqdır və burada qazanılan vərdişlər ömür boyu onun yanında qalır. Düşünürəm ki, məktəb mühiti uşağın həm akademik, həm də emosional inkişafını təmin etməlidir.
Son günlər cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biri uşaqların 3 yaşdan etibarən məktəbə başlaması ilə bağlı irəli sürülən təklifdir. Əməkdar müəllimlərdən birinin bu mövzuda fikirlərini açıqlaması ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb olub. Bəziləri bunu erkən inkişaf üçün faydalı hesab edərkən, digərləri uşağın psixoloji və sosial baxımdan buna hazır olmadığını düşünür. Məncə, bu məsələnin həm valideynlər, həm müəllimlər, həm də təhsil siyasəti baxımından ciddi müzakirəyə ehtiyacı var.
Erkən yaşda məktəbə başlama ideyası bəzi ekspertlər tərəfindən uşağın inkişaf imkanlarını artıran bir strategiya kimi qiymətləndirilir. Düzgün planlaşdırılmış təhsil proqramları uşaqlara həm nitq, həm də bacarıqlarını inkişaf etdirmək üçün əlavə stimul verə bilər. Lakin, məsələnin digər tərəfi də var. Uşaqların sosial və emosional inkişafı 3 yaşdan başlayaraq hər kəs üçün eyni sürətlə getmir. Düşünürəm ki, bu səbəbdən, hər bir uşaq üçün fərdi yanaşma vacibdir və standart yaş həddi həmişə universal həll ola bilməz. Valideynlərin və müəllimlərin rolu bu məsələdə önəmlidir. Valideynlər uşaqlarının hazır olub olmadığını müşahidə etməli, onların maraqlarına və fərdi inkişafına uyğun qərarlar verməlidirlər. Müəllimlər isə uşaqları yalnız akademik biliklərlə deyil, həm də emosional və sosial bacarıqlarla təmin etməlidir.
Təhsil sisteminin təşkilində bağça və məktəb proqramlarının keyfiyyəti də böyük rol oynayır. Düşünürəm ki, yalnız yaş həddini aşağı salmaq yerinə, dərs proqramları, oyun və təlim fəaliyyətləri uşağın yaşına uyğun etmək daha düzgün olar. Uşaqların maraq və qabiliyyətlərini nəzərə alan müasir təhsil metodları onların həm akademik, həm də sosial bacarıqlarını daha effektiv inkişaf etdirə bilər.
Cəmiyyətin bu mövzuya münasibəti də diqqətəlayiqdir. Bəzi valideynlər erkən təhsili gələcək uğur üçün vacib hesab edir, digərləri isə uşağın uşaqlıq dövrünü yaşamasına üstünlük verir. 3 yaşdan məktəbə başlamaq məsələsinə olan yanaşmanın uşaqların inkişafına hansı faydaları və zərərləri ola bilər?Erkən yaşda təhsil proqramları uşaqların sosial və emosional formalaşmasına necə təsir göstərir? Valideynlər uşaqlarının erkən təhsilə hazır olub-olmadığını necə qiymətləndirməlidir?Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Olaylar.az- a açıqlama verib:
" Mən təhsil sisteminin sadələşdirilmiş formada şagirdlərə tədris olunmasının tərəfdarıyam. Beynəlxalq təcrübəni dəfələrlə araşdırmışam və beynəlxalq təcrübədə bunun çox nümunələrini görmüşəm. Baxın, dünyanın təhsil baxımından inkişaf etmiş ölkələrində orta məktəb təhsili ümumiyyətlə sadələşdirilir. Orta məktəbdən universitetə qəbul asanlaşdırılır, tədris prosesi sadələşdirilir. Bizdə isə əksinə, şagirdləri yükləyirik. Şagird 11 il müddətində bu yüklənmə içərisində yorulur, müəyyən psixoloji və stress problemləri yaşayır, çətinliklərlə üzləşir. Bu yorğunluqla uşaq universitetə qəbul olur. Universitetə qəbul olandan sonra isə artıq oxumaq istəmir.
Baxaq Azərbaycandakı reallığa. Uşaq baxçadan başlayır, orta məktəbə gəlir. Orta məktəbdə isə əksər müəllimlər Dövlət İmtahan Mərkəzinin sinif testlərini, digər müəlliflərin tapşırıqlarını və testlərini tətbiq edirlər. Bu ciddi yüklənməyə gətirib çıxarır. Valideynlər narazı qalır, deyirlər ki, mən 5-ci sinifdə oxuyan uşağın çantasını qaldıra bilmirəm. Və bu, həqiqətən də ciddi problemlər yaradır. Uşağa çox yüklənmək olmaz. 3 yaşında olan bir uşağı orta məktəbin 1-ci sinifinə başlatmaq böyük bir səhvdir. Uşaq uşaqlığını yaşamalıdır. O yaşda uşağın oyuncaqla oynamaq, əylənmək vaxtıdır. Biz o uşağı 1-ci sinifə göndərir, ona tapşırıqlar veririk, hərifləri öyrədirik. Bəzi düşüncələr var ki, əgər 3 yaşından başlasa, daha yaxşı təməl formalaşacaq. Mən bunu səhv hesab edirəm. Uşaq yuxarı siniflərə gəldikcə yorulur. 5-ci, 6-cı sinifdən repetitor yanına göndərilən uşaqlar var və 10-cu, 11-ci sinifdə uşağın dərsə marağı itir, artıq oxumağa nifrət etməyə başlayır. Eyni şeyi təkrar-təkrar etmək uşağın öyrənməsinə mənfi təsir göstərir. Universitetə qəbul olunanda isə bu, ciddi şəkildə özünü göstərir. Bu nifrət, bu yorğunluq oxumaq istəyini sarsıdır. Baxın, reallıq var, universitetlərdə vəziyyət nə yerdədir? Bizim 600 bal toplayan uşaqlarımız gedir universitetdə kəsilir. Bunlar hamısı bunun real nəticəsidir.
3 yaşında olan uşağın psixologiyasına mənfi təsir göstərməkdən və onu ciddi şəkildə yükləməkdən heç bir fayda olmayacaq. Bəlkə bəzi uşaqlarda müsbət nəticə də görünə bilər, amma biz bütün şagirdləri düşünməliyik, o cümlədən regionlarda, kəndlərdə olan uşaqları da. 3 yaşında uşaq məktəbə necə gedəcək? Problemlər ardıcıl olaraq yaranacaq.
6 yaşına çatanda da uşaq məktəbdə ağlayırsa, 3 yaşlı uşaq nə edə biləcək? Əgər 5 faiz fayda görsə, 95 faiz zərər görəcək. Mən qətiyyən bu təşəbbüsün əleyhinəyəm. Hazırki vəziyyət kifayət qədər qənaətbəxşdir və beynəlxalq təcrübəyə uyğundur.
Təsəvvür edin, 3 yaşından uşaq orta məktəbin birinci sinfinə başlayır. 14 yaşında orta məktəbi bitirdikdən sonra universitetə qəbul olacaq, bəziləri isə 15 yaşında məktəbə gedəcək. Bu erkən yaşda həm təhsil, həm də həyatla bağlı problemlərə yol açır, məsələn erkən evlilik. Buna görə də mən bu təşəbbüsə tam əleyhinəyəm və qəbul edilməsini doğru hesab etmirəm. Yəni, bunun bəlkə də 5% uşağa müəyyən qədər faydası ola bilər. Yəni, intellektual səviyyəsi yüksək olan uşaqlara bəlkə də müəyyən qədər faydalı ola bilər. Amma 95% bunun zərərini görəcək, əziyyətini çəkəcək. Düşünə bilirsiniz, 14-15 yaşında bu uşaq orta məktəbi bitirmiş olacaq. Yəni, 15 yaşında bir uşaq, düşünün, 9-cu sinifdə artıq məktəbin 11-ci sinfini bitirmiş olacaq. Və bu, müəyyən fəsadlara yol açacaq. Hərbi xidmətini deyək, erkən evliliyini deyək, uşağın ali təhsil müəssisəsinə qəbul olmasının günü deyək. Yəni, uşaq xarici ali təhsil müəssisəsinə getmək istəyirsə, bir var 14-15 yaşında, bir də var ki, 18-19 yaşında getmək. Bu, müəyyən qədər problemləri əlbəttə ki, özü ilə gətirəcək. Ona görə də faydasından çox zərərlərini görmək olar. Düşünürəm ki, valideynlərdən soruşduğumuzda əksəriyyəti bu məsələdə razı olmayacaq. Çünki üç yaşında olan uşaqların məktəbə cəlb olunması məntiqli sayılmır".
Erkən yaşda məktəbə başlama ideyası ilk baxışda inkişaf üçün fürsət kimi görünsə də, məsələyə daha dərindən yanaşdıqda bunun uşaqların psixoloji, emosional və sosial inkişafına ciddi təsir göstərə biləcəyi aydın olur. Məncə, uşaqların uşaqlıq dövrünü rahat, qayğısız və təbii şəkildə yaşamaları onların gələcək inkişafı üçün ən sağlam təməldir. Ekspertin də qeyd etdiyi kimi, əsas məsələ uşaqları daha tez məktəbə cəlb etmək yox, onları yormayan, maraqlandıran və dəstəkləyən bir təhsil mühiti yaratmaqdır. Bəlkə də ən doğru yol, hər uşağa eyni çərçivədən baxmaq deyil, onun fərdi inkişafını nəzərə almaqdır. Çünki hər uşaq öz ritmi ilə böyüyür və bu ritmə hörmətlə yanaşmaq cəmiyyət olaraq bizim ən böyük məsuliyyətimizdir.
Zeynəb Mustafazadə