Sözün ucaltdığı ömür, əqidənin göstərdiyi yol: Tapdıq Əlibəyli - 65

Şairlik sərhədləri görünməyən bir dəniz, ümman kimidir-sirli, dərin və insanı başqa bir aləmə aparan bir yoldur. Şairlər daxili aləmi zəngin, qəlbi saf, ruhunda söz xəzinəsi daşıyan insanlardır. Onlar varlığında ilahi işığın bir hissəsini daşıyır. Yazdıqları misralarla sözə can verir, kəlmələrin rəsmini çəkir, duyğulara forma qazandırırlar. Buna görə də haqlı olaraq deyilir ki, şairlik İlahi bir hikmətdir və bu hikmət hər kəsə nəsib olmur.

Yaratdıqları əsərlərlə özləri nəfəs alır, oxucu isə həmin nəfəsdən ümid və təsəlli tapır. Sətirlər oxucunun qəlbində inam oyadır, insanı düşünməyə və yaşamağa daha dərindən bağlayır. Şairlər sanki iki müxtəlif yolun yolçusudurlar. Bəziləri elə misralar yazır ki, oxuyan hər kəs həmin sözlərdə öz qəlbinin səsini, öz taleyinin izlərini görür. Digərləri isə elə poeziya yaradır ki, oxucu o sözlərin dərin qatlarında gizlənən mənanı, şairin ruhunu və düşüncəsinin fəlsəfəsini axtarmağa başlayır. Tapdıq Əlibəyli yaradıcılığında bu iki xətt bir-biri ilə üzvi şəkildə qovuşur. Onun şeirləri həm sadə oxucu üçün səmimi duyğu məkanı yaradır, həm də düşünən insan üçün mənəvi axtarış meydanına çevrilir.

Şairlik hiss, hal, məqamdır,

Gah dərvişlik, gah şamandır.

Gah səhərdir, gah axşamdır...

Şairliyin yaşı olmur!

Bu misralar təkcə bədii ifadə deyil, şair taleyinin daxili mahiyyətini açan bir düşüncədir. Şairlik yaşla ölçülən sənət deyil. Şairlik insanın ruhuna yazılan bir çağırışdır. Bəzən bu çağırış insanı dərviş tənhalığına aparır, bəzən düşüncəni işıqlandıran bir məşələ çevrilir. Bəzən səhər kimi ümid gətirir, bəzən axşam kimi sükutun dili ilə danışır. Şairliyin yaşı olmur deyərkən əslində sözün ömründən, duyğunun davamlılığından və vicdanın məsuliyyətindən danışılır. Şairlik insanın seçdiyi yol deyil və insanın içində oyanan bir taledir.

Azərbaycan ədəbi mühitində sözü yalnız ifadə vasitəsi kimi deyil, mənəvi məsuliyyət kimi qəbul edən qələm adamları həmişə xüsusi yer tutub. Tapdıq Əlibəyli bu qələm sahiblərindən biri yaradıcılığını milli ruhdan yoğrulmuş, torpaq yaddaşından süzülmüş və Vətən sevgisi ilə işıqlanan geniş bir düşüncə dünyasına çevirib. Tapdıq Əlibəyli üçün şeir yalnız bədii forma deyil. Şeir onun üçün vicdanın səsi, mənəvi borcun ifadəsi və doğulduğu torpağa sədaqətin sözə çevrilmiş halıdır. Bu baxımdan onun yaradıcılığı təkcə ədəbi fəaliyyət deyil, həm də bir ziyalı mövqeyinin ifadəsidir.

Tapdıq Əlibəylinin yazı dünyasında söz kökdən qopmur. O söz xalqın yaddaşından gəlir, elin nəfəsindən gəlir, nəsillərin qoruduğu dəyərlərin içindən gəlir. Buna görə də onun mətnlərində söz yalnız cümlə qurmaq üçün deyil, mənanı qorumaq üçün işlədilir. Burada söz həm yaddaşdır, həm çağırışdır, həm də məsuliyyətdir. Bu sözlərdə xalqın keçmişi də yaşayır, gələcək üçün ümid də.

Şairin düşüncəsində Vətən anlayışı sadəcə coğrafi məkan deyil. Vətən insanın ruhunda yaşayan müqəddəs dayaqdır. İnsan bu dayağı daxilində daşıyır və hara getsə də həmin duyğu onunla birlikdə yaşayır. Tapdıq Əlibəylinin yazılarında Vətən ana məhəbbəti qədər saf, torpaq qədər müqəddəs və Tanrı nəfəsi qədər uca bir dəyər kimi təqdim olunur.

Bu baxışın içində ana, torpaq və Vətən bir-birindən ayrılmayan mənəvi anlayışlar kimi görünür. Ana insanın ilk sevgisi və ilk məktəbidir. Torpaq insanın ilk dayağıdır. Vətən isə bu sevginin və bu dayağın bütöv adı, ümumi məkanıdır. Tapdıq Əlibəylinin düşüncəsində bu üç anlayış bir-birini tamamlayan mənəvi zəncir yaradır.

Bu zəncir insanın kimliyini və mənəvi dayanıqlığını formalaşdıran dəyərlərdən ibarətdir.

Bu baxışın mahiyyəti onun Vətən mövzusunda yazdığı misralarda da aydın görünür.

Anadan başlayan Vətən sevgisi,

İnsanın torpağa Tanrı sevgisi.

Şair bu misralarda Vətən sevgisinin mənəvi başlanğıcını göstərir. İnsan Vətəni sevməyi ilk növbədə ana tərbiyəsi ilə öyrənir. Ana insanın qəlbinə torpaq sevgisinin ilk toxumunu səpir. Torpaq isə həmin toxumun kök saldığı müqəddəs məkandır. Tapdıq Əlibəyli burada torpağı sadəcə fiziki məkan kimi deyil, ilahi əmanət kimi təqdim edir. Buna görə də Vətən sevgisi yalnız hiss deyil, həm də məsuliyyətdir. Torpağı sevmək onu qorumaq və yaşatmaq məsuliyyətini də daşımaq deməkdir.

Tapdıq Əlibəylinin düşüncə dünyasında doğma yurd anlayışı xüsusi yer tutur. Yardımlının Bürzünbül kəndi onun yaradıcılığında sadəcə doğulduğu məkan kimi təqdim edilmir. Bu kənd el yaddaşının, insan səmimiyyətinin, ağsaqqal müdrikliyinin və ana duasının yaşadığı bir məkandır. Bürzünbül şairin yaddaşında sadəcə bir kənd deyil, həyatın başlanğıc ünvanıdır.

Bu ünvan onun şeirlərində kökə bağlılığın və mənəvi yaddaşın rəmzinə çevrilir.

Bu duyğu onun misralarında belə səslənir:

Tanrı yazan bir əzəli ünvanım,

Dağ havası, yurd sədası- Bürzünbül. "Tanrı yazan ünvan" ifadəsi burada xüsusi məna daşıyır. Şair demək istəyir ki, insanın doğulduğu yer taleyin möhürüdür. Dağ havası yalnız təbiət təsviri deyil, vüqar və möhkəmlik rəmzidir. Yurd sədası isə sadəcə səslər deyil, elin ruhudur. Bu misralarla Tapdıq Əlibəyli oxucunu öz kökünə qaytarır və insanın mənəvi gücünün doğulduğu torpaqdan gəldiyini xatırladır.

Tapdıq Əlibəylinin yazılarında təbiət də geniş yer tutur. Lakin bu təbiət sadəcə gözəllik təsviri deyil. Dağlar, dərələr, yollar və bulaqlar insanın yaddaşı ilə, duyğuları ilə və həyatın davamlılığı ilə bağlı mənalar daşıyır. Təbiət onun yaradıcılığında insanın daxili aləmi ilə danışan canlı bir varlıq kimi görünür. Sanki təbiət onun şeirlərində insan ruhunun səssiz həmsöhbətinə çevrilir.

Bu baxış "Çanaq bulaq"dan gələn misralarda da aydın görünür.

Dərənin dibində bir bulaq çağlar,

Salar kəməndinə gələn hər kəsi.

Şair burada bulağı sadəcə su mənbəyi kimi təqdim etmir. Bulaq doğma torpağın saflığının və həyat enerjisinin rəmzidir. Bulağın çağlaması sanki insanı özünə səsləyir. Bu səs doğma yurdun çağırışıdır. İnsan bu çağırışı eşidəndə öz kökünə yaxınlaşır, yurduna bağlılığını daha dərindən hiss edir.

Tapdıq Əlibəylinin yaradıcılığında zamanın mənəvi problemləri də diqqətdən kənarda qalmır. O, cəmiyyətin ziddiyyətlərini görür və bu ziddiyyətləri açıq şəkildə ifadə edir. Onun "Durulan sular lal axır" şeirindən gələn misralar dövrün mənəvi mənzərəsini təsvir edir.

Durulan sular lal axır,

Çirkin təmizə kəm baxır.

Bu misralar bir həqiqəti ifadə edir: bəzən həqiqət səssiz qalır, amma onun axını dayanmır. Digər tərəfdən şair dövrün ağrılı bir mənzərəsini göstərir. Bəzən təmiz niyyət və düzgün mövqe qısqanclıq və qərəzlə qarşılanır.

Bu fikirlə şair cəmiyyətə mənəvi dəyərlərin qorunmasının vacibliyini xatırladır.

Şair insanın daxili aləminə də müraciət edir və insanı nəfsə aldanmamağa, həyatın faniliyini unutmamağa çağırır.

Nəfsinə qul olan insan,

Dünyadan nə aparırsan?

Bu söz insanın özünə ünvanlanan sualdır. Şair xatırladır ki, insan bu dünyadan maddi var-dövlət aparmır. İnsan dünyadan yalnız qoyduğu izlə, gördüyü yaxşılıqla və qazandığı hörmətlə ayrılır. Deməli, ömrün dəyəri topladığınla deyil, qoyduğun izlə ölçülür. Bu sual əslində hər bir insanın vicdanına yönəlmiş mənəvi hesabatdır.

Tapdıq Əlibəylinin bədii dünyasında sözə xüsusi münasibət var. O, sözü sadəcə ifadə vasitəsi kimi görmür. Söz onun üçün məsuliyyətdir. Söz insanın vicdanı qarşısında verdiyi hesabatdır. Onun düşüncəsində Tanrı, söz və torpaq bir-biri ilə bağlı anlayışlardır. Tanrı sözə mənəvi məna verir, torpaq həmin mənanın yaşadığı məkandır, insan isə bu iki dəyərin arasında məsuliyyət daşıyan varlıqdır.

Bu səbəbdən onun yaradıcılığında söz həm mənəvi dəyər, həm də əxlaqi mövqe kimi təqdim olunur.

Tapdıq Əlibəyli 1 iyul 1961-ci ildə Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya gəlib. Orta təhsilini Hamarkənd kənd orta məktəbində başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı Dövlət Universitetində ali təhsil alıb. Gənclik illərindən elmə, ədəbiyyata və ictimai həyata maraq göstərərək bu sahələrdə ardıcıl fəaliyyət göstərib.

Onun yaradıcılıq irsi zəngindir. Müəllifin bu günə qədər 22 kitabı və bir audio diski nəşr olunmuşdur. "Haqqa dayaq doğulmuşuq", "Torpağın səsi", "Söz dərgahına merac", "Könül ziyarəti", "Qəlbdən qələmə" kimi kitablarında insan, zaman, torpaq və Vətən mövzuları dərin düşüncə ilə təqdim olunur.

Publisistik əsərləri də ictimai düşüncənin formalaşmasına xidmət edir. "Yol gedənindir", "İman qaynağı", "Fəzilət yolu", "Ziyalı ömrü", "Sözün dan yeri" kimi kitablarında müəllif cəmiyyətin mənəvi problemlərini və vətəndaş məsuliyyətini ön plana çəkir. 44 günlük Vətən müharibəsinə həsr etdiyi "Payız çöhrəsində yazdı 44 gün" kitabı isə müasir Azərbaycan vətənpərvərlik düşüncəsinin ədəbi ifadələrindən biri kimi diqqət çəkir.

Tapdıq Əlibəyli Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının və Türk Ağsaqqalları Birliyinin üzvüdür. O, həmçinin "Heyrət" dərgisinin və "Konstitusiya" qəzetinin təsisçisidir. Onun ədəbi və ictimai fəaliyyəti "Qızıl qələm" media mükafatı, "Hərbi vətənpərvərlik-80" yubiley medalı və digər mükafatlarla qiymətləndirilib.

1995-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan Tapdıq Əlibəyli, hazırda VHP-nin Nizami rayon təşkilatının Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərir. O, partiya fəaliyyətində təmkinli davranışı, təşkilatçılıq bacarığı və prinsipial mövqeyi ilə seçilir. Müxtəlif dövrlərdə ictimai və siyasi təşəbbüslərdə fəal iştirak edərək ətrafındakı insanların hörmət və etimadını qazanıb.

Bu gün Tapdıq Əlibəyli ömrünün müdrik bir mərhələsindədir. O, 65 yaşının astanasına yaxınlaşarkən həyat yoluna nəzər saldıqda görünən mənzərə bir ziyalı ömrünün mənalı yoludur. Bu ömür şərəf və məsuliyyətlə keçilmiş bir həyat yoludur. Bu ömür insana məhəbbət, dövlətə sədaqət və vətəndaş mövqeyi ilə millətinə xidmət edən bir ömürdür. Tapdıq Əlibəyli bu xidmətini həm sözü ilə, həm qələmi ilə, həm də ziyalı duruşu ilə həyata keçirib.

Onun yazı dünyası oxucunu düşünməyə çağırır, insanı öz köklərinə qaytarır və sözün məsuliyyətini xatırladır. Tapdıq Əlibəyli yaradıcılığı bir həqiqəti xatırladır: insan torpağa bağlı olduqca güclüdür, sözə sədaqətli olduqca hörmətlidir, Vətənə xidmət etdikcə isə ömrü mənalı olur.

Şairlik hiss, hal, məqamdır...

Anadan başlayan Vətən sevgisi...

Tanrı yazan bir əzəli ünvanım...

Dərənin dibində bir bulaq çağlar...

Durulan sular lal axır...

Nəfsinə qul olan insan, dünyadan nə aparırsan?..

Bu sözlər Tapdıq Əlibəylinin ruh dünyasının əsas xəttini göstərir. Şairliyin daxili halından başlayaraq Vətən sevgisinə, doğma yurdun ünvanına, torpaq saflığına, zamanın sınaqlarına və insanın vicdan sualına qədər uzanan bir düşüncə yolu. Bu yol sözə söykənən bir ömür yoludur. Bu yol əqidəyə bağlı bir həyatın ifadəsidir.

Bu yol insanı həm duymağa, həm düşünməyə, həm də daha vicdanlı yaşamağa səsləyən mənəvi bir istiqamət kimi davam edir.

Samir Əsədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31