İKT nailiyyətlərindən düzgün bəhrələnmə mövzusunda Şəkidə gənclərlə görüş keçirilib
2 Dekabr 2013 14:11 SosialAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi" layihəsi çərçivəsində Şəki şəhəri "Uluçay" Sosial-İqtisadi İnnovasiya Mərkəzində gənclərlə görüş keçirilib. Görüşdə layihənin müəllifi Əlimərdan Sultanov, Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universitetinin müəllimi Murad Salman, Azərbaycanın Almaniyada diasporunun nümayəndəsi, Almaniyanın Frederik Vilyam adına Bonn Universitetinin hüquqşünaslıq üzrə magistrantı Orxan Tağıyev, Azərbaycan Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyin rəhbəri Məmmədbağır Məmmədov və Azərbaycan Gənc Diplomatlar Birliyinin nümayəndəsi Əbülfəz Şeydabəyov və Şəki şəhərində yaşayan gənclər iştirak ediblər. Görüşdə çıxış edən Azərbaycan Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyin rəhbəri Məmmədbağır Məmmədov və Azərbaycan Gənc Diplomatlar Birliyinin nümayəndəsi Əbülfəz Şeydabəyov ölkəmizdə hazırda elektron hökumətin formalaşması istiqamətində aparılan işlərdən danışıblar və qeyd ediblər ki, əhaliyə elektron xidmətlərin göstərilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Bildirilib ki, son 10 ildə İKT sahəsində əldə edilmiş nailiyyətlərdən düzgün bəhrələnmək vacib məslələrdəndir. Sonra tədbirdə iştirak edən gənclər mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər. OLAYLAR