Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycanı qüdrətli və nüfuzlu dövlətə çevirib
16:52 SiyasətMüsahibimiz Milli Məclisin deputatı Mahir Süleymanlı
- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 21 ildə sosial-iqtisadi inkişafı, ictimai-siyasi sabitliyi və beynəlxalq arenada artan nüfuzu ilə diqqət mərkəzindədir. Bu nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfələr vermiş və beynəlxalq imicini əhəmiyyətli dərəcədə gücləndirmişdir...
- Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciəti Azərbaycanın parlaq gələcəyinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətli olmuşdur. Müraciətində Ümummilli Lider Azərbaycanın müstəqilliyi və inkişafı yolunda əldə olunan nailiyyətləri vurğulamış, dövlətin gələcəkdə bu kursu davam etdirməsinin vacibliyini bildirmişdir. Ulu Öndər, cənab İlham Əliyevə güvəndiyini və Onun ölkəni daha da inkişaf etdirəcəyinə inandığını qeyd etmişdir. Xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni və sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.
Son 21 ildə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan sosial-iqtisadi sahədə böyük uğurlar əldə etmişdir. Bu dövr ərzində iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritet olmuş, neft gəlirlərinin dayanıqlı inkişaf məqsədləri üçün istifadəsi təmin edilmişdir. Azərbaycanın enerji sahəsindəki uğurları, xüsusilə "Əsrin müqaviləsi" əsasında formalaşan enerji strategiyası ölkəni yalnız regionda deyil, həm də dünya miqyasında etibarlı enerji tərəfdaşına çevirmişdir. Cənub Qaz Dəhlizi çərçivəsində TANAP və TAP kimi layihələr Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirmişdir.
Bu dövrdə həyata keçirilən regional inkişaf proqramları nəticəsində müasir infrastrukturun qurulması, yolların, körpülərin, xəstəxanaların, məktəblərin və digər sosial obyektlərin tikilməsi əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizədək azaldılması və işsizlik səviyyəsinin aşağı salınması Prezident İlham Əliyevin sosial siyasətinin uğurlu nəticəsidir. Azərbaycan, həmçinin ictimai-siyasi sabitlik baxımından mühüm uğurlar əldə etmiş, bu da ölkənin inkişafının əsas sütunlarından biri olmuşdur. Dövlət başçısının uzaqgörən siyasəti və xalqla qarşılıqlı etimadı, həmçinin sabit bir mühitin yaradılması daxili və xarici təhdidlərin qarşısını almağa imkan vermişdir.
Beynəlxalq arenada Azərbaycan müstəqil siyasəti ilə seçilir. Qoşulmama Hərəkatına sədrlik çərçivəsində ölkəmizin pandemiya dövründə göstərdiyi qlobal həmrəylik nümunəsi Azərbaycanı beynəlxalq aləmdə daha da tanıtmışdır. Azərbaycanın müasir dövrdə beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, həmçinin COP29 və digər mötəbər konfransların keçirilməsi ölkəmizin dünya miqyasında imicini daha da möhkəmləndirmişdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində Azərbaycan son 21 ildə sabitlik və inkişaf modeli kimi dünya səviyyəsində nüfuz qazanan bir dövlətə çevrilmişdir.
- 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası tam təmin edilmişdir. Tarixi Zəfər salnaməsinin yazıldığı bu dövrü necə təhlil edirsiniz?
- 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmuşdur. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi nümayiş etdirdiyi qətiyyətli liderlik missiyası xalqımızın tarixi Qələbəsini təmin etmişdir. Müharibə öncəsi diplomatik arenada Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi, güclü ordu quruculuğu, beynəlxalq dəstəyin təmin edilməsi və xalqın vahid məqsəd ətrafında birləşdirilməsi dövlətimizin başçısının uzaqgörən siyasətinin uğurlu nəticəsi idi. Müharibə dövründə cənab İlham Əliyevin dünya liderləri ilə apardığı danışıqlar, beynəlxalq təşkilatlara verdiyi müsahibələr və məlumatların düzgün istiqamətdə çatdırılması ilə informasiya savaşında da mühüm uğurlar əldə edilmişdir. Onun "Qarabağ Azərbaycandır!" ifadəsi xalqın milli birliyinin simvoluna çevrilmişdir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə Azərbaycanın hərbi üstünlüyü, ordumuzun misilsiz qəhrəmanlığı və xalqın birliyi sayəsində Ermənistan ordusu ağır məğlubiyyətə uğradılmış və tamamilə darmadağın edilmişdir. Azərbaycan Silahlı Qüvvələri müasir döyüş taktikaları və yüksək peşəkarlığı ilə düşmənə qətiyyətli zərbələr endirmiş, eyni zamanda, xalqın dəstəyi və qətiyyəti, Vətənə olan bağlılığı bu mübarizənin Qələbəyə aparan əsas amilləri olmuşdur. Bu uğur yalnız hərbi Zəfər deyil, həm də xalqın birliyinin, əzminin və dövlətin gücünün təzahürü idi.
Ali Baş Komandanın iradəsi ilə 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri isə Ermənistanın separatçı rejiminin qalıqlarını tamamilə aradan qaldırmışdır. Beləliklə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin edilmişdir. Bu hadisələr həm də bölgədə sabitlik və təhlükəsizlik üçün yeni reallıqlar yaratmışdır.
- Postmüharibə dövrü Azərbaycan üçün həm geniş perspektivlər, həm də yeni çağırışlarla müşayiət olunur...
- Bu perspektivlər, xüsusilə azad edilmiş ərazilərin bərpası, regional sabitliyin təmin edilməsi və iqtisadi inkişaf sahəsində böyük imkanlar yaradır. Ərazi bütövlüyünün təmin olunması ilə bağlı əsas çağırışlardan biri Qarabağ və Şərqi Zəngəzurun sürətlə bərpa edilməsi və yenidən qurulmasıdır. Şəhər və kəndlərin abadlaşdırılması, beynəlxalq standartlara uyğun "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, müasir infrastrukturların yaradılması Azərbaycanın regionda dayanıqlı inkişaf siyasətini əks etdirir. Bu işlər çərçivəsində azad edilmiş ərazilərdə bütün şəhər və kəndlərin sürətlə inşası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması mühüm prioritetlərdəndir. Bu proses yalnız infrastrukturların, yolların, körpülərin və binaların inşası ilə məhdudlaşmır, eyni zamanda, yerli əhalinin geri qayıtması üçün sosial şəraitin yaradılması, mədəniyyət və tarixi irsin qorunması da önəmlidir. Yeni infrastruktur layihələri bölgənin iqtisadi inkişafına səbəb olacaq və Azərbaycanın region dövlətləri ilə iqtisadi əlaqələrini möhkəmləndirəcəkdir. Həmçinin, beynəlxalq investorları cəlb etmək və bu ərazilərdə mövcud olan təbii resursları səmərəli istifadə etmək üçün strateji addımlar atılır.
Regional sabitlik məsələsi də Azərbaycanın qarşısında duran əsas çağırışlardandır. Ermənistanla uzunmüddətli sülhün təmin edilməsi və sərhəd bölgələrində davamlı sülhün qorunması regional sabitliyin təməlini qoyacaqdır. Bununla yanaşı, Azərbaycan ayrı-ayrı dövlətlərlə əməkdaşlıq əlaqələrini daha da gücləndirərək regional inteqrasiyaya töhfə verir. Bu, yalnız iqtisadi faydalarla deyil, həm də təhlükəsizlik məsələləri ilə bağlı strateji əhəmiyyət kəsb edir.
Azərbaycan qeyri-neft sektorunun şaxələndirilməsi və iqtisadiyyatın daha dayanıqlı vəziyyətə gətirilməsi üçün mühüm addımlar atır. Dövlətin iqtisadi siyasəti bərpa olunan enerji mənbələri, aqrar sektor, turizm və informasiya texnologiyaları kimi sahələrə fokuslanır. Bundan əlavə, xarici ticarət əlaqələrinin genişləndirilməsi və yeni bazarların açılması ölkənin qlobal iqtisadiyyatda mövqeyini daha da gücləndirəcəkdir.
Bu çağırışlar Azərbaycanın uzunmüddətli inkişafı və beynəlxalq arenada mövqeyinin daha da gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Postmüharibə dövründə əldə edilən bu perspektivlər yaxın gələcəkdə ölkənin iqtisadi, siyasi və sosial sahələrdəki gücünü artıracaq və Azərbaycanın dünya iqtisadiyyatında fəal iştirakını təmin edəcəkdir.
- Qərbin Ermənistanı kütləvi şəkildə silahlandırması və bu dövlətin qeyri-konstruktiv mövqeyi sülh danışıqlarına necə təsir göstərir?
- Qərbin Ermənistanı kütləvi şəkildə silahlandırması Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi prosesinə ciddi təsir göstərir və regionda gərginliyin artmasına yol açır. Ermənistanın hərbi arsenalını genişləndirməsi yalnız tərəflər arasında etimadın azalmasına deyil, bütövlükdə regionda sabitliyin pozulmasına səbəb olur. Bu amillər Ermənistanın sülhə və Qarabağ məsələsinin diplomatik həllinə dair mövqeyini şübhə altına alır. Nəticədə, mövcud vəziyyət regional təhlükəsizlik mühitini daha da gərginləşdirir və sülhün əldə edilməsi üçün vacib olan qarşılıqlı etimadı zəiflədir.
Prezident İlham Əliyev 17 dekabrda Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə bu mövzu ilə bağlı qeyd edib ki, biz bacardığımız qədər Ermənistanda baş verənləri izləyirik: "Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir..."
Ermənistanın sülh prosesinə dair qeyri-konstruktiv yanaşması regional sabitliyi təhdid etməklə, eyni zamanda, beynəlxalq hüquqi prinsiplərə ziddir. Bu silahlanma dünya ictimaiyyəti tərəfindən sülh danışıqlarına maneə kimi dəyərləndirilir.
Azərbaycan beynəlxalq hüququn qorunmasına və regional sabitliyin təmin olunmasına yönəlmiş mövqeyini hər zaman qətiyyətlə bildirir. Dövlətimizin ərazi bütövlüyü və suverenliyinin qorunması milli maraqlar və təhlükəsizlik kontekstində ən vacib prinsiplərdən biridir. Ermənistanın destruktiv hərəkətləri və bu fəaliyyətin bəzi Qərb dairələri tərəfindən dəstəklənməsi yalnız regionda deyil, qlobal səviyyədə də gərginliyin artmasına yol açır.
Azərbaycanın obyektiv prinsiplərə əsaslanan yanaşması Ermənistanın qeyri-konstruktiv addımlarına qarşı mübarizənin ardıcıl və qətiyyətli şəkildə aparılmasını təmin edir. Bu yanaşma yalnız regionda deyil, beynəlxalq aləmdə də geniş əks-səda doğurur. Dövlətimizin praqmatik və uzaqgörən xarici siyasəti Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə əməkdaşlıq platformalarının yaradılmasına və beynəlxalq hüquq prinsiplərinə sadiqliyin möhkəmlənməsinə mühüm töhfə verir.