Ailə institutunun mədəni dayaqlarının gücləndirilməsi strateji əhəmiyyət daşıyır- ÖZƏL
12:55 Sosial"Cəmiyyətin mənəvi dayanıqlığı təsadüfi formalaşmır. Bu amillər uzun illər ərzində formalaşan dəyərlər sisteminin, mədəni ənənələrin və nəsillərarası ötürülən məsuliyyət anlayışının nəticəsidir. Həmin sistemin təməlində isə ailə dayanır". "Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib: "Ailə cəmiyyətin ilkin və ən təsirli institutudur. Çünki burada hər bir insanın xarakteri formalaşır, dünyagörüşü müəyyən edilir və vətəndaş mövqeyi bərqərar olur. Bu gün ailə institutunun mədəni dayaqlarının gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Çünki ailə daxilində formalaşan münasibət sonradan ictimai münasibətlərin strukturuna çevrilir. Əgər ailədə hörmət, dialoq və qarşılıqlı anlayış mövcuddursa, cəmiyyətdə də sosial harmoniya möhkəmlənir. Unutmamalıyıq ki, gələcək nəsillərin xarakteri yaratdığı mühitlə müəyyən olunur. Sağlam ailə yalnız fərdi xoşbəxtlik deyil, milli dayanıqlılıq deməkdir. Güclü ailə modeli güclü cəmiyyətin və dövlətin əsasını təşkil edir"