Risklərdən xəbəri olmayan təcrübəsiz kadrlar- ÖZƏL
18 Fevral 11:00 SosialTƏBİB Sədrinin vəzifədən azad olunması və son dövrlərdəki kadr dəyişikləri ilə bağlı suallara cavab vermirəm və ümumiyyətlə gedən kadrın arxasınca danışmağı etik hesab etmirəm. Bu mənim prinsipial mövqeyimdir. Dövlət sektorunda kadr vəzifədə (cəmiyyət, Milli Məclis, ayrı-ayrı ekspertlər, mütəxəssislər və sair tərəfindən) olarkən tənqid olunar və ya təriflənər, AR Hesablama Palatası və ya Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlama ilə peşəkar qiymət verilər, işdən getdikdən sonra isə fəaliyyətində cinayət tərkibi varsa bu qurumların təqdimatları (həmçinin Milli Məclis) əsasında hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiyməti verilər. Yanaşmam budur.
İndiyə qədər isə fərdi deyil, sistemli yanaşma ilə dəfələrlə dövlət sektorunda ayrı-ayrı qurum rəhbərlərinin kadr məsələlərində buraxdıqları səhvlər haqqında (təəssüf ki, bu xəstəliklər özəl sektora da keçərək dərinləşib) fikirlərimi yazılarımda və çıxışlarımda bölüşmüşəm.
Konkret olaraq, məsələ həm kadrdadır, həm də deyildir. Bu nə deməkdir? Bir qurumda rəhbər kadr nə qədər yaxşı sistem qura bilərsə, özü üçün də rahat və işlək mexanizm qazanar. Qurduğu doğru sistem yanlış insanları kənara atar. Nəzərə alaq ki, yanlış sistem də doğru insanları kənara atar. Deməli, məsələ kadrdan ona görə asılıdır ki, rəhbərlik etdiyi qurumda doğru sistemi qura bilsin. Bundan sonra isə kadrdan ona görə minimum asılı olur ki, doğru sistemdə həmin kadrın özü də səhvə yol verdikdə sistem həyəcan siqnalı çalır. Yəni, kadr özü fəlakətə getdiyini vaxtında anlayır və işlərində düzəlişlərə yol verir.
Doğru sistem nədir? Çox uzun və dərin məsələdir. Amma bir tərəfini qeyd edəcəm. Doğru sistemin öz-özünü tənzimləmə və ya lazım olduqda yanlış prosesləri dayandırma mexanizmləri olur. Avtomobildəki əyləc, ABS, ESP sistemləri kimi... O zaman sual olunur? Hansı dövlət qurumu risklərin idarə edilməsi sistemini qurmaqda maraqlıdır? Hətta bu sistemin qurulması üçün Ölkə Prezidentinin siyasi iradə nümayiş etdirməyinə baxmayaraq... Düz 3 ay öncə, Ölkə Prezidentinin 17 NOYABR 2025-CI IL TARIXLI FƏRMANI ilə yeni Nümunəvi Əsasnamə təsdiqləndi. Orada dövlət qurumlarında risklərin idarə edilməsinin təşkili məsələləri də öz əksini tapmışdı. HƏMIN FƏRMANIN ICRASI DÖVLƏT QURUMLARINDA HANSI VƏZIYYƏTDƏDIR? HAZIRDA ICRA VƏZIYYƏTI 3 AYDA OLMALI OLDUĞU SƏVIYYƏNIN NEÇƏ FAİZİNİ ƏHATƏ EDİR? Resurs iqtisadiyyatlarını və bir sıra ölkələrin iqtisadi təcrübələrini öyrənən bir iqtisadçı kimi əminəm ki, öz qurumunda öz tabeliyində olan işçisinə hər hansı datanı toplamağa, təhlil etməyə laqeyd yanaşan, hər hansı datanın, risk nöqtələrinin hesabını verə bilməyən qurum rəhbəri əvvəl-axır daha ağır hesabatı digər quruma verməli olacaq. İstər beynəlxalq, istərsə də yerli təcrübələr göstərir ki, vaxtında özünə hesabat vermək istəməyən qurum rəhbərinin də bu halda (başqa quruma hesabat verərkən) vəziyyətdən üzüağ çıxmasının ehtimalı minimumdur...
Qeyd olunanları və son 1 ildir dövlət və özəl sektorlarda əmək bazarındakı mövcud dinamika və vəziyyəti müəyyən səbəblərdən daha yaxından və dərindən izləyən biri kimi qərara gəldim ki, əgər dövlət qurumları sadəcə olaraq, Ölkə Prezidentinin imzaladığı Fərmana baxmayaraq risklərin idarə edilməsi mexanizmini qurmaqda çətinlik çəkirlərsə, o halda "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə Ölkə Prezidentinin səsləndirdiyi fundamental fikirlər, verdiyi uzun müddətə hesablanmış və icrası yüksək peşəkarlıq tələb edən tapşırıqlar nə dərəcədə həzm olunaraq formal deyil, ölkə iqtisadiyyatında səmərəli rol oynaya biləcək bir şəkildə icra olunacağı ilə bağlı optimist düşüncələrə çox yer yoxdur.
Səmimi olaraq deyirəm ki, həmin müşavirədə səslənən fikirlər, verilən tapşırıqlar və qoyulan vəzifələr yerinə yetirilərsə, ölkə iqtisadiyyatında yeni bir mərhələ başlayar. Amma, görünən odur ki, həmin müşavirədəki məsələləri biz 2026-cı ildə deyil, 2035-ci ildə daha dərindən mənimsəməyə başlayacağıq. Ya da, yəqin ki, qonşu ölkələr daxil olmaqla bir sıra ölkələrdəki tətbiqləri gördükdən sonra kaş ki, biz də 2026-cı ildə bu məsələlərin icrasında daha həvəsli və peşəkar davranmağa çalışsaydıq deyəcəyik..
Həmin müşavirənin əsas məqsədi vahid data reyestrləri ilə data mərkəzləri və süni intellektlə bağlı hər bir qurumun əhatəli və dərin bir VIZYON formalaşdırması, həmin vizyonu gerçəkləşdirmək üçün düzgün STRATEGIYA müəyyən etməsi və o Strategiyanı tamamlayan TAKTIKAların dəqiqləşdirib həyata keçirməsi üçün tədbirlər görməsinə nail olmaqdır.
Haqsızlıq etməmək üçün hamısını demirəm, qeyd olunan Müşavirə və orada səsləndirilən fikirləri şərh edən açıqlamalar və rəylərin 90%-i fraqmental, dar çərçivəli və günü xilas etmək, bu il bunu edərik, gələn ilə Allah Kərimdir düşüncəsi ilə olan yanaşmalardır. Arayış: Bəlkə də bu düşüncə tərzi daha doğrudur. Ən azı fərqli düşüncələrinlə qıcıq toplamırsan, öz yerində olmayanlar üçün təhdid kimi görünmürsən, isti yerlərini soyuq etmə riski olduğunu düşünərək özlərini sığortalamağa çalışanlar tərəfindən peşəkar kadrlara qarşı hər gün, hər həftə, hər ay tikilən torbaların şahidi olmursan və sair..
Xüsusilə xarici siyasət və enerji siyasətində atılan addımları alqışlamaq, uğurlar haqqında danışmağa nə var ki? Çox rahatdır. Əsas məsələ, verilən tapşırıqları düzgün yerinə yetirmək, yeni fikirlər istehsal etmək, yenilikləri tətbiq etməyə həvəsli və qadir olmaq, öz qurumunda fəaliyyətinin başlanğıc fazasında həvəslə formalaşdırdığın kadr siyasətinin orta və uzun müddətdə əsirinə çevrilməmək və zərərlərini görməməkdir.
Arayış: Risklərdən xəbəri olmayan təcrübəsiz kadrların risklərin idarə edilməsi ilə məşğul olmağa çalışması və bu sahədəki mövcud vəziyyət səbəbindən təəssüf ki, risklərin idarə edilməsi formal xarakterli görünür və ölkəmizdə bir az da gözdən düşüb. Özəl sektorumuzda da vəziyyət yaxşı deyil. Amma nəzərə alaq ki, dünyada vəziyyət əksinədir. Bu sahə getdikcə dərinləşir və dəyəri anlaşılır, dərk olunur. Riskyönümlü idarəetmə istisnasız olaraq bütün sahələr üçün ən prioritet məsələdir.
Yekunlaşdırsaq, bəlkə TƏBİB rəhbəri və ya hazırda fəaliyyətdə olan hər hansı bir rəhbər işçi nəsə etmək istəyib və ya istəyib, doğru işləməyə çalışıb və ya çalışır. Amma doğru sistem qurmadığı, doğru kadrlar (doğru kadr təkcə xarici təhsil adı altında 6-12-24 aylıq xarici proqramlarda və ya lap elə xarici universitetlərdə təhsil alanlar demək deyil. Doğru kadr peşəkar, təcrübəli və ən əsası dürüst, vicdanlı kadrdır. Bunu mən demirəm, bunu dünyanı idarə edən böyük korporasiyaların rəhbərləri öz korporasiyalarındakı kadr siyasətlərindən danışarkən deyirlər) seçmədiyi üçün özünü də, rəhbərlik etdiyi qurumu da, dövlətin siyasətini də uçuruma apardığı üçün hər bir halda günahkar olur..."
Elman Sadıqov
İqtisadçı ekspert