Folklorşünas alim: Yalançı çərşənbə Novruz öncəsi keçid mərhələsini təmsil edir
12:11 SosialNovruz mərasim kompleksi türk xalqlarının təqvim-mifoloji sistemində kosmik yenilənmə modelini əks etdirən arxaik strukturlardan biridir. Bu sistem daxilində "yalançı çərşənbə" keçid mərhələsi kimi çıxış edir və ritual zamanın liminal fazasını, yəni qışdan yaza keçidin sərhəd xəttini təmsil edir. Mifoloji zaman modelində yenilənmə prosesi birbaşa deyil, mərhələli şəkildə gerçəkləşir. Azərbaycanda da bu dövr xüsusi mərhələ kimi qeyd olunur: kiçik çillə və yalançı çərşənbə. Kiçik çillə qışın son dövrünü, yalançı çərşənbə isə yazın ilkin impulslarını simvolizə edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, folklorşünas Könül Həsənova bildirib.
Onun sözlərinə görə, bu, sadəcə fəsil dəyişikliyi deyil, proses həm təbiətin oyanışında, həm də insan biokimyası, psixologiyası və sosial davranışında özünü göstərir.
"Bu yanaşmaya əsasən, yalançı çərşənbə Novruz öncəsi xaosdan kosmosa keçidin ilkin mərhələsini təmsil edir. Struktur baxımından ikili oppozisiyaların, yəni qışdan yaza keçidin gərgin nöqtəsi və etnoqrafik baxımdan isə hazırlıq mərhələsi funksiyasını daşıyır. Kiçik çillə qışın ən sərt, lakin ən qısa dövrü olub, yanvarın 31- dən fevralın 20-dək davam edir. Bu çillənin on günlüyündə Xıdır Nəbi bayramı və sonunda yalançı çərşənbə qeyd olunur", - deyə folklorşünas vurğulayıb.
Könül Həsənova qeyd edib ki, yalançı çərşənbənin adları daha çox şifahi folklor mühitində formalaşıb və bölgədən-bölgəyə dəyişir: "Məsələn, "yalançı yaz" - yazın gəldiyini düşündürən, lakin qayıdan soyuqlarla "aldadan" dövr kimi qəbul olunur. "Aldadıcı çərşənbə" - havanın qeyri-sabitliyinə görə işlədilir. "Boz çərşənbə" bəzi bölgələrdə qışın boz, solğun mənzərəsi ilə əlaqələndirilir. "Yazın nəfəsi" daha poetik ifadə kimi yazın ilkin işartısı mənasını verir. "Sınaq çərşənbəsi" qışın son gücünü göstərdiyi mərhələ kimi yozulur. "Qarı nənənin çilləsi" aldadıcı istidən sonra qəfil şaxtaların gəlməsini bildirir. "Əvvəlki çərşənbə" və ya "ilkin çərşənbə" isə dörd əsas ünsür- su, od, yel, torpaq çərşənbəsindən əvvəl gəldiyini ifadə edir".
Folklorşünasın sözlərinə görə, yalançı çərşənbə kontekstində formalaşmış xalq deyimləri də mövsümi iqlim dəyişkənliyinin empirik müşahidəsinə əsaslanır və "aldadıcı yaz" anlayışı ətrafında semantik məna qazanır. Məsələn, "yalançı çərşənbəyə aldanan yazı tez itirər", " yalançı çərşənbənin ömrü vədəsiz olar", "yalançı çərşənbə güldürər, sonra üşüdər", "yalançı çərşənbədə tonqalın alovu zəif olar" kimi deyimlər də məhz bu dəyişkənliyi ifadə edir.
"Göründüyü kimi, Yalançı çərşənbə Novruzöncəsi mərasim strukturunda simvolik xarakter daşıyır və sistemli ritual kompleksi ilə müşayiət olunmur. Yalançı çərşənbə - yazın pıçıltısı, qışın isə iniltisidir", - deyə o sözlərinə yekun vurub.