Şəffaf qiymət tələbi gündəmdə: Restoran mədəniyyəti, yoxsa hesab tələsi?
18:28 SosialSon illər ictimai iaşə obyektlərində - restoran və kafelərdə tətbiq olunan qiymət siyasəti cəmiyyətdə ciddi narazılıq doğurur. Müştəri menyuda gördüyü qiymətə əsaslanaraq sifariş verdiyini düşünsə də, hesab gəldikdə "servis haqqı", "depozit", "canlı musiqi ödənişi", "masa xidməti", hətta bəzən izahı belə verilməyən əlavə məbləğlərlə üz-üzə qalır. Bu isə istehlakçının gözləntisi ilə real ödəniş arasında ciddi fərq yaradır və haqlı suallar doğurur: Müştəri razılığı olmadan əlavə ödəniş tələb etmək nə dərəcədə qanunidir? Qiymətin şəffaflığı harada qalır?
Məhz bu narazılıqlar fonunda restoran və kafelərdə müxtəlif adlar altında alınan əlavə ödənişlərin qadağan edilməsi məsələsi gündəmə gətirilib. İstehlakçı hüquqlarının qorunmasını hədəfləyən bu təşəbbüsün əsas məqsədi bazarda qeyri-şəffaf qiymət siyasətinin qarşısını almaq, müştərini fakt qarşısında qoyan praktikalara son verməkdir. Çünki mövcud vəziyyətdə bir çox iaşə obyekti xidmətin real dəyərini əvvəlcədən açıq şəkildə bildirmir, əlavə ödənişləri isə ya xırda şriftlərlə menyunun küncündə, ya da ümumiyyətlə şifahi formada əsaslandırmağa çalışır.
Ekspertlərin fikrincə, menyuda göstərilməyən və ya məcburi xarakter daşıyan bu cür ödənişlər istehlakçı hüquqlarının pozulması ilə yanaşı, azad rəqabət prinsiplərinə də ziddir. Azad bazar şəraitində müştəri seçim edərkən qiymət, xidmət və keyfiyyət barədə tam və dürüst məlumata malik olmalıdır. Əlavə ödənişlərin gizli saxlanılması isə bu seçimi manipulyasiya edir, istehlakçını aldadır və bazarda sağlam rəqabət mühitini pozur. Nəticədə dürüst qiymət siyasəti aparan obyektlər rəqabətdə uduzur, qeyri-şəffaf işləyənlər isə üstünlük qazanır. Digər tərəfdən, "servis haqqı" kimi anlayışların özlüyündə ciddi mübahisə mövzusu olduğu vurğulanır. Bir çox ölkələrdə bu ödəniş könüllü xarakter daşıyır və müştərinin məmnunluq səviyyəsindən asılı olaraq verilir. Azərbaycanda isə əksər hallarda bu məbləğ məcburi şəkildə hesaba əlavə olunur və xidmətin keyfiyyəti ilə heç bir əlaqəsi olmur. Müştəri zəif xidmətdən narazı qalsa belə, həmin ödənişi ödəməyə məcbur qalır ki, bu da sosial ədalət prinsipinə uyğun deyil.
Təklif olunan yeni qaydalar təsdiqlənərsə, iaşə obyektləri yalnız göstərilən məhsulun və faktiki təqdim edilən xidmətin birbaşa qiymətini tələb edə biləcəklər. Yəni müştərinin ödədiyi hər manat aydın, əsaslandırılmış və əvvəlcədən məlum olacaq. Bu dəyişiklik təkcə istehlakçıların maraqlarını qorumaqla kifayətlənməyəcək, eyni zamanda bazarda şəffaflığın artmasına, xidmət keyfiyyətinin yüksəlməsinə və sağlam rəqabət mühitinin formalaşmasına təkan verəcək. Məsələ ondadır ki, restoran mədəniyyəti təkcə dadlı yeməklə deyil, dürüst münasibət və açıq qiymət siyasəti ilə ölçülür.
Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Olaylar.az-a danışıb. İqtisadçı bildirib ki, ümumiyyətlə, menyular hazırlanarkən konkret olaraq hər bir yeməyin tərkibində istifadə olunan bütün ingredientlər, servis və xidmət xərcləri, kommunal ödənişlər - işıq, su və digər məsrəflər nəzərə alınır. Bütün bu xərclər hesablanıb toplanır, üzərinə təxminən 10-15 faiz mənfəət əlavə olunur və yekun qiymət formalaşdırılır. Yəni normal şəraitdə menyu qiymətləri məhz bu prinsiplə müəyyən edilir. Lakin bir çox hallarda, bəzi restoranlarda əlavə "servis haqqı" və ya "xidmət haqqı" adı altında ödənişlər tətbiq olunur. Bu ödənişlər adətən menyuya daxil edilir, lakin xırda şriftlərlə qeyd olunur və ya müştəri yalnız hesabın ödənişi zamanı bunun fərqinə varır. Bəzi hallarda isə restorana daxil olmamışdan əvvəl müəyyən depozit tələbi qoyulur. Bu cür praktika xüsusilə müştərisi çox olan, özünü "elit" kimi təqdim edən iaşə obyektlərində daha çox rast gəlinir.
"İstehlakçı hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində "qeyri-şəffaf ödənişlərin həyata keçirilməsi" anlayışı mövcuddur və qeyri-şəffaf qiymət tətbiqi ilə bağlı müvafiq maddə var. Ancaq, bu anlayış konkret şəkildə açıqlanmır. Belə ümumi ifadələr müxtəlif formalarda şərh oluna bilər. Sahibkara sual verəndə ki, niyə bu əlavə ödənişi tətbiq edirsiniz, o cavab verə bilər ki, qeyri-şəffaflıq yoxdur, servis haqqı menyuya daxil edilməyib, ayrıca hesablanır. Nəticə etibarilə, hazırkı vəziyyətdə qanunla açıq şəkildə qadağan olunmayan heç bir məsələ qanunsuz hesab edilmir. "Qeyri-şəffaf ödənişlərin tətbiqi" ifadəsi bu müzakirə etdiyimiz məsələləri tam şəkildə tənzimləmir və sahibkarlar konkret məsuliyyət daşımırlar. Məsələn, Türkiyədə müvafiq sahə üzrə qanunvericiliyə xüsusi dəyişikliklər edilib və servis haqlarının, depozitlərin alınması birbaşa qadağan olunub. Azərbaycanda da bu məsələyə qanunvericilik səviyyəsində konkret aydınlıq gətirilsə, yəni servis haqqı, depozit və bu kimi əlavə ödənişlərin tətbiqi açıq şəkildə tənzimlənsə və ya qadağan edilsə, düşünürəm ki, iaşə sektorunda qiymət siyasəti ilə bağlı daha böyük şəffaflıq təmin oluna bilər. Bu da həm istehlakçıların hüquqlarının qorunmasına, həm də sağlam rəqabət mühitinin formalaşmasına ciddi töhfə verər", - deyə ekspert qeyd edib.
Lamiyə Cəbrayılova