Sosial şəbəkələrdə canlı yayımlar: yardım və manipulyasiya
22:00 SosialSon dövrlərdə sosial şəbəkələr yalnız əyləncə və informasiya mənbəyi olmaqla kifayətlənmir. Onlar artıq insanların gündəlik həyatına birbaşa təsir edən, düşüncə və davranışlarını formalaşdıran platformalara çevrilib. Xüsusilə TikTok və İnstagram kimi tətbiqlərdə canlı yayımların populyarlığı diqqət çəkir-insanlar real vaxtda izləyicilərlə ünsiyyət qurur, onların reaksiyalarını görür və bəzən hətta yardımlaşma məqsədilə böyük kampaniyalar həyata keçirirlər. Düşünürəm ki, bu canlı yayımlar yalnız bir əyləncə vasitəsi deyil, həm də ciddi sosial və iqtisadi təsir gücünə malik platformadır. Maraqlısı budur ki, bəzi yayımları 50 mindən çox insan izləyir ki, bu da böyük bir kütlənin eyni anda iştirakını və təsirini göstərir. Bu həm izləyici üçün bir təcrübə, həm də yayımlayan şəxs üçün məsuliyyət deməkdir. Məncə, burada əsas sual yaranır: canlı yayımların əsas məqsədi nədir? Insanlara yardım etmək, sosial təsir göstərmək, yoxsa izləyici sayını artırmaq, şəxsi marka yaratmaq və gəlir qazanmaq da rol oynayır?
Canlı yayımların yaratdığı emosional təsir olduqca güclüdür. İnsanlar bir yayımı izləyərkən yalnız əylənmir, həm də həmrəyliyin, yardımlaşmanın və cəmiyyətin diqqətini çəkən məsələlərin birbaşa iştirakçısına çevrilir. Lakin bu platformalarda yayımın izləyici bazası yalnız gənclər və yetkin şəxslərdən ibarət deyil-uşaqlar da iştirak edir. Hətta valideynlərin yanında olan uşaqlar da canlı yayım zamanı müəyyən mövzulara, ifadələrə və şərhlərə məruz qala bilər. Bəzən etik olmayan ifadələr, kobud şərhlər uşaqlar üçün uyğunsuz ola bilər və onların davranış və düşüncələrinə təsir edə bilər. Bu səbəbdən yayımları aparan şəxslərin məsuliyyətli və etik davranış prinsiplərinə riayət etməsi, izləyicilər, xüsusilə də uşaqlar üçün təhlükəsiz və faydalı mühit yaratması son dərəcə vacibdir. Canlı yayımlarda bəzən yardım adı altında açılan yayımların məqsədi qarışıq olur: əsas motiv sosial dəstək və yardımlaşma olsa da, çox hallarda şəxsi mənfəət, izləyici sayını artırmaq və gəlir qazanmaq ön plana çıxır. Bu, izləyicilərin etibarının sarsılmasına və sosial dəyərlərin yanlış təsir altında formalaşmasına səbəb ola bilər.

Bu platformalarda formalaşan "virtual sosial təzyiq" cəmiyyətdə hansı nəticələrə gətirib çıxara bilər? Sosial şəbəkələr də canlı yayımların cəmiyyət üzərində sosial və emosional təsirləri haqqında daha ətraflı "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova Olaylar.az-a açıqlama verib:
"Canlı yayımlar artıq sadəcə texniki funksiya deyil, cəmiyyətin emosional ritmini formalaşdıran sosial alətə çevrilib. Canlı yayımlar insanlarda "indi və burada" effekti yaradır. Bu isə iki əsas emosional nəticə doğurur: empatiyanın sürətlənməsi və hadisəni real vaxtda görmək, ağlayan, sevinən, kömək istəyən insanı "ekrandan kənar" deyil, sanki yanımızda hiss etdirməkdir. Bu, emosional reaksiyanı gücləndirir. Məsələnin digər tərəfi emosional yoluxmadır ki, bu da özünü qorxu, həyəcan, kədər və ya coşğu ilə təzahür edir. Bir canlı yayım minlərlə insanın eyni anda eyni emosiyanı yaşamasına səbəb olur. Amma bunun tərs tərəfi də var, belə ki, insanlar daim faciə, mübahisə və ya dramatik yayım izləyirlər, emosional yorğunluq, laqeydlik və ya "mən onsuz da heç nə dəyişə bilmərəm" hissini yaşayırlar. Eyni zamanda canlı yayımlar yardım davranışını impulsiv və vizual hala gətirib çıxarır ki, bu da normaya uyğun deyil. Məsələ ondadır ki, yardım çağırışı həmişə daha tez yayılır, insanlar real ehtiyacı "gözlə görür", bu da inamı artırır. Kiçik məbləğlərlə çoxsaylı dəstək mümkün olur. Lakin yardım bəzən şouya çevrilir, kim nə qədər verdi, kim paylaşdı, bir sözlə, doğrulanmamış ehtiyaclar manipulyasiyaya yol açır. Sanki "hamı yardım edir, mən də etməliyəm" psixologiyası yaranır. Bu artıq könüllülük yox, sosial məcburiyyət olur. Son nəticədə yardım davranışı daxili dəyərdən çox, ictimai görüntüyə çevrilir.
Canlı yayımların yaratdığı virtual sosial təzyiq bir neçə formada özünü göstərir. Paylaşmayanların "həssas deyil" damğası almağa başlayır, fikir bildirməyənlər ittiham olunurlar, emosional olaraq hazır olmayan insanlar reaksiya verməyə məcbur qalırlar. Bu təzyiq formaları insanlarda ikiüzlü empatiyanı hissi yaradır. Onlar hiss etdikləri üçün yox, tənqid olunmamaq üçün reaksiya verirlər, gənclərdə psixoloji gərginlik artır. Eyni hadisəyə fərqli baxanlar arasında sərt qarşıdurmalar yaranır. Cəmiyyət yavaş-yavaş düşünərək reaksiya verməkdən çox, ani emosional mövqe tutmağa alışır. Travmatik görüntülərə həddən artıq məruz qalma reallıqla virtual reaksiya arasındakı sərhədlərin itməsinə gətirib çıxarır.
Canlı yayımlar cəmiyyətə güc də verir, yük də. Məsələ platformalarda deyil, onlardan necə və nə məqsədlə istifadə olunmasındadır. Əgər emosiyanı düşüncə, empatiyanı məsuliyyət, yardımı isə şəffaflıq müşayiət edərsə, bu alət cəmiyyət üçün ciddi fayda yarada bilər. Əks halda isə səssiz yorğunluq və süni həssaslıq formalaşdırar".

Məsələ ilə bağlı media eksperti İsmayıl Rafiqoğlu Olaylar.az-a açıqlama verib. Media eksperti qeyd edib ki sosial mediada, xüsusilə canlı yayımlarda izləyici cəlb etmək və şəxsi brend yaratmaq asanlaşıb, amma toplanan yardımların necə istifadə olunduğu birmənalı deyil və qanun boşluqları yarana yerdə fırıldaq sxemlərinin meydanı genişlənir:
"Sosial mediada, xüsusilə Tiktokda baş verən bəzi proseslər hər birimizi düşündürməlidir. Yayım zamanı əyləncə, şou elementlərini müşahidə edirik. Bəzən yardıma ehtiyacı olan insanlara da ciddi maliyyə dəstəyi təmin edilir. Bloqçuya auditoriya lazımdır, bu kütləni toplamaq üçün hər cür imkandan yararlanmağa hazırdır.
İzləyici kütləsini çoxaltmaq həm reytinq qazandırır, həm də populyarlığı çoxaldır. Biz çox qəribə bir zamanda yaşayırıq, 100 il öncə hətta ən böyük kütləni əhatə eləmək üçün evlərə radioxətləri çəkilirdi. Bu yolla insanlara məlumat çatdırmaq, nəyisə bildirmək olurdu. Bu gün yayım texnologiyaları elə bir formada inkişaf edib ki, hansısa insan canlı yayam da açar, pul da toplayar və birdən yoxa da çıxa bilər.
İzləyici sayını artırmaq, şəxsi brend yaratmaq olduqca asanlaşıb. Sadəcə, bilməlisən hansı auditoriyanı hədəfə alırsan. Maliyyə yardımı ilə bağlı məsələlər bir tərəfdən həm də hüquqi tənzimləmə tələb edən məsələdir. Hansısa bloqçu Tiktokda canlı yayım açaraq pul toplayırsa, bunun nə məqsədlə edildiyi də bəzən anlaşıqlı deyil. "Nə qədər yardım toplanıb", "bu yardımın hansı hissəsi ehtiyacı olan insana yönəlib" kimi sualların birmənalı cavabı da yoxdur. Bunu heç kim yoxlamır, hətta yoxlanılması da çətin məsələdir. Qanun boşluqları yaranan yerdə adətən fırıldaq sxemlərinin meydanı genişlənir".
Beləliklə, canlı yayımlar həm güclü sosial və emosional təsir yaradan platformadır, həm də məsuliyyət tələb edən bir alət. Onlar yardımlaşmanı təşviq edə, insanları bir araya gətirə bilər, amma eyni zamanda emosional manipulyasiya, sosial təzyiq və etik problemlərə yol açır. Əsas məsələ yayımlardan necə istifadə olunmasındadır. Əgər yayımlayanlar və izləyicilər etik prinsiplərə riayət edər, yardımı şəffaf və məqsədyönlü həyata keçirərsə, bu platformalar cəmiyyət üçün faydalı və güclü vasitəyə çevrilə bilər.
Zeynəb Mustafazadə