Paslı qıfıllar, kilidli talelər: Biz dənizi çirkləndiririk, yoxsa öz ruhumuzu?
19:59 SosialSon dövrlərdə Xəzər dənizinin səviyyəsinin nəzərəçarpacaq dərəcədə enməsi təkcə ekoloji və iqtisadi problemləri deyil, eyni zamanda illərlə suyun altında gizlənmiş qəribə və düşündürücü mənzərələri də üzə çıxarıb. Geri çəkilən suların yerində indi saysız-hesabsız məişət tullantıları ilə yanaşı, insan fantaziyasının, qorxularının və inanclarının maddiləşmiş forması olan qıfıllar, yazılı kağızlar və digər anlaşılmaz əşyalar görünür. Bu mənzərə Xəzərin yalnız tullantılarla deyil, həm də mənəvi baxımdan çirkləndirildiyini düşündürür.
İnsanların minilliklər boyu təbiətlə münasibətləri təkcə maddi deyil, həm də mistik və simvolik xarakter daşıyıb. Dənizlər, çaylar, göllər çox zaman yalnız su mənbəyi yox, həm də sirli güclərin məkanı kimi qəbul edilib. Xəzər də bu baxımdan istisna deyil. Qıfılların dənizə atılması, kağızlara yazılan adlar, arzular və qarğışlar bir tərəfdən insanın ümidsizliyinin, digər tərəfdən isə təbiəti problemlərinin həlli üçün qeyri-rasional yollar axtarmasının göstəricisidir. Xəzərin sahillərində indi tez-tez rast gəlinən paslı qıfıllar sanki görünməz bağların fiziki nişanələridir. Onlar təkcə metal parçası deyil, həm də insan düşüncəsinin, niyyətinin və qorxusunun yükünü daşıyır. İnanclara görə qıfıl bir insanın yolunun bağlanması, qismətinin tutulması, xoşbəxtliyinin "kilidlənməsi" rəmzi sayılır. Kimlərsə bu cür üsullarla başqasının taleyinə təsir göstərmək istədiyini düşünür, kimlərsə isə öz ağrısını, qəzəbini və ümidsizliyini dənizin sonsuzluğuna həvalə etməyə çalışır. Bu mənzərə təkcə ekoloji problem deyil, həm də mədəni və mənəvi problemdir. Çünki dənizə atılan bu əşyalarla birlikdə insanlar öz qorxularını, nifrətlərini, qisas hisslərini və yanlış inanclarını da təbiətə ötürürlər. Dəniz isə nə bunları təmizləyə bilir, nə də insanın yerinə düşünə. O, sadəcə hər şeyi yığır və bir gün geri qaytarır - bu gün olduğu kimi. Xəzərin səviyyəsinin enməsi ilə üzə çıxan bu "gizli qat" cəmiyyətin görünməyən tərəflərinə də işıq salır. Bu, insanların hələ də nə qədər mövhumata, xurafata və qeyri-elmi düşüncələrə bağlı olduğunu göstərən səssiz, lakin sarsıdıcı bir tabloya çevrilir. Sahildə gəzərkən ayaqlarımızın altındakı qum deyil artıq - insan talelərinə edilən müdaxilələrin izləridir. Və bu mənzərə qarşısında sual açıq qalır: biz dənizi çirkləndiririk, yoxsa əslində öz vicdanımızı?
Mövzu ilə bağlı ilahiyyatçı Rüfət Qarayev Olaylar.az-a danışıb. İlahiyyatçı bildirib ki, son illər Xəzər dənizinin suyunun azalması təkcə ekoloji problem kimi deyil, eyni zamanda cəmiyyətin mənəvi həyatına işıq salan bir proses kimi də diqqət çəkir. Sizin də vurğuladığınız kimi, Xəzərin suyunun azalması bir çox sirləri üzə çıxarır. Belə ki, bu dənizdən yalnız maddi və mənəvi nemətlər üçün istifadə edən insanlar olmayıb, eyni zamanda bir qrup insan da öz xəbis niyyətlərini həyata keçirmək üçün sehrlənmiş alətləri, cadu məqsədilə istifadə edilən əşyaları Xəzərin qoynunda gizlədiblər. Bu fakt təkcə ətraf mühitin deyil, insan mənəviyyatının da necə zədələndiyini açıq şəkildə göstərir. Əslində dənizlər tarix boyu insan üçün həm ruzi mənbəyi, həm də sirr daşıyıcısı olub. Lakin bu sirrin içində xeyir də var, şər də. Bir tərəfdən insanlar dənizə ruzi, dolanışıq, səfa üçün üz tutublar, digər tərəfdən isə öz pis niyyətlərini, haram əməllərini təbiətin qoynunda gizlətməyə çalışıblar. Xəzərin çəkilməsi ilə üzə çıxan qıfıllar, yazılı kağızlar digər sehr alətləri bu acı həqiqətin canlı sübutudur. İslam dinində isə insanların bir-birinə dua etməsi son dərəcə müsbət, savab və təşviq olunan bir hal hesab olunur. Dua təkcə Allahla bəndə arasında rabitə deyil, həm də insanların bir-birinə qarşı mənəvi məsuliyyətinin göstəricisidir. Biz hamımız bir gəminin sakinləriyik - müsəlmanların salamat olması bizim də salamat olmağımıza vəsilədir. Bir cəmiyyətin üzvləri bir-birinə dua etdikdə, bir-birinin xeyrini istədikdə o cəmiyyətin mənəvi dayaqları möhkəmlənir, sosial harmoniya güclənir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün bir-birinə dua edən insanlar çox azlıq təşkil edir. İnsanlar artıq başqasının sevincinə sevinməkdə, uğuruna dua etməkdə xəsislik edirlər. Əksinə, bir çox hallarda başqasının yüksəlişi paxıllıq, qısqanclıq və gizli narazılıq doğurur. Bu isə insanların mənəvi dünyalarının kasadçılığından, ruhən yoxsullaşmasından xəbər verir. Hətta bu da azmış kimi, insanların uğur əldə etməsi, xoş günlər yaşaması, ailə daxili mehribanlıqları o kimi xəbis insanların ya bədnəzərlərinə, yaxud da yanlış yollara əl ataraq başqalarının hüzurunu və düzənini pozmasına gətirib çıxarır. Yəni artıq bəzi insanlar başqasının xoşbəxtliyini seyr etmək əvəzinə, onu pozmağa, dağıtmağa çalışırlar. Bu isə cəmiyyət üçün təkcə fərdi problem deyil, həm də sosial təhlükədir.
İlahiyyatçı qeyd edib ki, İslam dininə görə cadu və tilsim qəti şəkildə haramdır. Qurani-Kərimdə sehrin, cadunun, qeyb iddiasının və insan taleyinə haram yollarla müdaxilənin ağır günah olduğu açıq şəkildə bildirilir. Həzrəti Məhəmməd (s.ə.s.) cadunu böyük günahlar sırasında göstərmiş, bu əməli edənlərin axirət aqibətinin ağır olacağını xəbər vermişdir. Amma təəssüf ki, bu əməli edən, yaxud da bu kimi əməllərlə ailələr dağıdan insanlar bu gün də az deyil.
Cadu ilə məşğul olanlar bəzən bunu "kömək", "xilas", "sevdirib barışdırma" adı altında təqdim etsələr də, əslində bu, açıq şəkildə insan taleyinə zorakı müdaxilədir. İnsanların azad iradəsinə, ailə münasibətlərinə, ruhi və psixoloji tarazlığına qəsd etməkdir. Allah və Rəsulu caduyla məşğul olan və insanların həyatlarına bu və ya digər üsullarla müdaxilə edən insanları bir mənalı olaraq lənətləyir. Çünki bu, yalnız bir fərdin deyil, bütöv bir ailənin, bəzən isə bütöv bir nəslin taleyini alt-üst edə bilir.
"Cadunun insan həyatında olan təsirinə gəldikdə isə, təəssüf hissi ilə qeyd etməliyəm ki, bəli, onun mənfi təsirləri qaçılmazdır. Psixoloji pozuntular, ailə dağılmaları, izahı çətin olan depressiyalar, əsəbi hallar, səbəbsiz qorxular və hətta fiziki xəstəliklər belə çox vaxt bu kimi mənəvi müdaxilələrin nəticəsi ola bilər. Elmi yanaşmalarla dini baxışlar burada bir nöqtədə kəsişir: insanın ruhi tarazlığı pozulduqda, fiziki sağlamlıq da zərbə alır. Bu kimi təhlükələrdən qurtulmağın yolu isə bütün varlığımızla Allaha sığınmaqdır. Dua, zikr, səmimi iman, halal həyat tərzi, vicdanlı davranış və başqasının haqqına girməmək insanı bu cür mənəvi fəlakətlərdən qoruyan ən möhkəm qaladır. Allahın qoruması olmadan nə fiziki, nə də ruhi təhlükələrdən xilas mümkün deyil", - deyə R. Qarayev vurğulayıb.
İlahiyyatçı qeyd edib ki, cəmiyyət olaraq da bu mövzuya biganə qalmamalıyıq. Maarifləndirmə, dini biliklərin düzgün şəkildə çatdırılması, xurafatla mübarizə və mənəvi dəyərlərin gücləndirilməsi bu sahədə əsas çıxış yoludur. İnsan bilməlidir ki, xoşbəxtliyin yolu başqasının bədbəxtliyi üzərindən keçmir. Əksinə, başqasının sevincinə dua edən insan öz qəlbini də nurlandırmış olur.
Lamiyə Cəbrayılova