ABŞ-də Usmanovanın konserti LƏĞV EDİLDİ - Rubioya təcili müraciət olundu
12:33 DünyaMəşhur özbək müğənnisi Yulduz Usmanovanın Nyu-Yorkda planlaşdırılan konserti Bruklin yəhudi icmasının etirazlarından sonra ləğv edilib.
Musavat.com xəbər verir ki, sənətçi İsrail-Fələstin münaqişəsi ilə bağlı keçmiş çıxışlarına görə antisemitizmdə ittiham olunub.
Daha əvvəl Usmanova İsraili "işğalçı" adlandırmış, Fələstini dəstəkləmiş və İsrail mallarına boykot elan etmişdi.
Yəhudi icmasının nümayəndələri müğənniyə açıq şəkildə üzr istəməyi təklif etsələr də, o, bundan imtina edərək öz baxışlarında qaldığını təsdiqləyib.
Sənətçi məsələ ilə bağlı kəskin mövqe nümayiş etdirib: "Əgər siz, sionistlər, mənim üzr istəyəcəyimi düşünürsünüzsə, çox yanılırsınız".
Usmanovanın sözlərinə görə, ona qarşı aparılan kampaniya ABŞ-nin daxili siyasəti ilə bağlıdır və bu, yalnız onun populyarlığını artırır.
Müğənni yenidən Fələstinə dəstəyini ifadə edərək bildirib: "Bəlkə siz qədim xalqsınız, amma İsrail yeni bir ölkədir. Amerika İsrail deyil. Ona görə də özünüzü buraların sahibi hesab etməyin".
Qalmaqaldan sonra amerikalı fəallar ABŞ dövlət katibi Marko Rubioya müraciət edərək müğənninin vizasının ləğv edilməsini və ölkəyə girişinin qadağan olunmasını tələb ediblər. Baş verənlər fonunda Usmanovanın mayın 11-də Vaşinqtondakı Kennedi Mərkəzində nəzərdə tutulan növbəti konserti də sual altına düşüb.